Alagöz “Zibeydə”nin
filmdən sonrakı taleyi...
Milli musiqi xəzinəmizə əvəzsiz
töhfələr verən
bəstəkar Tofiq Quliyevin mahnıları həmişə sevilə-sevilə
dinlənilir, zövqləri,
ruhları oxşayır. O, milli kino musiqimizə də fərqli üslub, düşüncə
tərzi gətirən
sənətkardır.
Tofiq Quliyevin
filmlər üçün
yazdığı bir çox mahnılar sonradan neçə nəsil ifaçıların
repertuarında özünə
yer qazanaraq uzun sənət ömrü yaşamaqdadır. Onlardan biri
də “Zibeydə” mahnısıdır. 1955-ci ildə rejissor Lətif Səfərov tərəfindən ekranlaşdırılan
“Bəxtiyar” filmi üçün yazılan
mahnının tarixçəsi
də maraqlıdır...
Lətif Səfərov “Bəxtiyar”
filmini çəkməyə
hazırlaşanda bəstəkar
kimi Tofiq Quliyevə müraciət edir. Estrada musiqisinin incəliklərinə
dərindən bələd
olan və Şərq, milli intonasiyaları estrada
janrında ustalıqla
yaradan Tofiq Quliyev isə bu film üçün, həqiqətən, unudulmaz
əsərlər ərsəyə
gətirir. “Zibeydə”
mahnısı isə,
əslində, filmin baş qəhrəmanı,
bənzərsiz səsə
malik Bəxtiyar Muradovun fırıldaqçı
klub müdiri Ağabalanın toruna düşərək bayağı
mahnılarla məşhurlaşmaq
istədiyini göstərmək
üçün yazılmışdı.
Lakin bəstəkarın
“bayağı” mahnı
olaraq yazdığı
“Zibeydə” Rəşid
Behbudov, Müslüm Maqomayev kimi sənətkarların repertuarında
geniş dinləyici və tamaşaçı
rəğbəti qazanır,
estrada musiqimizin
şedevrlərindən birinə
çevrilir.
Sözləri şair Ənvər
Əlibəyliyə aid olan
bu mahnı müasir caz və estrada
elementli, bununla belə milli koloritli əsərdir. Ənvər Əlibəyli misraları
yaddaqalan və səmimidir. “Zibeydə” mahnısının
yaranışı şairin
ailəsi üçün
də yaddaqalan olur. Belə ki, şairin
həyat yoldaşı
Şövkət xanım
bir gün soruşur ki, niyə o mahnıda Şövkət yox, Zibeydə yazmısan?
Şair isə cavab verir ki, həmin
mahnı üçün
ikihecalı deyil, üçhecalı ad lazım
idi. Ən gözəli də
Zibeydə uyğun gəldi. Bundan sonra isə
şair Rauf Hacıyevlə həyat yoldaşının şərəfinə
“Sevgilim” əsərini
ərsəyə gətirir.
Şairin
arxivdə qorunan lent yazısında “Bəxtiyar”
filmində mahnıların
yaranması və bəstəkarla bağlı
fikirləri yer alıb. Ənvər Əlibəyli deyir: “Tofiq Quliyev mətnə
çox həssas yanaşırdı. O, şeirdə
deyilən fikri ustalıqla tamaşaçıya
çatdıra bilirdi.
Onun mahnılarının uğurunun
bir sirri də budur”.
“Zibeydə” mahnısı
da belə əsərlərdən idi. Mahnıda müxtəliflik,
qəribə keçidlər
var. Gözəl musiqi
həm də gözəl hislər və gözəl sevgilərdən yaranır.
Paradoks ondadır ki, film üçün bəstəkar
ən uğursuz mahnı yazmalı idi. Amma əksinə oldu.
Bu həm də
onu təsdiq edir ki, əsl
sənətkarlar heç
zaman zəif əsərlər yaratmırlar.
Bu illər ərzində
“Zibeydə” mahnısının
bir-birindən maraqlı
aranjimanları yaranıb. İlk möhürünü
Rəşid Behbudov vuran bu mahnı
sonra onu səsləndirən bütün
ifaçıların vokal
bacarığı elə
ilkin variantla müqayisə edilir.
Bu məqamda İctimai
Televiziyanın hazırladığı
sənədli filmin məlumatlarına müraciət
edirik. Filmdə qeyd olunur ki, 1978-ci ildə “Melodiya” şirkəti Tofiq Quliyevin mahnılarından ibarət
plastinka buraxır.
Caz kompozisiyaları
bölməsində mahnını
Müslüm Maqomayev oxumalı imiş, lakin müğənninin vaxtı olmadığından
mahnı İosif Kobzonun ifasında yazılmalı olur. Daha sonra
isə mahnı ölməz Müslüm Maqomayevin də repertuarına daxil oldu. O, mahnını
fərqli tempdə təqdim etdi. Mahnının instrumental versiyaları da yarandı. İlk versiyanı Vaqif Mustafazadə yaratdı və “Sevil” vokal ansamblı da bu mahnını
caz üslubunda təqdim etdi. 80-ci illərdə isə bu mahnıya həmin dövrdə populyar olan estrada müğənnisi
Cəfər Behbudov müraciət edir. 80-ci illərdə bu qayıdış mahnının yeni bir mərhələyə
qədəm qoymasına
zəmin yaradır.
90-cı illərdə isə Rafiq Babayev öz studiyasında bu mahnını yeni aranjimanda hazırlayır və mahnı Tofiq Quliyevin yubileyində o vaxt gənc müğənni olan Faiq Ağayev
tərəfindən ifa
edilir. Mahnıya mərhum müğənni
Elçin Cəlilov, cazmen Cavan Zeynallı
da müraciət edib. 1997-ci ildə
Tofiq Quliyevin 80 illik yubileyində “Bəri bax” qrupu bu mahnını
ifa edir. Yubiley üçün mahnını
Xalq artisti Siyavuş Kərimi aranjiman etmişdi. Bu günə kimi
bir çox caz ifaçılarımız
mahnıya instrumental şəkildə
müraciət edib və hər kəs onu özünəməxsus,
öz düşüncəsi
kimi təqdim edib.
Müasir günümüzdə gənc
və səhnəmizin
sevilən müğənniləri
də mütəmadi olaraq “Zibeydə” mahnısına müraciət
edirlər. Əsər unudulmur və
hər zaman dəbdədir, onilliklər
bu mahının üzərinə kölgə
sala bilmir. Yeni nəsillər vasitəsilə nəğmə
öz həyatını
davam etdirəcək və mahnının hər yeni ifası
ona yeni bir nəfəs
gətirəcək.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 19
aprel.- S.1;7.