Türkiyədə məktəblərarası
teatr festivalı keçirilir
Türkiyədə 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalı keçirilir. Kayseri Böyükşəhər Bələdiyyəsi Mədəniyyət və Sosial İşlər İdarəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi festivalda ölkəmiz də təmsil olunur. Aprelin 15-də başlayan festivalda tamaşaların nümayişi aprelin 19-da yekunlaşacaq, festivalın proqramı isə mayın 4-dək davam edəcək.
Festivalda Türkiyənin ölkəmizdəki səfirliyinin Mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə Azərbaycan Milli Konservatoriyası nəzdində olan İncəsənət Gimnaziyasının şagirdləri iştirak edirlər. Onlar festivala Nəsiminin 650 illiyi ilə əlaqədar “Aləmin nəfəsi: Nəsimi” tamaşası ilə qatılıblar. 25 dəqiqəlik tamaşanın layihə rəhbəri və tərtibatçı rəssamı Günay Mehdizadədir. Festivalda gimnaziyanın direktoru Aytən Əhmədova, tamaşanın rejissoru Elnurə Vəliyeva və başqaları da iştirak edirlər.
Açılış mərasimində çıxış edən Kayseri Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Sosial İşlər İdarəsinin rəhbəri Salih Özgöncü bildirib ki, dostluq və sənət bayramı olan festivala, Türkiyənin 6 bölgəsi daxil olmaqla, 19 ölkənin məktəbliləri qatılıb.
Bələdiyyə başqanı Memduh Böyükkılıç çıxışında Kayserinin festivallar şəhəri olacağını və sözügedən festivala illər ötdükcə daha çox ölkənin qatılacağını vurğulayıb.
Azərbaycan nümayəndə heyəti adından çıxış edən Günay Mehdizadə teatrın mədəniyyətdə, xüsusən də yetişməkdə olan gənclərin formalaşmasında xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, teatr insanı insan dilində izah edən, onu əyani şəkildə göstərən bir sənət nümunəsidir: “Bu gün müasir dövrdə əlimizdə qalan, tutula bilən bəlkə də yeganə canlı sənət növlərindən biridir. Nə xoş bizlərə ki, bu gün məhz bu sənətin işığına toplaşmışıq. Bütün festival iştirakçılarına uğurlar arzu edirəm”.
İştirakçıların meydanda yürüşü ilə başlayan festival törəni Kayseri Şəhər Teatrında təntənəli şəkildə konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Azərbaycan məktəblilərinin tamaşası aprelin 19-da nümayiş olunacaq.
L.AZƏRİ
Mədəniyyət.-2019.- 19 aprel.-
S.3.