Azərbaycan xalçası haqqında kitab ispan dilində nəşr olunub

 

 

 

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyevanın “Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib.

Xarici İşlər Nazirliyindən bildiriblər ki, nəşr Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinə həsr olunub. Kitabda ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənəti barədə ətraflı məlumatlar, xalçaların hazırlanma üsulları, xalçaların bölgələr üzrə fərqlənən növləri, xalçalarda istifadə olunmuş təsvirlərin və naxışların mənaları, ölkəmizə məxsus çoxsaylı xalça fotoşəkilləri öz əksini tapıb.

Kitab Azərbaycanda akkreditə olunmuş ispandilli ölkələrin səfirliklərinə təqdim edilib. Həmçinin yaxın zamanlarda nəşrin Argentinada təqdimatının keçirilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2019.- 12 aprel.- S.7.