“Bölgələrdən bölgələrə”
yaradıcılıq festivalı davam edir
Layihənin növbəti ünvanı Ağdaş olub
Mədəniyyət
Nazirliyinin təşəbbüsü ilə keçirilən
“Bölgələrdən bölgələrə”
yaradıcılıq festivalının növbəti
ünvanı Ağdaş olub.
Nazirliyin 15 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirakı ilə keçirilən festival Ağdaş şəhərindəki Heydər Əliyev parkında təşkil olunub.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, regional idarələrin rəisləri, mədəniyyət işçiləri, Ağdaş Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yerli ictimaiyyət iştirak edib.
Festivalın budəfəki proqramı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin (2016) üçüncü ildönümünə həsr olunub. Regional idarələrin özfəaliyyət dərnəklərinin, mədəniyyət işçilərinin, musiqiçilərin ifasında “Azərbaycan”, “Yaşa mənim xalqım”, “Üçrəngli bayrağım” kimi vətənpərvərlik ruhunda, birliyə çağırış mesajı verən mahnılar, “Qarabağ şikəstəsi” səsləndirilib.
Regional mədəniyyət idarələrinin tabeliyində olan şəhər və rayonların sənətkarlarının, yaradıcı insanların əl işləri – dekorativ-tətbiqi sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsmlər, bəzək əşyaları sərgilənib.
Çoxsaylı insanın iştirak etdiyi festivala rəng qatan anlardan biri Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdaş Mədəniyyət Mərkəzinin Kəndirbazlar folklor kollektivinin rəhbəri Məhəmməd Paşayevin kəndir üzərində müxtəlif maraqlı hərəkətlər nümayiş etdirməsi olub.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın regionlarını əhatə etməklə zəngin tarixə və dövlətçilik ənənələrinə malik xalqımızın mədəni irsinin təbliğinə, regionların mədəni potensialının nümayiş etdirilməsinə, bu sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir, şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradır. Habelə bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açır.
Qeyd edək ki,
Mədəniyyət Nazirliyinin iş planına əsasən, “Bölgələrdən
bölgələrə” yaradıcılıq festivalı
respublikamızda ikinci dəfədir keçirilir. Gəncə (28 mart) və Ağstafadan (29 mart)
başlanan festival iki
ay davam edəcək. Növbəti tədbirlərin Kürdəmir,
Saatlı, Neftçala,
Bərdə, Ağcabədi,
Abşeron, Xaçmaz,
Lerik, Masallı, Şəmkir, Balakən və Şamaxıda keçirilməsi planlaşdırılır.
Mədəniyyət.-
2019.- 10 aprel.- S.4.