“Məkanın harmoniyası...”

 

Moskvada Azərbaycanın ənənəvi incəsənətinə həsr olunmuş sərgi açılıb

 

Moskvada, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılıb.

Sərgi Azərbaycanın və Rusiyanın mədəniyyət nazirlikləri, ölkəmizin Moskvadakı səfirliyi, Azərbaycan Xalça MuzeyiRusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi tərəfindən təşkil edilib.

Şərq Xalqları İncəsənəti Muzeyinin direktoru Aleksandr Sedov sərgini açaraq Azərbaycan Xalça Muzeyini “dünyanın ən yaxşı muzeylərindən biri” adlandırıb. O deyib: “Biz çox fəxr edirik ki, bizim muzey Azərbaycan Xalça Muzeyinin sərgisi üçün öz zallarını təqdim edib. Bakılı həmkarlarımızın razılığı ilə biz bu sərgiyə bəzi əşyalar əlavə etmişikonlar tamlıq təşkil ediblər”.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova xatırladıb ki, Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan sərgisi ilk dəfə keçirilmir. İndiyə qədər burada Azərbaycan rəssamlarının sərgiləri təşkil edilib:Burada Azərbaycan mədəniyyətinə çox qayğı ilə yanaşırlar, Şərq Muzeyinin hər bir sərgisində bizim ölkə ilə bağlı əşyalara rast gəlmək olar”.

Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin uğurlu inkişafı barədə məlumat verib. O, Şərq Xalqları İncəsənəti Muzeyinin kollektivinə bu sərginin təşkilinə göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova deyib: “XIX əsrə aid “Bəhmənli” adlı Qarabağ xalçası bu sərginin əsas eksponatıdır. Bu xalça 1918-ci ildən Şərq Xalqları İncəsənəti Muzeyinin eksponatları arasına düşüb. Sərgi xalqımızın ruhunu, gözəllik və xüsusi harmoniya duyğusunu nümayiş etdirir”.

Şirin Məlikova daha sonra əlavə edib ki, Bakı və Moskva muzeyləri sıx əməkdaşlıq edirlər. O, Şərq Xalqları İncəsənəti Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib.

Sərginin kuratoru Mariya Filatova deyib: “Azərbaycanda çox görkəmli insanlar doğulub və dünyanın müxtəlif guşələrinə səpələniblər. Mənim də uşaqlıq dövrümün çox hissəsi Bakıda keçib. Sonra uzun müddət oraya getməmişəm. 2001-ci ildə Şərq Xalqları İncəsənəti Muzeyində işə başlayandan sonra ilk səfərim Bakıya olub. Bu şəhəri yenidən gördüm, Xalça Muzeyinin direktoru Şirin xanım ilə tanış oldum, biz dostlaşdıq. Taleyimdən çox razıyam ki, mənim şəxsi zövqümişim bir-biri ilə sıx bağlıdır”.

“Məkanın harmoniyası: Azərbaycanın ənənəvi incəsənəti” sərgisində Azərbaycan Xalça Muzeyinin və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyalarından 100-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir.

Ekspozisiyanın məqsədi sərgiyə gələnləri XIX əsrdə və XX əsrin əvvəlində Azərbaycan evlərinin ənənəvi interyerinin xüsusiyyətləri, o cümlədən xalçalartoxuculuq nümunələri barədə məlumatlandırmaqdır. Sərginin ziyarətçiləri toy mərasimi ilə bağlı, ənənəvi cehizin ayrılmaz hissələri sayılan əşyalarla tanış olacaqlar. Ayrıca bir vitrin bütünlüklə kəlağayının hazırlanması ilə bağlı alətlərə və digər atributlara həsr edilib. Ekspozisiyanın bir hissəsində dini inanclarla bağlı müxtəlif əşyalar, o cümlədən, namaz xalçaları, ənənəvi həmayillər nümayiş etdirilir.

Sərgi mayın 12-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 12 aprel.- S.1;4