Mədəniyyət naziri ABŞ və Hindistanın yeni səfirləri ilə görüşüb

 

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergeri qəbul edib.

Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edən nazir bu sahədə geniş imkanların olduğunu bildirib, səfirə fəaliyyətində uğurlar arzulayıb.

 

Amerika guşələrinin fəaliyyəti barədə memorandumun müddəti uzadılacaq

 

Səfir də ikitərəfli əlaqələrdən razılığını bildirərək 2017-ci ilin fevralında Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə mərkəzi kitabxanalarda Amerika guşələrinin yenidən açılmasına dair iki ölkə arasında anlaşma memorandumunun imzalandığını, bu layihənin regionlarda yaşayan azərbaycanlı gənclərin ingilis dilini öyrənməsi, Amerika mədəniyyəti və cəmiyyəti haqqında məlumat alması üçün mükəmməl bir vasitə olduğunu qeyd edib. Diplomat anlaşma memorandumunun müddətinin 2020-ci ilin fevral ayında bitəcəyini xatırladaraq onun yenidən imzalanmasının faydalı olacağını deyib.

Nazir Ə.Qarayev Amerika guşələri layihəsinə böyük önəm verdiyinimemorandumun müddətinin uzadılmasında heç bir maneə olmadığını vurğulayıb.

Söhbət zamanı həmçinin Azərbaycanın mədəniyyət xadimlərinin tez-tez ABŞ-da keçirilən konsertlərdə iştirak etdiyi, eyni zamanda ABŞ sənətçilərinin Bakıda keçirilən caz festivallarında çıxış etdiyi diqqətə çatdırılıb.

Görüşdə iki ölkə arasında muzey sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Sonda nazir bu ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun – 10 iyul tarixlərində keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək ABŞ rəsmilərinin hər iki mötəbər tədbirə dəvət olunduğunu bildirib və qarşı tərəfi tədbirdə fəal iştiraka dəvət edib.

Səfir Örl Litzenberger dəvət üçün təşəkkürünü bildirərək məsələni diqqətdə saxlayacağını deyib.

 

Hindistan Azərbaycanla əməkdaşlıqdan məmnundur

 

Mədəniyyət naziri Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavna ilə də görüşüb.

Nazir səfirə fəaliyyətində uğurlar arzulayaraq Hindistanla mədəniyyət sahəsində mövcud əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyindən əminliyini ifadə edib. Qeyd edilib ki, son illərdə Hindistanda Azərbaycana maraq artıb, Hindistan filmlərinin Azərbaycanda çəkilməsi ilə əlaqədar layihələr həyata keçirilib.

Səfir əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək birgə layihələrin həyata keçirilməsini dəstəklədiyini bildirib.

Əbülfəs Qarayev 2018-ci ilin 11 oktyabr tarixində Dehli şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında 2019-2023-ci illər üzrə Mədəni Mübadilə Proqramı”nın imzalandığını və proqram əsasında Fəaliyyət planının hazırlandığını qeyd edib.

Nazir diplomata Bakıda keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq ForumuUNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək Hindistan rəsmilərinin hər iki mötəbər tədbirə dəvət olunduğunu diqqətə çatdırıb.

Səfir Bavitlunq Vanlalvavna dəvətə görə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.3.