Rusiyalı balet sənətkarları
haqqında kitabın və sənədli filmin
təqdimatı
Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı baletmeyster, görkəmli pedaqoq, professor Azari Plisetski ötən həftə Bakıda səfərdə olub. Aprelin 12-də Nizami Kino Mərkəzində professor Azari Plisetskiyə həsr olunmuş sənədli filmin və balet sənətinin dünyaca məşhur nəsilləri – Plisetski və Messererlər haqqında “Baletdə həyat” adlı kitabın təqdimatı keçirildi.
Təqdimatda mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycanın, SSRİ-nin və Rusiyanın Xalq rəssamı Tahir Salahov, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Mərasimdə çıxış edən Azari Plisetski ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirdi. Qeyd etdi ki, uzun müddətdən sonra Azərbaycanda olmaq ona xoş hiss və duyğular yaşadıb: “Bu müddətdə Bakı tamamilə dəyişib, gözəlləşib. Tahir Salahovun dəvətinə əsasən Bakıda səfərdəyəm. Səfər çərçivəsində şəhəri gəzməyə də vaxtım oldu. Muzeylərə getdim, Bakı ilə tanış oldum. Bu mənə olduqca xoş təsir bağışladı”.
Sonra qonaq film və kitab haqqında məlumat verdi.
Vurğuladı ki, balet sənətində xüsusi
yeri olan məşhur nəsillər
– Plisetski və Messererlər haqqında ailə xronikası kitabının yazılmasına
uzun müddət sərf edib. Filmdə də balet sənətinin
bu nəsillərdən
olan tanınmış
simalarından bəhs
olunur.
Daha sonra sənədli film nümayiş
olundu.
FARİZ
Mədəniyyət.- 2019.- 17
aprel.- S.3.