Tanınmış musiqişünas alim Babək Qurbanov vəfat edib
Bu günlərdə dünyasını
dəyişən Azərbaycan
Bəstəkarlar İttifaqının
üzvü, fəlsəfə
elmləri doktoru,
professor Babək Osman oğlu Qurbanov tanınmış musiqişünas
alim olmaqla yanaşı, həm də Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı idi.
O, 28 mart
2019-cu il tarixdə uzun müddətdən bəri çalışdığı
Türkiyədə vəfat
edib.
Babək Qurbanov 26 iyun 1939-cu ildə Qazax rayonunda görkəmli şair Osman Sarıvəllinin ailəsində
dünyaya gəlib. Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının Musiqi
nəzəriyyəsi fakültəsində
təhsil alıb.
1967-ci ildə “Musiqi ilə ədəbiyyatın
qarşılıqlı əlaqəsi”
mövzusunda namizədlik
dissertasiyası, 1981-ci ildə
isə Moskvada SSRİ
EA-nın Fəlsəfə
İnstitutunda “Proqramlı
musiqinin estetik prinsipləri” mövzusunda
doktorluq dissertasiyası
müdafiə edib.
B.Qurbanov
Azərbaycanda ilk dəfə
musiqi elmini estetika, sosiologiya ilə sıx uzlaşdırıb və
bu sahədə onlarla monoqrafiya, elmi məqalə yazıb, “Mənəvi saflıq dünyası”, “Estetikaya səyahət”, “Kütləvi mədəniyyətin
tənqidi”, “İncəsənətin
sosial fəallığı”,
“Musiqi-estetik tərbiyənin
problemləri”, “Azərbaycan
incəsənətinin bədii-estetik
problemləri”, “Azərbaycan
incəsənəti xaricdə”,
“Proqramlı musiqinin estetik problemləri”, “Televiziya teatrı” və s. kitabları mühüm elmi araşdırmaların nəticələri
kimi ərsəyə gəlib.
B.Qurbanov
1981-1989-cu illərdə Azərbaycan
EA-nın Fəlsəfə
və Hüquq İnstitutunda Estetika və etika sektorunun
müdiri, 1989-1992-ci illərdə
indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində Fəlsəfə
və mədəniyyət
tarixi kafedrasının
müdiri, Türkiyədə
Atatürk Universitetinin
professoru, kafedra müdiri (1992-2008) olub, etika, estetika, fəlsəfə, türk
düşüncə tarixi,
musiqi nəzəriyyəsi,
musiqi estetikası, sənət fəlsəfəsi,
harmoniya və digər fənləri tədris edib. Musiqişünas ömrünün son illərində Qaziantep Türk Musiqisi Dövlət Konservatoriyasında
işləyib.
Alim Azərbaycan
musiqisinə, ədəbiyyatına,
incəsənətinə, folkloruna,
fəlsəfə və
estetika məsələlərinə,
tanınmış elm adamlarına
üç yüzdən
artıq elmi və elmi-publisistik məqalə həsr edib. Onun “Üzeyir Hacıbəyovun estetik baxışları”, “Vaqif
və xarici mətbuat”, “Avesta”dan günümüzə kimi”,
“Bədii həqiqət
axtarışında”, “Nəriman
Nərimanov və teatr” və s. məqalələri müəllifin
yaradıcılıq axtarışlarının
əhatəsinin genişliyindən
xəbər verir.
B.Qurbanovun rəhbərliyi ilə ölkəmizdə, eləcə
də Rusiya, Gürcüstan və Türkiyədə on üç
nəfər sənətşünaslıq
və ya fəlsəfə üzrə
namizədlik dissertasiyası
(fəlsəfə doktoru)
müdafiə edib. O, eyni zamanda Azərbaycan və Türkiyədə
24 doktorluq və bir çox namizədlik dissertasiyası
işinin opponenti, yaxud elmi məsləhətçisi
olub.
Tanınmış alimin beynəlxalq konqres, simpozium və konfranslarda estetika və musiqişünaslığa dair
məruzələri maraqla
qarşılanıb.
Babək müəllim tərcümə
sahəsində də
fəaliyyət göstərib. Tanınmış
alim A.Zisinin “Estetikada konfrontasiyalar” adlı fundamental monoqrafiyasını,
Q.Puqaçenkovanın “Orta
Asiyanın şah əsərləri: rəsm
və miniatür” kitabını dilimizə çevirib. Eyni zamanda R.Əfəndiyev
və T.Əfəndiyevanın
“XIX və XX əsrin əvvəllərində Azərbaycan
sənəti”, M.Səmədin
“Dünya dahilərsiz
yaşayanmaz (Lütfizadə
haqqında)” əsərlərini
türkcəyə uyğunlaşdırıb.
Pedaqoq-alimin gördüyü işlər
xalqımıza, onun musiqi irsinə, ədəbiyyatına olan məhəbbətinə dəlalət
edirdi. Türkiyənin
“Orkestro” dərgisində
Azərbaycanın görkəmli
bəstəkarları Üzeyir
Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman
Ələsgərov, Arif
Məlikov, Tofiq Bakıxanov, Vasif Adıgözəlov, Azər
Rzayev, Ramiz Mirişli, opera müğənnisi
Lütfiyar İmanov, rəssam Mikayıl Abdullayev və başqaları haqqında
dərc etdirdiyi yazılar musiqi mədəniyyətimizin təbliği
baxımından böyük
əhəmiyyət kəsb
edir. Azərbaycan ədəbiyyatının vurğunu olan alimin N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundzadə, S.Vurğun
və başqaları
haqqında yazıları
Türkiyədə böyük
maraqla qarşılanıb.
Bülbül adına Orta ixtisas musiqi
məktəbində, konservatoriyada
skripka ifaçılığının
sirlərinə mükəmməl
yiyələnən, görkəmli
bəstəkar Cövdət
Hacıyevdən dərs
alan Babək müəllim həm də musiqilər yazırdı. Musiqini həm praktik, həm də nəzəri cəhətdən
dərindən bilən
musiqişünasın 40 əsərdən
ibarət “Bəstələr
məcmuəsi” bunu deməyə əsas verir. Məcmuədə müəllifin “Vəfasız”,
“Buludlar”, “İntizar”,
“Sevinc dolu”, “Xəyal”, “Sənsiz”, “Xatirə”, “Şərq romansı” və s. kimi maraqlı əsərləri toplanıb.
B.Qurbanovun sənətşünaslıq
doktoru İlqar İmamverdiyevlə birgə
çap etdirdiyi
“Fortepiano müşayiətli saz əsərləri”,
“Fortepiano müşayiətli tar əsərləri” kitabları
müəllim və tələbələr üçün
gərəkli vəsaitlərdir.
Babək müəllimin nəcibliyi,
xeyirxahlığı, qayğıkeşliyi
və səmimiyyəti
onu hər kəsin sevimlisinə çevirmişdi. Bu səbəbdəndir
ki, alimin vəfatı musiqi ictimaiyyətini sarsıdıb.
Qardaş ölkədə dünyasını dəyişən
Babək Qurbanov ata yurdu Qazaxda
torpağa tapşırılıb.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2019.- 12
aprel.- S.6.