Arşınmalçılıqdan böyük sənətə...

 

 

 

Tanınmış xanəndə, səhnə xadimi Məcid Behbudov. O yalnız Azərbaycan mədəniyyətinə Rəşid Behbudov kimi korifey sənətkar bəxş etməyib. Özümusiqi ifaçılığı və səhnə fəaliyyəti ilə daim xatırlanası sənət yolu keçib.

Məcid Behbudalı oğlu Behbudov 18 aprel 1873-cü ildə Şuşa şəhərində dünyaya göz açır. Atası erkən vəfat etdiyi üçün ailənin qayğıları Məcidin üzərinə düşür. Bir tacirin yanında satıcı işləyir, küçə və məhəllələri gəzib arşın malı satmağa başlayır. Onun küçələrdən keçərkən “ay arşın malı alan!” - deyib avazla oxuması çoxlarını məftun edir...

O, valideynlərini vaxtsız itirsə də, tale ona əvəzsiz bir sərvət vermişdi. Məlahətli səsi şəhər əhlinin, o cümlədən din xadimlərinin diqqətini çəkirdi. Yuxarı Gövhər ağa məscidində minacat verməyə dəvət olunur. Tez-tez musiqi məclislərində və el şənliklərində oxuyur. Lakin arşınmalçılıq onun gündəlik gəlir yeri olduğu üçün bu işdən ayrıla bilmir. Bir gün Məcid yenə arşın malı satmağa gedir. Gəlib səsli-küylü bir imarətin qabağında dayanır. Onun səsinə ev sahibəsi qapını açır, içəri dəvət edir. Həyətə daxil olanda qarşısına gözəl gənc bir qız çıxır. Bir neçə gündən sonra özündə cəsarət tapıb ürəyini ona açır. Gənclər bir-birinə qoşulub Qarabağdan uzağa - Tiflisə gedirlər. Burada Məcid arşınmalçılığın daşını atır, xanəndəlik etməyə başlayır. Bu hadisə uzun müddət şuşalıların dilində dolaşır. Hətta dahi bəstəkar Üzeyir Hacıbəylinin yaddaşında da qalır. Sonralar məşhur “Arşın mal alan” operettasının qəhrəmanı Əsgərin timsalında Məcid Behbudovun obrazını yaradır...  

Onu da qeyd edək ki, Məcidə qoşulub qaçan polkovnik Abbasqulu bəy Vəkilovun (1844-1924) övladı Firuzə idi. O, Tiflisdə Müqəddəs Nina Qızlar Gimnaziyasını bitirmiş, rus və fransız dillərini mükəmməl öyrənmişdi. Onlar Tiflisin azərbaycanlılar yaşayan məhəlləsində yerbəyer olurlar. Məcid şəhərdə fəaliyyət göstərən şuşalı musiqiçiləri tapır, onlarla toylara, el şənliklərinə gedir. Az vaxt ərzində musiqisevərlər arasında tanınır. Görkəmli aktyor, xanəndə Cəlil bəy Bağdadbəyov xatirələrində yazır ki, Məcid Behbudov 1906-1907-ci illərdə Tiflisdə xanəndəliyə başlayır. Tezliklə Tiflis, İrəvan və Naxçıvanda geniş şöhrət qazanır. Sənət dostu tarzən Məşədi Zeynal Haqverdiyevlə birlikdə bir çox şəhər və kəndlərdə toy məclisləri aparırlar. Müasirlərinin dediklərinə görə, Məcid Behbudov bir neçə dil bilibbu dillərdə mahnılar ifa edib. Ona görə də tez-tez gürcü, ləzgi və digər xalqların toy şənliklərinə dəvət olunub.

Yazıçı, publisist Vasif Quliyev araşdırmasında yazır: “Məcid Behbudov 1910-cu ildə Riqanın “Qrammofon” cəmiyyəti tərəfindən dəvət alır. Tarzən Məşədi Cəmil, qarmonçalan Kərbəlayı Lətif, Malıbəyli Həmid kimi xanəndələrlə Riqa şəhərinə gedir. Bir neçə muğam, xalq mahnısı və təsnifi vala yazdırır. Həmin illərdə bu məqsədlə bir çox Avropa ölkələrinə də dəvət alır. Onu bu səfərlərdə rus və fransız dillərini gözəl bilən həyat yoldaşı Firuzə xanım müşayiət edib”.

V.Quliyev xanəndənin opera səhnəsində də çıxışlar etdiyini bildirir. Qeyd edir ki, Məcid Behbudov 1911-ci ildə Bakıda Saşa OqanazeşvilininNikitin qardaşlarının teatrı”nda tamaşaya qoyulan “Fərhad və Şirin” operasında Xosrov rolunda çıxış edir. 1915-ci ildə Gəncədə Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasının ilk tamaşasında Ələsgər Abdullayev və Bülbüllə tərəf-müqabil olur. Üzeyir Hacıbəylinin opera və operettalarında müntəzəm olaraq müxtəlif rollarda çıxış edir.

1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra Məcid Behbudov musiqi, Firuzə Vəkilova isə maarif sahəsində çalışırlar. Firuzə xanım Azərbaycan məktəblərində rus və fransız dili dərslərini tədris edir, Tiflisdə Klara Setkin adına Türk qadınlar klubuna rəhbərlik edir. Firuzə Vəkilova 1933-cü ildə, 44 yaşında vəfat edir. Bu ağır itkidən sonra Məcid Behbudov İrəvana gedir, İncəsənət İşçiləri İttifaqının Şərq orkestrində işə düzəlir. Qısa müddətdən sonra Firuzənin ana vətəni Qazaxa gəlir və mədəniyyət evində işləyir.

Bu zaman oğlu Rəşid artıq tanınmış müğənni idi. Onun 1945-ci ildə “Arşın mal alan” filmində baş rola çəkilməsi və atasının gənclik obrazını yaratması onu sanki qanad açıb uçmağa həvəsləndirirdi. Amma elə həmin il Məcid Behbudov dünyasını dəyişir və Qazax rayonunda dəfn olunur.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.7.