Haydı, gənc ifaçılar, səhnə sizindir!

 

 

 

Onlar yəqin ki, bu günü heç vaxt unutmayacaqlar. Bu da bir qaydadır: insan xoş gününü, qələbə sevinci duyduğu günü heç vaxt unutmur. Uşaqların, gənclərin isə yaddaşı daha iti olur.

Aprelin 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən “World Harmony” Beynəlxalq klassikfolklor musiqisi müsabiqəsi qaliblərinin təntənəli qala-konserti və mükafatların təqdim edilməsi mərasimi keçirildi. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, qonaqlar iştirak edirdi.

Mərasim müsabiqədə “Sarı gəlin” rəqsi ilə birinci yeri tutmuş Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Alov” rəqs ansamblının çıxışı ilə başladı.

Qanı coşduran “Cəngi” ruhluBayraqxoreoqrafik kompozisiyasının ifasından sonra Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun müdiri Vüqar Baxışov nazirliyin müsabiqə iştirakçılarına təbrikini çatdırdı.

MDB Humanitar Əməkdaşlıq Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşən sənət yarışının əhəmiyyətini vurğulayan sektor müdiri dedi:  “Azərbaycan Respublikasında uşaq və gənclərə, o cümlədən yaradıcı və istedadlı gənclərə böyük dövlət qayğısı göstərilir. Hazırda ölkəmizdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı reallaşdırılır, 2015-2025-ci illər üzrə Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiq edilib. Bu sənədlərdə gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi, istedadlı və yaradıcı gənclərlə işin daha effektiv və ünvanlı qurulması kimi müddəalar da öz əksini tapıb”.

Diqqətə çatdırıldı ki, 1997-ci ildə gənc istedadlar üçün xüsusi Prezident təqaüdü təsis edilib və indiyədək yüzdən çox gənc istedada bu təqaüd verilib. Ölkəmizdə geniş musiqi və incəsənət məktəbləri şəbəkəsi mövcuddur. Hər il ölkəmizdə musiqi və incəsənət üzrə uşaq və gənclərin müsabiqə, sərgi və festivalları keçirilir. Müəllim və şagirdlər, yaradıcı kollektivlər dövlət dəstəyi ilə müxtəlif beynəlxalq müsabiqə və festivallarda iştirak edirlər: “Təntənəli bağlanış mərasiminə toplaşdığımız “World harmony” müsabiqəsinin də məqsədi gənc istedadların üzə çıxarılması, onlara dövlət qayğısının göstərilməsi, klassikfolklor musiqisinin  təbliği və populyarlaşdırılması, müxtəlif ölkələrin uşaq və gənclərinin dostluq və yaradıcılıq əlaqələrinin qurulmasıdır”.

Sonra Qara Qarayev adına MİM-in direktoru, Əməkdar artist Əziz Qarayusifli  Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov səhnəyə çıxaraq müsabiqə haqqında ürək sözlərini dedilər. Vurğulandı ki, aprelin 2-dən 7-dək davam edən müsabiqədə 10 ölkədən ifaçılar iştirak edib. Çıxış edənlər bu müddətdə dinləmələrdə səbirlə iştirak etmiş və ədalətli qərar çıxarmış beynəlxalq münsiflər heyətinin üzvlərinə minnətdarlıq etdilər. Münsiflərə fəxri fərmanlar təqdim edildi.

Sonra müsabiqə qaliblərinin adları açıqlandı. Münsiflərin qərarı ilə ayrı-ayrı nominasiyalar üzrə beş Qran-pri mükafatı verildi.

Fortepiano üzrə Eldəniz Ələkbərzadə (Azərbaycan), xor sənəti üzrə R.Lagidze adına məktəbin qızlar xoru (Gürcüstan), akademik vokal üzrə Martinas Kinduras (Litva), nəfəs alətləri üzrə Zakir Allahverdili (Azərbaycan), xalq çalğı alətləri üzrə Olesya Staruxina (Belarus), məktəblilər arasında fortepiano üzrə Teo KakabadzeTekla Kuraşidze (Gürcüstan) “World harmonynin Qran-pri mükafatına layiq görüldülər. Həmçinin vokal və müxtəlif alətlərdə ifa üzrə 1-ci yerlərin sahibləri də elan edildi.

Mərasim Qran-pri və 1-ci yer mükafatçılarının qala-konserti ilə başa çatdı.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.1;3.