“İmadəddin Nəsimi və onun dövrü”
Vyanada məruzə axşamı təşkil
edilib
Aprelin
10-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində
dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə
həsr olunmuş məruzə axşamı keçirilib.
Mərkəzin rəhbəri Leyla Qasımova “İmadəddin Nəsimi və onun dövrü” adlı tədbirdə çıxış edərək böyük söz ustadının Azərbaycan ədəbiyyatında yerindən danışıb. Qeyd edilib ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq bu il ölkəmizdə “Nəsimi ili” elan edilib və şairin yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər keçirilir.
Sonra L.Qasımova tədbir iştirakçılarına almaniyalı alim, nəsimişünas Mixael Raynhard Hessi təqdim edib. Bildirilib ki, almandilli məkanda Nəsiminin tanınmış tədqiqatçısı mütəfəkkir şairin həyat və yaradıcılığına dair fundamental əsərlər yazıb, öz doktorluq dissertasiyasını bu mövzuya həsr edib. Təkcə Azərbaycan deyil, eyni zamanda, bir sıra türk dillərinə dərindən yiyələnən M.R.Hess Nəsimi yaradıcılığının alman dilinə mükəmməl tərcüməçisi kimi də tanınır. Həmçinin diqqətə çatdırılıb ki, bu kimi şairlərin əsərlərini tərcümə edərkən vəzn ölçüsünün düzgün transferi ilə yanaşı, müxtəlif məna çalarları və sanballı fəlsəfi çəkiyə malik misraların çevrilməsi dərin bilik, bədii duyum və peşəkarlıq tələb edir.
Sonra Mixael
Hess məruzəsini təqdim
edib. O ilk olaraq Nəsimi
yaradıcılığının araşdırılmasında və
tərcüməsində müasir
problemlərə toxunub.
Ümidvar olduğunu bildirib
ki, “Nəsimi ili” bu sahəyə
də öz töhfəsini verəcək.
Daha sonra Azərbaycanın yerləşdiyi coğrafi
məkanda Orta əsrlərdə gedən
tarixi proseslər, dövlətlər, monqol və Əmir Teymur işğalları barədə danışan
alim Nəsimi və onun mənsub
olduğu hürufilik fəlsəfi cərəyanını
yetişdirən mühitdən
bəhs edib. Bildirilib ki, Nəsimi hürufiliyin əsasını
qoyan Fəzlullah Nəiminin öldürülməsindən
sonra bu təriqətin aparıcı
qüvvəsinə çevrilib.
Şair türk (Azərbaycan) və fars dillərində
qələmə aldığı
divanı və missionerlik fəaliyyəti
ilə bu təriqətin daha geniş coğrafiyada yayılmasına təkan verib.
M.Hess deyib ki, Nəsimi şeriyyətinin bədii
keyfiyyəti və fəlsəfi görüşlərinin
dərinliyi onu öz müasirlərindən
ciddi şəkildə
fərqləndirir. Eyni zamanda
yaradıcılığında Azərbaycan dilinə geniş yer verən Nəsimi ana dilini yüksək
ədəbi səviyyəyə
qaldırıb, ana dilində poeziyada bədii-fəlsəfi şeirin
əsasını qoyub.
Qeyd edilib ki, məhz
Nəsiminin sayəsində
hürufilik təriqəti
geniş ərazilərə
yayılıb, onun fikirləri digər cərəyanlara öz təsirini göstərib və Nəsiminin fəlsəfi görüşləri
bu gün də elmi dairələrdə
müzakirə mövzusu
olaraq qalmaqdadır.
Məruzə zamanı həmçinin Nəsimidən iqtibaslar əsasında onun dini-fəlsəfi görüşləri
də təhlil edilib, müasir oxucu üçün şərhlər verilib.
Sonda diqqətə
çatdırılıb ki,
Nəsimi dühası,
onun yaradıcılığındakı
keyfiyyət və fəlsəfi görüşlər
XXI əsrdə də
öz aktuallığını
qoruyur. Bu da
bir tərəfdən
oxucu auditoriyası üçün bədii zövq, digər tərəfdən isə elmi araşdırmalar üçün yeni stimul deməkdir.
Qeyd edək ki,
Mixael Hess Heydər
Əliyev Fondunun dəstəyi ilə
İmadəddin Nəsimi yaradıcılığı
haqqında kitablar yazıb, onun tərcüməsində dahi
şairin şeirlər kitabı alman dilində işıq üzü
görüb. Alim
hazırda Nəsimi yaradıcılığı haqqında yeni kitab üzərində
işləyir.
Mədəniyyət.- 2019.- 12
aprel.- S.3.