Puşkinin 220 illiyi ilə bağlı müsabiqənin növbəti mərhələsi

 

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində dahi rus şairi A.S.Puşkinin (1799-1837) 220 illiyinə həsr olunmuş konsert və müsabiqənin növbəti mərhələsi keçirilib.

Tədbir Rusiyanın ölkəmizdəki səfirliyi, Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə muzeyin əməkdaşı Zivər Məmmədova iştirakçıları və qonaqları Qara Qarayevin ev-muzeyi ilə tanış edib, görkəmli bəstəkarın yaradıcılığı haqqında ətraflı məlumat verib.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşı, Azərbaycanda Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, “GünayUşaq teatrının rejissoru, Əməkdar mədəniyyət işçisi Larisa Tarusova çıxış edərək müsabiqə barədə öz fikirlərini bildiriblər.

Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin, Bülbül adına Orta ixtisas musiqi məktəbinin, Bakı və Sumqayıt şəhər məktəblərinin Azərbaycan və rus bölmələri şagirdlərinin ifalarında A.S.Puşkin poeziyasından nümunələr, nağıllardan səhnəciklər və musiqi proqramı təqdim olunub.

Müsabiqə iştirakçılarının ifaları tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Mədəniyyət.- 2019.- 12 aprel.- S.3.