Gənclər tarixi unutmur

 

Daş Salnamə Muzeyində maarifləndirici aksiya

 

Dövlət Bayrağı meydanı ərazisindəki Daş Salnamə Muzeyində gənclərin iştirakı ilə “31 mart 1918-ci il. Tarixi həqiqətlər, gənclər unutmur” adlı maarifləndirici aksiya və anım mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən aksiya zamanı gənclərin iştirakı ilə canlı instalyasiyalar, soyqırımı ilə bağlı videofilm nümayiş etdirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin və C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbi şagirdlərinin iştirakı ilə musiqili kompozisiya, gənc heykəltəraş və rəssamların əl işləri təqdim edilib.

Eyni zamanda gənc aktyor və tələbələrin iştirakı ilə kiçik pantomima tamaşası nümayiş etdirilib.

Jurnalistlərə müsahibə verən gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərin tariximizi dərindən öyrənmələri, onlarda vətənpərvərlik hislərinin gücləndirilməsi baxımından belə tədbirlərin böyük önəm daşıdığını vurğulayıb.

Nazir müavini, həmçinin gənc nəslin üzərinə mühüm vəzifə düşdüyünü, onların mübariz, təhsilli olmalarının vacibliyini diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2019.- 10 aprel.- S.7.