“Bölgələrdən bölgələrə” festivalının növbəti ünvanı Ağcabədi olub

 

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağcabədi rayonu olub.

Ağcabədi şəhərindəki Heydər Əliyev meydanında təşkil olunan festivalda nazirliyin nümayəndələri, Ağcabədi, Ağdam və Laçın rayonlarının rəhbər şəxsləri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və yerli sakinlər iştirak edib.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğinə, bölgələrin mədəni imkanlarının nümayişinə şərait yaradan festivalın əhəmiyyətini qeyd edib.

Tədbir iştirakçıları regional idarələrin çadır-guşələri ilə tanış olublar. Festivalda fiziki imkanları məhdud olan sənətkarların əl işlərinə də yer verilib. Oymaçı rəssam Asif Qasımovun hazırladığı nümunələri xüsusi maraqla qarşılanıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi rayon MKS respublikamızda “Nəsimi ilielan edilməsi ilə əlaqədar olaraqOxu” şüarı adı altında kitab guşəsi  təşkil edib. Nəsimi obrazında olan məktəblilər şairin qəzəllərini söyləyiblər.

Festivalın sərgi hissəsində oymaçı rəssam Rauf Seyidzadənin əl işləri, Sərvər Abdullayevin əl işləri – Azərbaycanın müasir memarlıq simvolu olan Bakıdakı Heydər Əliyev Mərkəzi, Hökumət evinin binası, vaxtilə Ağdamda gözoxşayan tikili olmuşÇay evi” və Ağdam məscidinin kibrit çöplərindən hazırlanan maketləri də ziyarətçilərdə böyük maraq doğurub.

Festivalın zəngin proqramını yaddaqalan edən anlardan biri də “Qarabağ”, “Pesvebi” və “Göyçay” rəqs kollektivlərinin çıxışı olub. Konsert proqramında folklor kollektivlərinin rəqsləri ilə yanaşı, “Qarabağ şikəstəsi”, “Yaşa mənim xalqım”, “Qonaq gəl bizə” və s. mahnılar da səsləndirilib.

Tədbir iştirakçıları təəssüratlarını bölüşərək, yaradıcılıq festivalından razılıqlarını ifadə edib, xalqımızın mədəni irsinin təbliğində layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Ağcabədi Regional Mədəniyyət İdarəsini təmsil edən Namiq Həsənov deyib: “Sərgiyə gələnlər sənətkar və rəssamların əl işlərinə, Tarix-diyarşünaslıq muzeyinin eksponatlarına daha çox maraq göstərirlər. Belə tədbirlərin bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsində, regionlararası yaradıcılıq əlaqələrinin genişlənməsində mühüm rolu var”.

Gəncə Regional Mədəniyyət İdarəsinin təmsilçisi Elşad Qasımov da festivalın böyük maraqla qarşılandığını bildirib: “Nümayiş edilən sənətkarlıq nümunələri, o cümlədən gildən hazırlanmış qablar, xalçalar, rəsm əsərləri çox maraq doğurur. Bunların bəziləri uşaqlar tərəfindən hazırlanıb. Əminəm ki, festivallar gənc nəslin Azərbaycan mədəniyyətini daha yaxından tanımasına da töhfə olacaq”.

Ağcabədi şəhər sakini Radə Qafarova deyib: “Bölgələrdə belə bir yaradıcılıq festivalının keçirilməsi olduqca təqdirəlayiqdir. Bununla biz həm özümüzə, həm də bütün dünyaya Azərbaycanın qədim mədəniyyət beşiyi olduğunu bir daha göstərmiş oluruq. Azərbaycanın müxtəlif bölgələrinin təmsil olunduğu sərgiyə çox maraqla baxdım. Təqdim olunan musiqi nömrələri isə zövqümüzü oxşadı”.

Qeyd edək ki, “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə respublikamızda ikinci dəfədir keçirilir. Ötən il olduğu kimi, budəfəki festival da Azərbaycanın regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmasına imkan, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə zəmin yaradır. Festival aprelmay aylarında davam etməklə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin hər birini əhatə edəcək.

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.4.