İstiqlal Muzeyində bəşəri bəlaya həsr olunan rəsm sərgisi

 

 

 

Xəbər verildiyi kimi, Bakıda 15-17 aprel tarixində Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) keçirilir.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən konfransa dünyanın 115 ölkəsindən nümayəndələr qatılıb.

Beynəlxalq tədbir günlərində paytaxtın mədəniyyət ocaqlarında da narkotiklərin cəmiyyət üçün təhlükəsini diqqətə çatdıran tədbirlər keçirilir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan V.Siqaryevin ölüm” əsəri aprelin 16-da növbəti dəfə nümayiş olunub.

Azərbaycan İstiqlal Muzeyində isə aprelin 16-da “Narkomaniya – bəşəriyyətin bəlası” adlı sərginin açılışı oldu.

Tədbir iştirakçıları əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən video-çarxa baxdılar.

İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tədbirin əhəmiyyətindən söz açdı. Bildirdi ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi cəmiyyəti narahat edən əsas problemlərdən biridir. Dünyada olduğu kimi, ölkəmizdə də bu dövriyyəni həyata keçirən mütəşəkkil qruplara qarşı hər gün mübarizə aparılır. Direktor qeyd etdi ki, narkomaniya ilə mübarizə məqsədilə İstiqlal Muzeyi tərəfindən maarifləndirici tədbirlər keçirilir, sərgilər təşkil olunur.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov bildirdi ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra narkomaniya probleminə qarşı mübarizədə yeni mərhələ başlayıb. Narkomaniya və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev tərəfindən imzalanan dövlət proqramları çərçivəsində bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.

Nazir müavini vurğuladı ki, narkomaniya yalnız səhiyyə və sağlamlıq problemi deyil, daha çox sosial bəladır. Bu problemlə mübarizədə dünyada qəbul olunmuş əsas formul kimi maarifləndirmə və təbliğat yolu seçilib: “Narkomaniya ilə mübarizə istiqamətində Mədəniyyət Nazirliyi şəbəkəsinə daxil olan müəssisələrdə də mütəmadi şəkildə tədbirlər, sərgilər təşkil olunur. Gənc nəsil arasında bu cür maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və başqaları çıxış edərək tədbirin önəmindən danışdılar, narkomaniyaya qarşı mübarizənin vacibliyini vurğuladılar.

Sərgi çərçivəsində Gənc Tamaşaçılar Teatrının repertuarındakı “ ölüm” tamaşasından monoloq təqdim olundu.

Tədbir iştirakçıları daha sonra sərgi ilə tanış oldular. Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının, Qərbi Kaspi Universiteti tələbələrinin və digər gənc rəssamların narkomaniya problemini əks etdirən 30-dək sənət əsəri nümayiş etdirilir.

Sərgi aprelin 18-dək ziyarətçilər üçün açıq olacaq.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.2.