Kiyevdə rəssam soydaşımızın əsərləri maraqla qarşılanıb

 

 

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Əməkdar rəssamı Vüqar Muradovun fərdi sərgisi açılıb. Ölkəmizin Ukraynadakı səfirliyinin də dəstək verdiyi sərgidə ukraynalı rəssamlar, diplomatik nümayəndəliklərin təmsilçiləri, soydaşlarımız iştirak edib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev mərasimdə çıxış edərək bildirib ki, V.Muradov artıq öz əsərləri ilə sözünü demiş rəssamdır. O, Ukraynada ilk dəfə fərdi sərgisini keçirir: “Rəssamın, digər xarici ölkələrdə olduğu kimi, Ukraynada da fərdi sərgisinin uğur qazanacağına inanıram. Bu cür sərgilər Azərbaycanın mədəniyyət sahəsində inkişafını göstərir. Bu gün ölkəmizdə mədəniyyətlə bağlı mühüm layihələr həyata keçirilməkdədir”.

Tarixən Azərbaycanda istedadlı rəssamların yetişdiyini qeyd edən Kiyev Milli Art Qalereyasının rəhbəri Luri Vakulenko çıxışında ölkəmizin mədəni zənginliyindən danışıb. Bildirib ki, Vüqar Muradov gördüyünü, düşündüyünü çox uğurlu formada insanlara təqdim edə bilir.

Tədbirdə digər çıxış edənlər də rəssamın yaradıcılığı barədə danışıblar. Sərgiyə gələnlərə təşəkkürünü bildirən Vüqar Muradov burada 18 əsərinin nümayiş olunduğunu deyib. Sərgi bir ay davam edəcək.

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.8.