Yerin parlaq ulduzlarından

 

 

Uşaqkən göydə sayrışan ulduzlardan birini istəməklə, böyük imperator babasını “məğlub” etmiş astronomiya imperatoru – Hökmdar-Müəllim Uluqbəy

 

“Dövri mətbu və sosial şəbəkələrimizin bəzilərində çalınan sivil havaların “gözünə” belə bir “köhnə-kürüş” də qatmağın yeri varsa” deyibən;  deyək ki, bu adamın alın yazılarının çoxusu qəribəliklərdən ibarətmiş; hələ bəsirət gözü açılmamış (öz iradəsindənkənar) – 10 yaşı tamam olar-olmaz evləndirilməsi, 5 il sonra taxta çıxarılması, ömürsonu ərəfədə küskün oğlu tərəfindən taxtdan salınıb, qətlə yetirilməsi...

Ovaxtların dil-ağızında necə ifadə olunduğunu söyləmək biliyində olmadığım bu hadisə-halətlər toplusunu indilərin təbirilə “taleyin ironiyası” da adlandırmaq olar. Həmin “ironiya”ları yaşamış bu böyük elm və hakimiyyət isimi isə, bəşər taleyinə öz misilsiz damğasını vurmuş Əmir Teymurun nəvəsi...

1394-cü il Novruzunun ikinci günü, Cənubi Azərbaycanın Sultaniyyə şəhərində doğulub, Məhəmməd Turğay adı qoyulan, şahanə diqqət-qayğılarla növbəti hökmdar kimi tərbiyə edilən bu uşaq elm-sənət aləminə meyillənir və elə yeniyetməlikdən “şeiryazan”, “Qurani-Kərim hafizikimi tanınır. Elə – dünyanı diz çökdürən Əmir Teymur da, bir vaxt qeyri-adi istəyi qarşısında aciz vəziyyətə düşdüyü bu “ağlı başından böyük” nəvəsinin özfatehlik xanədanlığı”na əl verməyəcəyinin fərqində imiş: bir az dincəlməkçün gəldiyi Gülüstanda gecəyədək uzananbaba-bala oynamaları” zamanı “ürəyin nə istəyir, deynən verim!” soruşduqda, barmağını göydə sayrışan ulduzlardan birinə tuşlayan bu uşaq: “- Onu istəyirəm, baba!”- deyibmiş...

 

O əlyetməz ulduzlar...

 

Müdam oxumaq, göylərin sirrini öyrənmək haqda düşünən və bu sevda ilə 12 yaşındaykən Marağaya yollanıb, böyük Tusi ideyasının təcəllası (40 mindən çox əsər nüsxələri) olan rəsədxananı müqəddəs ünvan kimi ziyarət edib, elə oradaca gələcək fəaliyyət şifrələrinə sarılan buuşaq”, bir neçə gün qaldığı o məkanda qət edir ki, əmir olacağı günün sabahısı rəsədxana tikilməsilə bağlı əmr verəcək.

1409-cu ildə Teymurilər imperiyasının paytaxtı (sovetlər dönəmində sosial-mental sifəti, arxitektur-erqonomik ehtişamı iliyinədək silinib, kosmetik bir qələmlə “təzə sətirdən” yazılmış) Səmərqəndə hakim təyin edilən Turğay bu yüksək məqamını təhsilini daha da artırmaq, məktəb-mədrəsə, kitabxana və digər elm-sənət ünvanları yaratmağa yönəldir. Ensiklopedik yüklü bu dünyəvi şərqlinin elm-maarif çabaları haqda xəbərlər tezliklə Teymurilər (zəmanə kağız-qələmlərində “günəş bir ucunda doğub, bir ucunda batardı”, “bir çapar altı ay at çapardı” ifadələrilə təsvir edilən xanədan) imperiyası sərhədlərini aşır. Ovaxtadək zəbun-məhzunluq qınlarına qapılmış alimlər Səmərqəndə üz tutur, istedadlı gənclər artıq böyük hörmət-izzətə yüksəldilmiş məşhur elm isimlərinin (Əli Quşçu, Kaşani, Rumib.) çalışdıqları (və azuqə, pal-paltar, kitab-dəftər, minimal cibxərcliyi və sairlə təmin edilən) bu mədrəsələrə axışır.

Bu şəhərdə mədrəsələrin sayı məscidlərin hesabını üstələyir, dünyəviliyə işarət tağlar minarələrdən daha yuxarı ucaldılır...

Elə Ortaçağ Türküstan intibahı da məhz bu dövr üzərindən göyərməyə başlayır...

 

Tezliklə –

 

tarixə “Uluqbəy rəsədxanası” əta edəsi Turğay Mirzə astronomiyadakı bir çox yanlışlıqları yeni hesablamalar vasitəsilə aradan qaldırır. “Mütəxəssislər qənaəti”nə görə, dünyanın o dövr alimlərinin heç biri, müşahidə-hesablamalar dəqiqliyində – tarixə (çox sivil dövlət adamı, ədalətli hökmdar olmaqdan əlavə) fenomen riyaziyyatçı və astronom kimi düşmüş bu adamla müqayisə olunmur. Müasir elm aləminin rəyincə, onun tərtib etdiyi ulduz kataloqu (“Zie”) “planlı cədvəllər ekliptika meylinin təyin edilməsinə və illik presessiya araşdırmalarına çox güclü təkan”dır. Onu özünə ustad hesab edən alman alimi İ.Henrixin Ayda kəşf etdiyi kraterə “Uluqbəy” adını verməsi kimi çoxsaylı şan-şöhrət səs-sədaları da ki, öz yerində.

Sıravi (sırf) qılınclılar tələsinə düşən bu seçkin qələm-qılınclı vəliəhd kimi 38 il idarə etdiyi ölkədə böyük quruculuq-abadlıqla yanaşı, o çağadək qılınc-qalxan kölgələrinə verilmiş elm-sənət-ədəbiyyat (ümumən mədəniyyət) aləmini xeyli inkişafa yetirib. Atası Şahruhun dünyadəyişimindən sonra (1447) böyük bir imperiyanı təkbaşına idarə etməli olub. Gördüyü elmi və xəlqi işlərdən gileylilər, hakimiyyət bölgüsündəki payından narazılar və xislətən irticaçı məmurlar Əbdüllətif adlı oğlunu qiyama təhrik edib, bu atanı nəinki taxtdan salmağa, hətta Məkkə ziyarəti səfərindəykən şeyxlərin fitvasıyla divan çağırıb, zalımlıq və ədalətsizlikdə suçladıqları bu bəşər qənimətli insanı ölümə məhkum etməyə də nail olurlar.

...1908-ci ildə Səmərqəndə gəlib, aylarla arxivlər araşdıran, qocalarla söhbətlər edən rus alimi Vyatkin nəhayət, “Torpaq idarəsi” arxivində XVII yüzilliyə dair (“təlli-rəsəd” adı ilə satılan sahədən bəhs edən) “ipucubir sənəd tapır və dərhal   qazıntı aparmağı qərarlaşdırır. Lakin “təbiət arxivi”nə gömülmüş bu rəsədxananın qalıqları tapılsa da, bəzi (uzun-uzadı) səbəblərdən dayandırılır. Qazıntı bir də 30-cu illərin sonlarında başlanır, məlum Dünya savaşı səbəbilə yenidən dayandırılır və yalnız 1948-ci il davamiyyətində şan-şöhrətli “Uluqbəy rəsədxanası” bərpa edilir.

Həmin bərpa və digər maraqlı xronikalar üstündən bu qədər sürətlə ötüb, keçək Uluqbəyin düz beş yüz yetmiş il bundan öncə bir düzəngahda yol verdiyi (və ya icra etdiyi) çox sirli və qəribə –

 

Təbəssümünə…

 

Üç dəvə ilə səfərə çıxan Uluqbəyin əshabələri ona xeyli uzaqdan iki atlı gəldiyini bildirirlər. Çaparlardan biri onları salamlamadan (və guya, bir neçə saatdan sonra edam ediləsi bu qurbanın hakim oğluna sayğı-sədaqət əlaməti olaraq) başından yuxarı qaldırdığı fərmanı oxuyur: “Əmir Əbdüllətif əmr edir ki, siz bizimlə getməli və ziyarətə ən yaxın kənddən adınıza layiq şəkildə yola salınmalısız”.

Hamı ona – dünən hamıya əmrlər verən, indisə iki çaparın buyruğuyla hərəkət etməyə məcbur olan Uluqbəyə baxır. Taxtdan bunlar kimi rəzillərin qurğusudoğma oğul əmrilə salınmış ata bir anlıq nə baş verdiyini anlamır: “Axı, oğlumla razılaşdıq ki, Kaşaninin səyilə tikdirdiyim rəsədxanaya gedib, ömrümün sonunadək elmlə məşğul olacağam”.

Doğma oğlunun üsyanla taxt-tacdan endirdiyi və “Səni yalnız tövbə edib, Məkkə ziyarətilə dinə qayıdacağın halda əfv edərəm!” kəlmələrilə şan-şərəf məqamından da saldığı bu atanın xəbəri yox idi ki, ona, həmin o elm-irfansız züriyyəti tərəfindən edam hökmüverilib.

Ötən ayadək adil bir hökmdar kimi – Yerlə, qüdrətli bir alim olaraq Göylə məşğul olmuş bu adamın çaparların kəskin baxışları altında tale-qismətindəki “ən bəd kənd”ə doğru gedərkən çox fikirli olduğuötüb-keçmiş çox olayları yad etdiyindən bəhs edən tarixçilər, salnaməçilər içərisində belə bir ehtimalda olanlar da var ki, Uluqbəy aralarındakı sevgiləri dillər əzbərinə çevrilmiş babasının ona öz diliylə dediyi bir əhvalatı da xatırlamış olar: “Hə, Turğayım! Mardini işğal edib, çadırımda çox yorğun halda uzanmışdım. Sabahısı bütün əhalini qılıncdan keçirəcəyimi düşünürkən, çapar xəbər gətirdi ki, böyük oğlum Şahruhun – sənin atanın ilk, özüoğlan övladı dünyaya gəlib! O sənmişsən! O an, ötən gecə soyumdan tam fərqli bir insanın dünyaya gəlməsilə müjdələndiyim yuxumu xatırladım, çox huşlandım və Mardin camaatını qırmaqdan vaz keçdim…” 

...Çaparın dediyi kəndə hələ bir xeyli qalıbmış və Uluqbəyin daldığı fikir-zikr ləşkərində, çox güman ki, oğlu Əbdüllətifin ona qarşı kin-küdurətində özünü də suçlayırmış: Bütün meyl-diqqətimi, özüm kimi elmlə maraqlanan kiçik oğlum Əbdüləzizə yetirdim. Əbdüllətifsə öz zat-kökünə asi çıxmayıb, qılıncdan yapışdı və mən də onu, ağlı başına gəlməsi üçün, mirasdan məhrum edib, atam Şahruhun yanına - Herata yolladım. İndi o məndən qisasını belə alır…

Bu da həmin kənd. Uluqbəyin gümanları doğrulur; onun Həccə yola salınması ilə ilgili heç bir mərasim qurulmayıb. Bir neçə il əvvəl rüşvət aldığı üçün edam etdirdiyi bir məlunun oğluqisas eşqilə qılıncını itiləyən Abbas isə hazır…

Çaparlar onun əllərini bağlasalar da, edam kötüyünə təhvil vermək istəmir və Əmir Əbdüllətifin sonlütfünü ona bir daha xatırladırlar: “Əgər elmdən tamamilə uzaqlaşıb özünü dinə həsr etsə və  üzr istəsə, əfv edərəm”.

Uluqbəy onlara baxıb-baxıb... gülümsünür!

1449-cu il 22 oktyabr tarixli bu sözsüz cavab oradakıların hamısını heyrətləndirir, “ icraçıları”nı isə büsbütün məğlub edir. Hərəki “sözbaş məğlub Abbasa verilirbütün zamanların böyük alim-hökmdarının başı bədənindən ayrılır...

 

Xəbər Səmərqəndə çatcaq...

 

Əsrlərin bu “ən qansız” (və ən qanmaz!) olayının sədası dövrün “akademiya-şəhər”inə yetişən an, Ustadın ən ali şagirdi və ən yaxın dostu, böyük alim Əli Quşçu rəsədxanaya qaçır, ən gərəkli layihə, sənəd və kitabları xurcunlara doldurub, tərkinə alaraq atını dördnala çapır. Bircə saat keçməmiş, böyük sərkərdə-alimin qətlinə fitva vermişlərin qaraguruhu rəsədxanaya cumub, dünya astronomiyasının ilk akademiyası kimi dəyərləndirilən bənzərsiz-qiymətsiz tikilini darmadağın edir.

Bir il keçər-keçməz, aqil atanı devirmiş cahil oğul da (“ata qatilisuçuyla) taxtdan salınıb edam edilir. Yeni hakim (bir az da psixo-siyasi uduşçün) Uluqbəyin cənazəsini gətirdib məqbərədə dəfn etdirir

Əli Quşçu isə, ağır yüklü atı ilə Çin, Herat, Şam, Qahirə, İstanbul kimi bir çox yaxın-uzaqları gəzib-dolaşır, hər diyarda ustadının “Ulduz cədvəli”nin üzünü köçürtdürərək yayır.

Ondan üç yüz il sonra (heyranediciliyi, “bir adamın bu qədər müşahidə və hesablamalar apara bilməsinin mümkünsüzlüyü” baxımından bir çox alimin orijinallığına şübhə ilə yanaşdığı) latın, fransız və ingiliscəyə çevrilərək London, Paris, Florensiya və Cenevrədə çap edilən bu əsər hələ də nəşrlənmədə, müəllifi hələ də yaşamaqda...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.- 12 aprel.- S.6.