Kinematoqrafiyanın inkişaf konsepsiyası ilə bağlı müzakirələr davam edir

 

 

 

Xəbər verdiyimiz kimi, ölkə başçısının “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamına uyğun olaraq “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması ilə bağlı İşçi qrup yaradılıb və bu istiqamətdə müzakirələr aparılır.

Tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi qrupun aprelin 17-də Nizami Kino Mərkəzində növbəti toplantısı keçirilib. Tədbirdə qrupun üzvləri ilə yanaşı ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən dövlət və özəl kino istehsalı müəssisələri və müstəqil kino mütəxəssisləri də iştirak edib.

Qeyd edək ki, indiyədək təşkil edilən müzakirələrdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Nərimanfilm”, “Salnaməfilm”, Bakı Media Mərkəzi, “Ultra production”, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi və s. qurum və müəssisələrin, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların, eləcə də müstəqil kino mütəxəssislərinin təklifləri dinlənilib, bu sahədə mövcud vəziyyət, film sənayesinin yenidən qurulması, sahənin inkişafı ilə bağlı problemlər və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.-2019.- 19 aprel.- S.3.