Hacıbəylilər nəslinin görkəmli nümayəndəsi

 

 

 

 

Görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun Azərbaycanda musiqili teatrın yaranmasında çox mühüm rolu olmuşdur.

Klassik musiqimizinopera sənətimizin banisi Üzeyir Hacıbəyli, onun bəstəkar silahdaşı, teatrımızın ilk dirijoru Müslüm Maqomayev, məşhur müğənni Hüseynqulu Sarabski, görkəmli səhnə ustaları Hüseyn Ərəblinski və Mirzağa Əliyevlə yanaşı Zülfüqar Hacıbəyov da milli musiqili teatrın təşkili və tərəqqisi yolunda fəal çıxış etmişdir.

Z.Hacıbəyov milli folklor zəminində ilk professional musiqi formalarının yaranmasında mühüm rol oynamışdır. “Aşıq Qərib” operası, “Evliykən subay” və “Əlli yaşında cavanmusiqili komediyaları onun qələminin məhsuludur. Ü.Hacıbəylinin və M.Maqomayevin ilk musiqili səhnə əsərləri kimi, həmin əsərlər milli musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndirmişdir. Bu əsərlərdə folklor formaları ilə Avropa musiqi janrı nümunələrinin sintezini yaratmaq təşəbbüsü edilmişdir.

Z.Hacıbəyovun həyat və yaradıcılığı iki dövrə - sovetləşmədən əvvəlki və sonrakı dövrlərə ayrılır. Bu dövrlər bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır və sənətkarın maraqlı həyatını təşkil edir.

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olmuşdur. Uşaqlıqdan xalq musiqisinin zənginliyini duymuş, ona görkəmli sənətkarların ifasında qulaq asmışdır. Atası Əbdülhüseynin tanınmış Azərbaycan şairəsi Xurşudbanu Natəvanın yanında mirzə işləməsi buna bir daha imkan yaradırdı.

Əbdülhüseyn Hacıbəyov maddi vəziyyətinin çətinliyinə baxmayaraq, uşaqlarına təhsil verməyə çalışırdı. Onun beş uşağı: üç oğlu (Zülfüqar, Üzeyir, Ceyhun) və iki qızı (Sayad və Abhəyat) var idi. 1899–1904-cü illərdə Ü.Hacıbəyli öz təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirmişdir. Zülfüqar isə Şuşa ikiillik rus-tatar məktəbini bitirib atasına işlərində kömək etməyə başlamışdır.

Əbdülhüseyn Hacıbəyovun 1901-ci ildə qəfil ölümü ailənin maddi cəhətdən bütün qayğılarını böyük oğulun – Zülfüqarın üzərinə saldı. 1900-1902-ci illərdə o, şəhər Duması və Qəza idarəsində kargüzar, 1902-1906-cı illərdə isə şəhər Əkinçilik və töycü işləri idarəsinin müvəkkili yanında tərcüməçi işləyir.

Uşaqlıqdan Zülfüqara aşılanmış musiqiyə məhəbbət onun özünün musiqi sənətinə həsr etmək istəyini daha da qüvvətləndirir. Tar çalmaq onun sevimli məşğuliyyəti idi. Gələcək bəstəkar musiqi biliklərini Azərbaycan xalq musiqisindən öyrənirdi. Məhz xalq musiqisi onun yaradıcılığının formalaşmasında əsas amil idi.

1907-ci ildə Z.Hacıbəyov öz ailəsi ilə Şuşadan Bakıya köçmüşbir müddət jurnalist-publisist kimi fəaliyyət göstərmişdir.

Məlumdur ki, 1908-ci il yanvarın 12-si milli mədəniyyətimizin tarixində ən əlamətdar bir hadisə – Üzeyir bəyin “Leyli və Məcnun” operasının ilk tamaşası ilə əlaqədardır. Bu hadisə Azərbaycanda musiqili teatr yaratmaq zərurətini bir daha təsdiq etmişdir.

Həmin illərdə Z.Hacıbəyov da musiqili teatrımızın inkişafı uğrunda var qüvvəsi ilə mübarizəyə qoşulmuşdur.  1910-cu ildə o özünün ilk əsəri – “Əlli yaşında cavan” operettası üzərində işini başa çatdırır. Bundan iki il sonra, Naxçıvanda yaşayarkən bəstəkar “Evliykən subaymusiqili komediyasını bitirir. 1911-ci ildə Tiflisdə olarkən “On bir yaşlı arvadya varlı” adlı operettasını yazır.

ÜzeyirZülfüqar Hacıbəyovların yazdıqları bir sıra yeni əsərlər Azərbaycan musiqili teatrının repertuarını zənginləşdirir. 1911-ci ildə Tiflisdə bəstəkarın təşəbbüsü ilə təşkil olunan həvəskarlar dəstəsi onun ilk əsərini – “Əlli yaşında cavanmusiqili komediyasını Gürcüstan Artistlər Cəmiyyətinin səhnəsində göstərdi. Bu tamaşada bəstəkar həm libretto müəllifi, həm də rejissordirijor kimi çıxış etmişdir. Əsər öz melodiyaları, kəskin satirik boyaları ilə tamaşaçılarda maraq oyatmışdır.

Azərbaycan teatrının Tiflisdə müvəffəqiyyətli çıxışları, “Əlli yaşında cavan” operettasının rəğbət qazanması bəstəkarın Bakı və Tiflis artistlərindən ibarət təşkil etdiyi yeni dəstə ilə qastrola getməsinə imkan verdi. Aktyorlar Mirzağa Əliyev, Sidqi Ruhulla, Göyərçin xanım, Münəvvər xanım və 11 yaşlı Antonina Qilmandan ibarət Azərbaycan musiqi truppası “Əlli yaşında cavan” operettasını Tiflisdə, İrəvan və Naxçıvanda göstərdi.

1913-cü ilin yayında Z.Hacıbəyovun rəhbərlik etdiyi truppa Hacıbəyovların vətəni Şuşaya qastrol səfərinə gedir. Burada “Evliykən subay” operettası müvəffəqiyyətlə tamaşaya qoyulur. Eyni zamanda Z.Hacıbəyov Bakıdan gəlmiş artistlərin iştirakı ilə ŞuşadaLeyli və Məcnun”, “Əsli və Kərəm” operalarını səhnələşdirir.

Z.Hacıbəyovun rəhbərlik etdiyi teatr truppasının fəaliyyətini səciyyələndirən cəhətlərdən birio idi ki, tamaşalar çox vaxt xeyriyyə məqsədləri ilə nümayiş olunurdu. Toplanan vəsait ehtiyacı olan şagirdlərə maddi yardım göstərmək üçün Bakı təhsil müəssisələrinin sərəncamına verilirdi.

1916-1917-ci illər teatr mövsümü Azərbaycan musiqili teatrının təşkilat cəhətdən formalaşmasına təkan verdi. 1916-cı il mayın 13-də H.Z.Tağıyevin teatrında Z.Hacıbəyovun “Aşıq Qərib” operası ilk dəfə səhnəyə yol tapdı. Baş rollarda Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov və başqaları oynamışlar (Ə.Ağdamski və H.Hacıbababəyov Qadın rollarını ifa etmişlər). Operanın librettosunu da Z.Hacıbəyov özü qələmə almışdı. Librettonun əsasını eyniadlı aşıq dastanı təşkil edirdi, mətni xalq rəvayəti formasında yazılmışdı.

“Aşıq Qərib” operası 1916-cı ildə Azərbaycanda beş dəfə tamaşaya qoyulmuşdur.

1918-ci ilin avqustunda bəstəkarın başçılıq etdiyi H.Sarabski, M.Əliyev, H.Ərəblinski, S.Ruhulla, Ə.Ağdamski, Ə.Hüseynzadə, Yeva Olenskayadan ibarət teatr truppası İrana qastrol səfərinə gedir. TruppaLeyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “O olmasın, bu olsun”, “Əlli yaşında cavan”, “Evliykən subay” və başqa operamusiqili komediyaları İranın müxtəlif şəhərlərində göstərir.

1917-ci ildə Z.Hacıbəyov süjeti xalq rəvayətindən alınmış “Üç aşiqya Məlikməmməd” adlı opera üzərində işləyir. Lakin bu opera tamaşaya qoyulmadı.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Z.Hacıbəyov musiqi-təşkilatçılıq işlərinin müxtəlif sahələrində çalışmağa başlayır. 1920-ci ildə o, Azərbaycan Xalq Hərbi-Dəniz Komissarlığı Siyasi İdarəsinin İncəsənət şöbəsində dəftərxana müdiri işləyir. 1921-ci ildə klub-teatr şöbəsinin rəisi, Siyasi idarənin maarif hissəsinin rəisi vəzifəsinə təyin olunur. Elə həmin ildə eyni zamanda “Qızıl əsgər” sarayına (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası) rəhbərlik edir.

1924-cü ildə bəstəkar Azərbaycan diviziyasının hərbi təbliğat işləri idarəsində çalışır, xüsusi təşviqat qatarının rəisi təyin olunur. Bu qatar Cənubi Qafqazın geniş xalq kütlələrinə milli mədəniyyətimizi təbliğ edirdi.

1924-cü ildə Z.Hacıbəyov “Təzə kommunxozpyesi üçün musiqi nömrəsini yazmış və pyes Azərbaycan Tənqid-Təbliğ Teatrı tərəfindən tamaşaya qoyulmuşdur.

20-ci illərin sonu – 30-cu illərin əvvəlində Azərbaycanda kütləvi mahnıların müəllifləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayev olmuşdur. Z.Hacıbəyovun da musiqisi bu dövrdə yeni məzmun kəsb edir. Onun “Kənd qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” kimi mahnıları o dövrün kütləvi mahnılarından idi.

1928-ci ildə Zülfüqar Hacıbəyov Azərbaycan və Ermənistan konsert birlikləri idarəsinə musiqi rəhbəri, Xalq çalğı alətləri orkestrinin Azərbaycan şöbəsinə baş məsləhətçi vəzifəsinə dəvət olunur. Bir necə il (1933-37) Azərbaycan radio verilişləri şəbəkəsinin musiqi bölməsinin bədii rəhbəri işləyir. Onun təşəbbüsü ilə “Qızıl əsgər” sarayında Azərbaycan bölməsi təşkil olunur. Bölmənin vəzifəsi respublikanın rayonlarında xalq müğənni və ifaçılarını aşkara çıxarmaq idi.

1937-ci ildə bəstəkar Azərbaycan Dövlət Estradasına bədii rəhbər vəzifəsinə dəvət olunur.

Z.Hacıbəyov musiqi sənətinin bir çox janrlarında əsərlər yaradır, musiqi-təbliğatçılıq fəaliyyəti ilə məşğul olur. O, simfonik musiqi sahəsində də bacarığını sınamışdır. 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı pyes bəstələmişdir.

Z.Hacıbəyov oğlu Niyazi ilə birlikdə 1935-ci ildə C.Cabbarlının pyesi əsasında çəkilmiş ilk səsli Azərbaycan filmi – “Almaza musiqi yazmışdır.

O, həmçinin bəstəkar Zakir Bağırovla birgə kantatanın müəllifidir. Bəstəkarın şəxsi arxivində “Onda elə, indi belə”, “Yarış”, “Kişidə sevgi bir olar”, “Evlənirəm”, “Mən ağlaram, o gülər”, “Biçarə Xavər”, “Məşədi Xudunun məişət həyatı” adlı operettalarının librettoları və musiqi eskizləri var. Onun son əsərlərindən birifortepiano ilə simfonik orkestr üçün yazdığı “Azərbaycan qadınının rəqsi”dir. Bəstəkarın arxivində onun Nizaminin “İsgəndərnamə” poemasının motivləri üzrə  Abdulla Şaiqin yazdığı libretto əsasında “Nüşabə” operası üzərində işlədiyini göstərən çoxlu material qalmışdır. O öz yaradıcılığı ilə Hacıbəyovlar nəslinin layiqli nümayəndəsi olduğunu və Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu sübut etmişdir.

Zülfüqar Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidməti yüksək qiymətləndirilmişdir. O, 1943-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına, 1946-cı ildə “Şərəf Nişanı” ordeninə layiq görülmüşdür. 1950-ci il sentyabrın 30-da vəfat etmişdir.

 

Rza BAYRAMOV

Niyazinin mənzil-muzeyinin müdiri

Xanım ABDİNOVA

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.7.