Psixoloji portretlər ustası
Monumentalçı heykəltəraş
Münəvvər Rzayevanın 90 illiyi qeyd olundu
Mədəniyyət
Nazirliyi və Azərbaycan Dövlət Rəsm
Qalereyasının birgə təşkilatçılığı
ilə aprelin 12-də Muzey Mərkəzində
monumentalçı heykəltəraş, Əməkdar rəssam
Münəvvər Rzayevanın (1929-2004) 90 illiyinə həsr
olunan tədbir keçirildi.
Tədbiri qalereyanın direktoru Qalib Qasımov açaraq Münəvvər Rzayevanın sənətkarlıq xüsusiyyətlərindən danışdı. Qeyd etdi ki, görkəmli tişə ustası əsasən psixoloji portretlər yaradıb və qəhrəmanlarının daxili aləmini açmağa nail olub. İstedadı, zəngin təxəyyülü, yüksək professionallığı və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideyanın orijinallığı daha çox nəzərə çarpır. Yaratdığı heykəllər, büstlər, barelyef və başqa bu kimi əsərlər nadir sənət nümunələri kimi qiymətləndirilib. O, yaradıcılığında ədiblərə xüsusi məhəbbətlə yanaşıb. Hüseyn Cavid, Sergey Yesenin, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq və başqalarının büstləri onun yaradıcı ömründə ayrıca yer tutur.
Heykəltəraş Fəxrəddin Əliyev bildirdi ki, sənət aləmində psixoloji portretə üstünlük verən Münəvvər Rzayeva tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst və barelyeflərini işləyib. Bakıda və Azərbaycanın bölgələrində qoyulmuş onlarla heykəl və büstün müəllifidir.
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir sənətkarla ötən əsrin 80-ci illərindən tanış olduğunu bildirdi. Vurğuladı ki, Münəvvər Rzayevanın zəngin tərcümeyi-halı Moskvada təhsil aldığı illərdən başlayır: “Münəvvər xanım Moskvada tələbə ikən gündəlik yazıb və düşünürük ki, onu çap etdirsək, çox maraqla qarşılanar. Memarın 100-dən çox monumental əsəri var. Yazıçı və şairlərin obrazını yaratmağı xoşlayırdı. İşinə çox məsuliyyətli idi. Hər hansı bir tanınmış sənətkarın obrazını yaratmazdan əvvəl ciddi hazırlaşardı”.
Sənətkarın qızı Zemfira Mirqədirova anası ilə bağlı xatirələrini bölüşdü, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Çıxışlardan sonra musiqi nömrələri təqdim olundu. Heykəltəraşın əsərlərini əks etdirən slayd-şou göstərildi.
S.FƏRƏCOV
Mədəniyyət.- 2019.- 17
aprel.- S.3.