Mədəniyyət müəssisələrinin xalq yaradıcılığı sahəsində fəaliyyətinə dair müşavirə

 

 

 

“Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq Tovuz rayon Heydər Əliyev Mərkəzində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin xalq yaradıcılığı sahəsində fəaliyyətinə həsr edilmiş müşavirə keçirilib.

Müşavirədə Tovuz, QazaxAğstafa rayonlarının mədəniyyət mərkəzləri, klub müəssisələri və həmin müəssisələrdə fəaliyyət göstərən xalq yaradıcılığı dərnəklərinin rəhbərləri iştirak ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov qeyd edib ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan aşıq sənəti regionda böyük inkişaf yolu keçib və əhalinin maraq dairəsində olan sənət növüdür. Bir neçə klub müəssisəsi folklor istiqamətində profilləşdirilib və bu müəssisələrdə aşıq sənəti üzrə dərnəklər fəaliyyət göstərir. Ümumilikdə regionda 124 klub müəssisəsində 113 dərnək var. Bundan başqa, 20 bədii özfəaliyyət və iki xalq kollektivi fəaliyyət göstərir.

Müşavirədə Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin sektor müdiri Vüqar Məmmədov və şöbənin əməkdaşı Elgün Əliyevin Strateji Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər barədə məruzələri dinlənilib. Kütləvi-mədəni tədbirlərin, dərnəklərin təşkili zamanı müasir üsullardan, mədəniyyətin maarifləndirmə və təbliğat funksiyasından səmərəli istifadə barədə tövsiyələr verilib.

Sonra aparıcı klub müəssisələri, dərnək və birliklərin rəhbərləri çıxış edib, müxtəlif məsələlər, o cümlədən mədəniyyət sahəsinə sponsor vəsaitinin cəlb edilməsi ilə bağlı təkliflər səsləndirilib.

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.2.