Vyanada “Bulmuşam
həqqi...”
Xəbər verdiyimiz kimi, Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) tanınmış almaniyalı alim Mixael Raynhard Hessin dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş məruzə axşamı keçirilib.
Vyanadakı AMM-də Nəsiminin 650 illik yubileyi ilə bağlı daha bir tədbir – ədəbi-musiqili axşam təşkil edilib.
Mərkəzin rəhbəri Leyla Qasımova çıxış edərək tədbirin Nəsimi qəzəllərinin qiraəti və muğam parçaları əsasında hazırlandığını diqqətə çatdırıb.
Sonra nəsimişünas alim Mixael Raynhard Hess böyük şairin yaradıcılığı barədə danışıb. Bildirib ki, XIII-XIV əsrlərdə Azərbaycanın yerləşdiyi tarixi-coğrafi məkanda hərbi-siyasi təbəddülatlar bir-birini əvəz edir, insanların dini-fəlsəfi görüşlərində yeniliklər yaranır, eyni zamanda ədəbiyyat və incəsənət inkişaf edirdi. Azərbaycan torpağının Əbdülqadir Marağai kimi musiqişünasları muğam musiqisinin inkişafına töhfə verir, digər tərəfdən isə İmadəddin Nəsimi ana dilini ən yüksək ədəbi-bədii pilləyə qaldırırdı.
Alim çıxışında həmçinin qeyd edib ki, Nəsimi yaradıcılığının daha dərin qatlarına enə bilmək üçün hələ çox iş görülməlidir, bu mövzu həm Azərbaycan, həm də xarici tədqiqatçıların diqqət mərkəzində dayanmalıdır.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradıcı heyəti “Bulmuşam həqqi...” adlı ədəbi-bədii musiqi proqramı ilə çıxış edib.
Xalq artisti
Gülyanaq Məmmədova Nəsiminin qəzəllərini
ifa edib. Xalq artisti Mehriban
Zəki, gənc aktyorlar Mirsənan
Kazımlı və Ziya Ağayev
Nəsiminin qəzəl və rübailərini söyləyiblər.
Tanınmış qaval
ifaçısı Mahmud Salahın
müşayiət etdiyi sənətçilər
İmadəddin Nəsiminin dövrünə xas
şəkildə ifaları ilə tamaşaçılarda unudulmaz təəssürat yaradıblar.
Mədəniyyət.- 2019.- 19
aprel.- S.8.