Qəmin olmaz sənin, Hacı...

 

 

 

 

 

 

Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti, ustad xanəndə Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii, musiqili gecə keçirildi.

Tədbirin aparıcısı – filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək Hacıbaba Hüseynovun həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, 60-cı illərdə sənətə çox gözəl, mülayim, qəlblərə asanlıqla yol tapan yeni bir səs, nəfəs gəldi. Bu səsin sahibi ustad xanəndə Hacıbaba Hüseynov idi.

Xanəndənin “qızıl fondda qorunan səs yazısı səsləndirildi. O səs ki, Azərbaycan muğam ifaçılığı sənətinə yeni bir nəfəs, yeni bir cığır açdı. Bu səs indiyə qədər muğam ifa edən sənətkarların heç birinin səsinə bənzəmirdi və muğam qədər əzəmətli, ürəyəyatan bu səsin sahibi Füzuli poeziyasının aşiqi, gözəl qəzəllər və təsniflər müəllifi kimi sevildi, sənəti qəlblərdə yaşadı. Gecə boyunca Hacıbaba Hüseynov repertuarından səslənən təsnif və qəzəllər bir daha sənətkar ruhunun incəliyini və əbədiyaşarlığını ehtiva etmiş oldu.

Hacıbaba Hüseynovun muğam ifaçılığında bir yaradıcılıq var idi. Bəlkə də elə bu səbəbdən akademik Rafael Hüseynov sənətkar haqqında düşüncələrində yazır ki, muğam sənətimizdə yaradıcılıq, yenilikçilik, bəstəçilik nümayiş etdirməkdə ondan üstünümüz olmayıb. Bu gecədə də muğam sənətimizdə öz dəst-xətti olan ifaçılar Hacıbaba Hüseynov təsniflərini böyük sevgiçox zərifliklə təqdim edirdilər. Xalq artisti Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, gənc xanəndələr Kamilə Nəbiyeva, Səbinə Ərəbli, sənətkarın tələbələri olmuş Rövşən Bəşirov, Saleh Novruzlu ifalarını təqdim etdikcə ustadı yad edir, sağlığında rastlaşdığımız, canlı olaraq ifalarını dinlədiyimiz anlara səyahət etmiş oluruq. Yenə sənətkar haqqında deyilən bir fikir dolanır beynimizdə: “Gələcəkdəkilər dinləyəcək Hacıbaba Hüseynovu, duyğulanacaq, zövq alacaq, iftixar edəcək ki, bu millətin belə gözəl səsləri var. Amma o gələcəkdəkilərin heç biri bizim qədər xoşbəxt olmayacaq. Axı biz ustadla eyni illərin, günlərin içərisində yaşadıq, ona nəfəsini duyacaq qədər yaxın olduq”.

Ustadla uzun illər yol yoldaşı, sənət dostu olanların da gecədə deməyə sözləri var idi. Əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev Hacıbaba Hüseynovla birgə çalışdığı illəri xatırlayır, bəzən kövrəlir, bəzən xoş xatirənin sevincini çöhrəsindəki xəfif gülüşlə tamaşaçılarla bölüşür. Vurğulayır ki, onun sözüritmi həmişə rəvan idi. İnsan kimi qayğıkeş, sənətkar və pedaqoq kimi isə öyrənmək istəyən hər bir tələbəyə böyük sevgi ilə sənətin sirrini öyrədən, el şənliklərində öz pozitiv, şən ifaları ilə xalqın sevgisini qazanan biri idi Hacıbaba Hüseynov.

Xalq artisti, tarzən Vamiq Məmmədəliyev Hacıbaba Hüseynovu XX əsrin ən böyük xanəndələrindən biri adlandırır və vurğulayır ki, bir müşayiətçi kimi muğamda ondan çox incəliklər öyrənib.

Gecənin aparıcısı Gülhüseyn Kazımlı musiqi fasilələri arası ustadla bağlı maraqlı xatirələrdən, Hacıbaba Hüseynovun yaradıcılığından söz açır. Bildirir ki, BMM-in maraqlı layihələrindən birinin adı ustadın “Muğamat var olan yerdə” adlı qəzəlindən götürülüb. Aparıcı Hacıbaba sənətinə ünvanlanan şeirlərdən də misal çəkir...

Oxu!

Səsin göylərə

yazılır, Hacı!

Asiman bir valdır ki,

Hərlənir, hərlənir,

hərlənir

silinir, pozulur, Hacı!

Bu misralar Qabilindir sətirlər səsləndikcə bu məqamda yenə Hacıbaba sənəti haqqında ən çox yazan akademik, millət vəkili Rafael Hüseynovun bir fikri yadımıza düşür: “Bəlkə şairin bu bənzətməsisəsin val kimi göylərə yazılması kiməsə fantastik, sürrealist gələr. Bəs Hacıbaba ustadın səsinin bir sınmaz, pozulmaz val kimi millətin yaddaşına əbədilik yazılmasına sözünüz?!”

Mədəniyyət İncəsənət Universitetinin dosenti Nadir Hüseynovun ifasında səslənənMuğamat var olan yerdəqəzəli isə gecəyə xüsusi bir rəng, Hacıbaba duyğularının, düşüncələrinin nəfəsini səpmiş olur.

Bəli, həmin gecə Beynəlxalq Muğam Mərkəzinə toplaşanlar da öz sevgiləri ilə bir daha Hacıbaba Hüseynov sənətinin möhtəşəmliyini, hər zaman zirvədə olduğunu, daim yaşayacağını sübut etmiş oldular. Elə Mirnazim Əsədullayevin dediyi kimi, Hacıbaba Hüseynov muğam sənətində bir yol açdı. Elə füsunkar bir yol ki, Azərbaycanın muğam səltənətində ən cazibədarlardan oldu. O yol ki, bir zamanlar oxuduğu, yeni ruh, yeni nəfəs verdiyi həmin muğamlar, təsniflər Hacıbaba Hüseynovu yaddaşlarda əbədi saxlayacaq.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.5.