Balet səhnəmizin unudulmaz sənətkarı

 

 

 

Milli rəqslərimizin mahir ifaçısı, ilk azərbaycanlı balerina, tanınmış baletmeysterpedaqoq, SSRİ Xalq artisti Qəmər Almaszadə bənzərsiz yaradıcılığı ilə yaddaşlarda əbədi iz qoyub. O, Azərbaycan səhnəsinə yeni kolorit, yeni sənət meyarları gətirib. Görkəmli sənətkarı vəfatının 15-ci ildönümü münasibətilə yada saldıq.

Qəmər Hacıağa qızı Almaszadə 10 mart 1915-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Gənc ikən baletlə məşğul olan dostu onda bu sənətə maraq yaradır. Valideynlərindən xəbərsiz balet studiyasına yazılır. Atasına baletlə yox, idmanla məşğul olduğunu bildirir. Sonradan ailəsi onun balerina olması ilə razılaşır.

Qəmər Almaszadə 1930-cu ildə Bakı Xoreoqrafiya Məktəbini bitirir, OperaBalet Teatrında səhnə fəaliyyətinə başlayır. Ancaq həmin dövrdə cəmiyyətimiz qadının səhnədə görünməsini o qədər də asanlıqla qəbul edə bilmirdi. İlk dəfə Reynqold Qlierin “Şahsənəm” operasında ikincidərəcəli rolda çıxış edir, müxtəlif tamaşalarda oynayır.

1933-cü ildə indiki Sankt-Peterburqda Xoreoqrafiya Məktəbinə daxil olur, Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə təhsilini başa vurub Bakıya dönür. Peşəkar milli baletin yaradılması və inkişafında əhəmiyyətli rol oynayan Qəmər xanım həm də müsəlman Şərqində ilk balerina kimi adını incəsənət salnaməmizə yazdırır. Araşdırmalarda göstərilir ki, görkəmli sənətkar yüksək ifaçılıq məharəti sayəsində klassik xoreoqrafiya ənənələri ilə Azərbaycan xalq rəqslərini ahəngdar şəkildə birləşdirərək səhnədə böyük nailiyyətlər qazanıb. Onun böyük həvəslə yaratdığı rollar ifa tərzi və incəliyi ilə seçilir. Q.Almaszadə ilk dəfə olaraq Azərbaycan balet səhnəsinə təbiilik, gözəllik və məlahət gətirib.

Uzun müddət Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının baş baletmeysteri olan Q.Almaszadə SSRİ Xalq artisti Soltan Hacıbəyovun “Gülşən”, R.Qliyerin “Qırmızı lalə”, Pyotr Çaykovskinin “Yatmış gözəl” və s. baletlərini səhnəyə qoyub. O, həmçinin Xalq artisti Əfrasiyab Bədəlbəylinin 1940-cı ildə yazdığı ilk Azərbaycan baleti olan “Qız qalası”nın tərtibatını veribbu tamaşada Gülyanaq partiyasının ilk ifaçısı kimi də tarixə düşüb. Ümumiyyətlə, onun ifasında Medora, Odetta, Odiliya, Maşabaşqa partiyalar son dərəcə gözəl və təsirli alınıb. Onu da qeyd edək ki, balerina OperaBalet Teatrının səhnəsində Leyla Vəkilova, Rəfiqə Axundova, Çingiz Babayev kimi balet ustaları ilə birgə çalışıb və  böyük uğurlara imza atıb. Görkəmli sənətkar yalnız əsərlərə quruluş vermək, balet tamaşalarında çıxış etməklə kifayətlənməyib. Pedaqoq olaraq 1936-cı ildən  ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində dərs deyib, bu sahə üzrə milli kadrların hazırlanmasına böyük əmək sərf edib. Təkrarolunmaz sənətini və yüksək peşəkarlıq səviyyəsini yetirmələrinə ürəklə öyrədib.

Q.Almaszadə Azərbaycan Dövlət Filarmoniyası rəqs ansamblının yaradıcılarındandır. O, 1937-1938-ci illərdə bu ansamblın bədii rəhbəri olub. Əməyi yüksək qiymətləndirilən sənətkar 1959-cu ildə SSRİ Xalq artisti fəxri adına layiq görülüb. Müstəqillik illərində onun Azərbaycan incəsənəti qarşısındakı xidmətləri unudulmayıb. Bu sahənin inkişafına verdiyi mühüm töhfələr nəzərə alınaraq Prezident Heydər Əliyevin fərmanı ilə 1995-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Görkəmli səhnə xadimi respublikamızın hüdudlarından uzaqlarda da tanınıb, sənəti rəğbətlə qarşılanıb. 1970-1971-ci illərdə Bağdada ezam olunan Q.Almaszadə İraq Xalq Rəqsləri Ansamblını yaradıb. O, Fransada, Hindistanda, Nepalda qastrol səfərlərində olub, mədəniyyətimizi layiqincə təmsil edib.

Səhnə, sənət fədaisi 7 aprel 2006-cı ildə, 91 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

 

Savalan FƏRƏCOV

 

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.5.