“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanır

 

İşçi qrupu beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Litva və Macarıstanda səfərdə olub

 

Ölkə başçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamında Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla, “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılıb.

Bu məqsədlə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi qrupu yaradılıb.

Konsepsiya ilə bağlı təkliflərini təqdim etmələri məqsədilə ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara nazirlik tərəfindən müvafiq məktublar göndərilib. Təqdim edilən təkliflər müvafiq təşkilatların iştirakı ilə İşçi qrupu tərəfindən müzakirə olunur.

Bundan əlavə, konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün İşçi qrupu yaradılıb. Nazirliyin Aparat rəhbərinin müaviniHüquqdaxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov və “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyevdən ibarət İşçi qrupu ölkəmizin Litva və Macarıstandakı səfirliklərinin dəstəyi ilə sözügedən ölkələrdə səfərlərdə olub, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirib, kinematoqrafiya sahəsində vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələrini təhlil ediblər.

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.3.