Dünyanı sözlə bəzəyən həqiqət aşiqi

 

 

 

Adı dünyanın ölməz söz sənətkarları sırasında şərəfli yer tutan, ana dilli poeziyamızın inkişafında müstəsna rol oynayan mütəfəkkir şair İmadəddin Nəsimi (1369-1417) əbədi yaşayacaq bədii irs yaratmışdır. Onun geniş təfəkkür sahibi olmasında dünyaya göz açdığı Şamaxı-Şirvan mühiti mühüm rol oynamışdır.

Nəsimi Şamaxıda mədrəsə təhsili almış, ərəb və fars dillərini, eləcə də riyaziyyat, astronomiya, təbiət, fəlsəfə, məntiq elmlərini öyrənmişdir. O, həmçinin türk-müsəlman aləminin tanınmış fikir adamlarının irsini mütaliə etmiş, öz dünyagörüşünü zənginləşdirmişdir.

Görkəmli şair əsərlərini məşhur sufi Hüseyn Həllac Mənsurun şərəfinə “Hüseyni”, “Seyid Hüseyni” və öz müəllimi Şeyx Fəzlullah Nəimiyə ehtiram əlaməti olaraq “Nəsimi” təxəllüsü ilə yazmışdır. XIV əsrin sonlarından Azərbaycanda geniş yayılan hürufi təriqətinə qoşulan Nəsimi bu hərəkatın nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran, SuriyaAnadoluda ən tanınmış simalarından birinə çevrilmişdir.

Şeirlərinin təməl anlamını İslam təsəvvüfünün vəhdəti-vücud ideyası və ilahi eşq təşkil edən Nəsimi Azərbaycan, fars və ərəb dillərində mükəmməl bədii nümunələr qələmə almışdır. Onun yaradıcılığı nəinki türk xalqları ədəbiyyatına, eyni zamanda bütövlükdə klassik Şərq poeziyasına ciddi təsir göstərmişdir. Şeirlərində istifadə etdiyi dərin təsəvvüf düşüncəsi sonralar bir çox böyük mütəfəkkirin yaradıcılığında təzahür etmişdir.

 

İnsan ruhu və idrakı ilə böyükdür

 

Böyük şair insana olduqca yüksək dəyər verir, onu ən ali varlıq hesab edir, ülviləşdirir. Nəsimi insan sifətinin Allah qələmi ilə çəkilən gözəlliyini tərifləyir və “ənəlhəqq” deyən fədakar sufilərin bu məşhur şüarını sözün həqiqi mənasında deyil, məcazi mənada qəbul edir:

Səcdəgah etmişdi eşq əhli qaşın mehribanı,

Qılmadan xeyli məlayik səcdeyi-Adəm hənuz.

Nəsimi poeziyasının leytmotivi insandır; zəkalı, kamil, gözəl insan; öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır olan mərd, doğru, sadiq, vəfalı insan! Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır. Şairin fikrincə, insan bütöv bir aləmdir, insan kainatdır.

Mən mülki-cahan, cahan mənəm, mən,

Mən ərşi-məkan, məkan mənəm, mən...

Şairə görə, insan ruhu, idrakı ilə böyükdür, o kainata da sığmır. İnsana, şəxsiyyətə aid bütün bəşəri keyfiyyətlər şairin gözəllik aləminə daxildir, onun təsvir hədəfidir. Haqqın, həqiqətin tərənnümü Nəsiminin şəxsiyyəti ilə poeziyası arasında bir vəhdət, bağlılıq, həmahənglik yaradır. İnsanların çətin həyat şəraiti humanist şairi daim düşündürmüşdür. Sərvət yığmaq xəstəliyinə tutulan hökmdarlara üz tutaraq deyirdi:

Simü-zər yığmaq üçün cəhd eyləmə Qarun kimi,

Hər xəzinə torpaq altında qalıbdır min kərə.

 

Sərvət ilə yüklənərsə kəştisi dövrün əgər

O tufanlı dəryada düşməz məgər şuri-şərə?...

Nəsimi fitrətən haqq, həqiqət aşiqi idi. Buna görə hər şeydən əvvəl, həqiqət olan insanın sözü də həqiqət olmalıdır. Bu keyfiyyətlər Nəsiminin poetik amalı kimi səslənir:

Cümlə həqdir, hər nə kim, mövcud imiş,

Həqqə sacid, həqqə hər məscud imiş...

Əsl böyük həqiqət isə insandır, insanın mövcudluğudur. Haqq, həqiqət özüinsanla bağlı keyfiyyətdir, insana məxsusdur, bəşəridir. Belə olan surətdə insan həqiqətin keşiyində durmalıdır:

Ey könül, həq səndədir, həq səndədir,

Söylə həqqi kim, ənəl-həq səndədir.

ya:

Bulmuşam həqi, ənəl-həq səndədir,

Həq mənəm, həq məndədir, həq söylərəm.

İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olmuşdur. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, şair öz həqiqətini yalnız poeziyasının qüdrəti hesabına deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə əfsanələrə çevrilmiş, mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq etmişdir.

 

Söz candır...

 

Doğru söz doğrulara acı deyil”, “Qövli yalançı ilə olma müsahib, çək əlin...” Altı yüz ildən bəri hökmünü itirməyən bu müdrik kəlamlar böyük Nəsiminin köhnəlmək, unudulmaq bilməyən həyat qənaətidir. Söz insanın mənəvi dayağı, zövqü-səfasıdır, ləyaqəti, şöhrəti, şanıdır. Əbəs yerə deyil ki, həqiqi, cazibəli, mənalı sözün qüdrəti Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai kimi görkəmli söz ustadlarımız tərəfindən də dönə-dönə etiraf olunmuş, yüksək dəyərləndirilmişdir. Nəsiminin “Söz” rədifli qəzəli bu mənada klassik söz xəzinəmizdə əhəmiyyətli yer tutur. Şeirdə sözə, söz sənətinə yüksək qiymət verilir, çünki söz, nitq insanın ilk zəruri keyfiyyətidir:

Dinləgil bu sözü ki, candır söz,

Aliyi-asiman məkandır söz...

Nəsimiyə görə, söz dünyanın bəzəyidir, dünyada söz qədər füsunkar, söz qədər ali bir nemət yoxdur. Söz “tərcümandır”, söz “könüldə candır”, söz “payəkandır”, söz   “asimandır”, sözsahib zamandır”... Söz həqiqəti aşkar edir, insanlar arasında ünsiyyət yaradır, onları bir-birinə bağlayır, qovuşdurur. Buna görə də Nəsimi aqil insanın sözündən, söhbətindən zövq alırdı. Bir sözlə, insan nəfəsi onu qanadlandırırdı. Nəsimi deyirdi ki, insan olan kəs gərək ağıllı danışsın, sözü yığcam, fikri isə geniş olsun:

Aqilsən, sözünü müxtəsər et!

Ey Nəsimi, çü bikərandır söz.

Gələcəyə səslənən poeziya

 

Haqsızlığa, ehkamçılığa, nadanlığa, idraksızlığa, zülm və ədalətsizliyə üsyan edən Nəsimi Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi poeziyanın ən parlaq nümayəndələrindən hesab olunur. O, ana dilimizin zənginliyindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, yüksək poetik vüsəti ilə səciyyələnən bədii nümunələr yaratmışdır. Altı əsr öncə qələmə aldığı əsərlər bu günoxunur, dillər əzbərinə çevrilir.

Nəsiminin bənzərsiz yaradıcılığı ilə bağlı sistemli araşdırmalar aparılmış, xarici ölkələrin arxiv və muzeylərində saxlanılan əlyazmaları əldə edilərək tədqiq olunmuşdur. Nəsimi yaradıcılığından ilk dəfə tədqiqatçı, ədəbiyyatşünas Salman Mümtaz bəhs etmişdir. Onun tərtib etdiyiSeyid İmadəddin Nəsimi. Əsərləri” kitabı 1926-cı ildə işıq üzü görmüşdür. Sonrakı mərhələdə bir sıra ədəbiyyatşünas alimlər şairin yaradıcılığının öyrənilməsi istiqamətində mühüm addımlar atmış, əsərlərini lüğət və şərhlərlə çap etdirmişlər.

Görkəmli şairin yaradıcılığının tədqiqi və təbliği ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha sistemli xarakter almış, bu sahədə araşdırmaların əhatəsi genişlənmişdir. 1973-cü ildə Nəsiminin 600 illik yubileyi UNESCO səviyyəsində qeyd edilmiş, böyük Azərbaycan şairinin yaradıcılığı dünya miqyasında təbliğ olunmuşdur. O zaman ölkəmizdə və keçmiş ittifaqın paytaxtı Moskvada keçirilən yubiley tədbirlərində dünyanın bir çox ölkəsindən elm adamları iştirak etmişdir.

Nəsiminin ömür yolu və yaradıcılığını dolğun şəkildə əks etdirən “Nəsimi” (1973) bədii filmi çəkilmiş, musiqi və ədəbi əsərlər yazılmışdır. Xalq şairi Qabilin Nəsimiyə həsr olunmuş eyniadlı poeması bu baxımdan diqqətəlayiq əsərlərdəndir. Poemada şairin keşməkeşlərlə dolu həyatı, bəşəri idealları yüksək sənətkarlıqla ifadə olunmuşdur. Əsər 1976-cı ildə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür. Müəllif poemasında böyük şairin bədii dilini büllur bulaqla müqayisə edir:

O uzaq, o qədim lisana bir bax!

Büllur bulaq kimi süzülər, çağlar.

Əsər var yazılıb otuz il qabaq,

Otuz cür lüğətə ehtiyacı var...

Bayrağa çevrildin, qanlı bayrağa,

Axıb üz-gözünü örtdükcə qanın.

Elə bil, boylanıb baxdın uzağa,

Uzaq sabahına Azərbaycanın!

Azərbaycanda Nəsiminin zəngin yaradıcılığına əfsanələşən şəxsiyyətinə həmişə böyük maraq olmuş, adı dəfələrlə əbədiləşdirilmişdir. AMEA-nın Dilçilik İnstitutuna, paytaxtımızda rayonlardan birinə, metro stansiyasına Nəsiminin adı verilmiş, heykəli ucaldılmışdır.

Son illərdə Nəsimi irsinin ölkəmizdə dünyada təbliği istiqamətində böyük işlər görülür. 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. 2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimipoeziya, incəsənət mənəviyyat festivalı maraqlı tədbirlərlə yadda qalmış, diqqəti böyük şairin ədəbi irsinə ideallarına yenidən yönəltmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə mütəfəkkir şairin 650 illiyi rəngarəng tədbirlərlə qeyd olunur. Dövlət başçısının digər sərəncamı ilə 2019-cu il ölkəmizdəNəsimi ilielan edilmişdir.

 

Aynurə ƏLİYEVA

 

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.6.