Maarif ziyası saçan
ədib
Onun maarifçilik ideyalı zəngin yaradıcılığı milli dramaturgiyanın inkişafında mühüm yer tutur. Ölkəmizdə teatrın, mətbuatın formalaşmasında özünəməxsus rol oynayan ədib bütün zamanlarda xatırlanası işlərə imza atıb. Söhbət bu il anadan olmasının 165 ili qeyd edilən Nəcəf bəy Vəzirovdan gedir.
1854-cü ilin aprelində musiqi və sənət beşiyi Şuşada dünyaya göz açan Nəcəf bəy ilk təhsilini şəhərdəki molla məktəbində almışdı. 14 yaşında Bakıya gəlib Realnı gimnaziyanın ikinci sinfinə daxil olur. Gimnaziyanın müəllimi, böyük alim və maarifçi Həsən bəy Zərdabi ilə tanışlığı onun dünyagörüşünün inkişafına mühüm təsir göstərir. Həsən bəyin məsləhəti ilə təbiət elmlərini dərindən öyrənir, eyni zamanda rus klassik yazıçılarının əsərlərini mütaliə edir. Gimnaziyanın son siniflərində oxuyarkən “Əti sənin, sümüyü mənim” və “Qaragünlü” pyeslərini qələmə alır.
Nəcəf bəy Vəzirov H.Zərdabinin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət tarixində ən böyük hadisənin – milli peşəkar teatrın yaradılmasında fəal iştirak edir. Bu barədə öz tərcümeyi-halında yazır: “1873-cü ildə altıncı sinifdə olduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə əsər elədi. Teatrın nə olduğunu başa düşdüm. Sabahı günü gimnaziya müəllimi Həsən bəy Məlikov cənablarına müraciət edərək soruşdum ki, bizim dilimizdə teatr əsərləri, məzhəkə, faciə vardırmı? Həsən bəy Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını tapdı. Bu komediyanı pansionda olan müsəlman şagirdləri ilə bir yerdə oynamaq üçün hazırlamağa başladıq. Hər gün nahardan sonra pansionun nahar otağında hazırlaşırdıq... Tamaşa günü çox adam var idi... Bizim bu teatrımız camaata nəhayət dərəcədə xoş gəldi”.
1874-cü ildə gimnaziyanı uğurla başa vuran N.Vəzirov Moskvada Meşə və Təbiətşünaslıq Akademiyasına daxil olur. 1878-ci ildə təhsilini bitirib Yelizavetpol (Gəncə) quberniyasının Tərtər, daha sonra İrəvan quberniyasının Dilican nahiyələrində meşəbəyi işləyir. Burada apardığı müşahidələrin, ailə-məişət problemlərinin öyrənilməsinin nəticəsi olaraq “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşmançılıq fayda verməz”, “Adı var, özü yox” pyeslərini yazır. Bir müddət sonra Bakıya qayıdır, imtahan verib vəkillik vəsiqəsi alır.
Dramaturq 1896-cı ildə qələmə aldığı “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyur. Əsərin əsas konflikti mürtəce köhnəliklə nisbətən zəif olan mütərəqqi yenilik arasındakı mübarizədir. Birincilərin nümayəndəsi mühafizəkar mülkədar olan Rüstəm bəy, ikincilərin təmsilçisi isə demokratik ruhlu mülkədar ziyalı Fəxrəddin bəydir. Rüstəm bəy özündən gücsüzlərə zülm edən, evlər yıxan bir mülkədardır. Oğlu Rəşidin qətlinə görə Fəxrəddin bəyin atası Heydər bəyi öldürtdürür, anasını döydürür və bacısını zorla evinə gəlin gətirir. Lakin bunlarla onun ürəyi soyumur. Mütərəqqi ideallarla yaşayan Fəxrəddini öldürmək istəyir... Müəllif maarif ziyasından nəsibini almayan, xurafatın əsirinə çevrilənlərin cəmiyyət üçün nə qədər təhlükəli olduğunu göstərir.
N.Vəzirov 1903-cü ildə Bakı Dumasına katib seçilir. Qısa müddətdən sonra isə şəhər Maarif şöbəsi rəisinin müavini təyin edilir. Keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılmasında yaxından iştirak edir. Bakıda nəşr olunan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və digər qəzetlərdə “Dərviş” imzası ilə felyetonlar yazır. Eyni zamanda dram dərnəklərinə rəhbərlik edir, aktyor nəslinin yetişməsi üçün səy göstərir. Bədii yaradıcılığını da davam etdirən müəllif “Nə əkərsən, onu da biçərsən”, “Keçmişdə qaçaqlar”, “Pul düşkünü Hacı Fərəc”, “Pəhləvanani-zəmanə” (“Zəmanəmizin qəhrəmanları”) pyeslərini yazır, cəmiyyəti narahat edən məsələləri diqqət mərkəzinə çəkir. Onu da qeyd edək ki, Nəcəf bəy əsərlərinin qonorarını xeyriyyə cəmiyyətlərinə köçürüb. 1913-cü ildə “Kaspi” qəzetinin müxbiri bu barədə soruşanda belə cavab verir: “Bu mənim prinsipimdir. Hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürəm”.
Nəcəf bəyin ədəbi-ictimai fəaliyyəti qədirbilən insanlar tərəfindən yüksək qiymətləndirilib. 1913-cü ildə Tağıyev teatrında onun ədəbi fəaliyyətinin 40 illiyi təntənəli şəkildə qeyd edilib, hətta “Nəcəf bəy Vəzirov” adlı xüsusi kitabça da nəşr olunub.
Teatrla yaxından əməkdaşlıq edən ədib sovetləşmədən sonra Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1926-cı ildə təcrübə məşğələlərini aparmaq məqsədilə Şamaxıya – Çuxuryurda gedir. İyul ayının 9-da orada ürəktutmasından vəfat edir, Bakıda Fəxri xiyabanda dəfn olunur.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 12
aprel.- S.1;6