Böyük Səhnə tribunu -
bir qərinəlik ömürdə əsrlər
yaşamı qazanmış, mahiyyətən-fitrətən
dramatik dramaturq
Yazıya
on il öncəki Xızı səfəri zamanı
“C.Cabbarlı muzeyi”ndə yükləndiyim təəssüratdan
başlayıram.
Çox duyğulandırıcı, sabah dahisinə hamilə “ogünlər” və bunun dünən reallığını yaşamaqda olan “bugünlər” xəyalatı saçan bir ünvan...
Böyük ədibin doğulduğu daxma – ev yiyəsi dövrünün leksikonuyca “köhnəlik qalığı” da bu müasir muzey-saray içərisində saxlanıb...
Buranı üç əsrin “sənət-sənətkar-zaman” (başqa sözlə, Səriyyə-Sara-Eloğlular – Almaz-Sevil-Elxanlar fəlsəfəsinin) qovuşuğu kimi də təsvir-təfsir etmək olar...
Və
kiçik bir “elegiya”varilik...
Bu muzeydəki
kömköhnə inventarlar təptəzələrdən daha
baxımlı, daha qançəkər, daha görkəmli!
Yaxın
gələcəyin bütöv Azərbaycan nəhəngini,
böyük Turan sevdalısını yırğalamış
yüz iyirmi yaşlı bapbalaca nənni necə də əzəmətli!..
Doğulduğu,
obaş-bubaşına iməklədiyi üç-dörd
arşınlıq hücrənin uzunluğu qış gecələri
qədər, hündürlüyü yeniyetmələr əliyetən,
eni – bir mədəniyyət cəngavərinin kürəyicə!
Xəyali fonda da ki... hər dövr və
hər xalq üçün sivil səviyyəli “Sevil”indəki
şipşirin çocuq bəyannamələri; “Balama qurban inəklər,
Balam nə vaxt iməklər, Balama qurban sərçələr,
balam nə vaxt dirçələr”...
On
dörd-on beş yaşlarından
başlayaraq dünyaya açacağı poeziya-nəsr-dram-kino
və s. panoramlı böyük Azərbaycan pəncərəsinin
zərrəciyi müqabilli əyrim-üyrüm
“akoşka”lar...
Dörd
yaş tifilliyində çıxıb, otuzbeşcəsində
dahi ruhu ilə qayıtdığı yonqarsız-sığalsız
taxta qapı...
Hələ
burada işləyən savadlı-səviyyəli
xanımların bu məkana ata evi kimi baxıb, dədə-baba
ocağı timsalında tapınmaları! Öz şəcərə
babalarından eşitdikləri xatirələrlə bu
elli-milli Babanı can dostutək “tost”lamaları; Cəfərimiz
ondoqquzca yaşında Cümhuriyyət
növrağımızı hamıdan ön və hər kəsdən
poetik bir donla qutlamış, istedad yüklü başı
müsibətlər çəksə də, o qutsal
quruluşa işarətlə “Azad bir quşdum, yuvamdan
uçdum” söyləmiş... Yazı-pozu təngnəfəsliyi
paralelində yaşadığı siyasi-ideoloji qaranəfəslik
ucbatından, “37”-ni də “qabaqlayıb”, ədib
nakamlığında getmiş...
Deyirəm,
bu dramatik taleli həmişəyaşar Babamız... indiki
sinnində yazmaq diriliyinə də nail ola
bilsəydi, çoxusu ahıl yaşda olan o xanımlara (və
elə 1991-dən bu yana doğulanlara) “Mənim azadə
yavrularım” misallı poetik səhnələr
qurub-yaradardı, yəqin...
İyirminci
yüzillik başlanğıcımızın ədəbi-mədəni
dirilik dirijoru, qıpqısaca bir ömür ərzində
neçə-neçə gələcək dövrlər
özəlləmiş –
Bu ədib
–
“harda aş - orda baş” məsəl-misallarından
bütünlüklə uzaq, “harda milli-mədəni kəm-kəsirlik
- orda müntəzirlik” kredosu ilə yaşayıb. Hələ
yetkinləşməmiş yaşlarından, hələ
ictimai-siyasi güvənsiz, hələ aman-imansız bir zamanda
hürri-Cümhuriyyət amallı şeirlərlə
çıxış edib, oynaq qələm nümunələrilə,
o çağaqədərki
“gül-bülbül”çülükdən yorğun
düşmüş oxucuları əqli dirçəlişə
yönəldib, müəlliflərilə müştərək
səviyyəli tərcüməçi, kəsərli
teatr-kinoşünas, bənzərsiz kinossenarist,
jurnalist-publisist, neo-mizan rejissor kimi tanınıb və elə
bu kimi keyfiyyətləri ucalığından, hələ
ağzından (milli) süd qoxusu gəldiyi bir yaşda qosqoca
bir topluma “Nə bağırırsan, xalq?!” (əlbəttə,
öz Oqtay Eloğlusunun diliylə) deməyə mənəvi
haqq qazanıb.
On
doqquzuncu yüzilliyin son baharı başlanğıcında
Xızıda doğulub, dörd yaşında (1903) ikən ailəsilə
Bakıya köçüb, “Dağlı məhəlləsi”ndə
yaşamağa, bir il sonra atasının vəfatı (deməli,
dolanışıq çətinlikləri) səbəbilə
anasının bişirdiyi təndir çörəklərini
satmağa, 12 yaşından yazıb-yaratmağa, 16-sından səhnələr,
ekranlar, direktiv kürsülər, proletarından elitarına –
küll-qəlblər fəthinə başlayan, birləşməsi
arzusunu ürəyində apardığı Bütöv Azərbaycan
qəlbində hər zaman diri, ağlı kəsən
gündən xəyallanıb, hər fürsətdə qələminin
mübhəm “qaş-göz”üylə qullandığı
Turan düşüncəsində ildən-ilə dirçəlib-dirilən,
“bəşər sənətkarları” kimi çətin bir
sırada yer alan və nəhayət, qədərsiz milli-mədəni
yükə tab gətirəmməyib, ürək iflicindən
dünyasını dəyişən bu bənzərsiz bəndə
haqda özümdən özümə füzun bir –
Sual-nida:
- Əcəba,
Bakı Politexnik Məktəbinin “elektromexanika” (!) şöbəsi,
Azərbaycan Dövlət Universitetinin yarımçıq
buraxdığı tibb, bitirdiyi tarix fakültələri kimi
“anti”-ədəbi təmayüllərdə təhsillər
almış bu “qaçhaqaç” ömür sahibi ədəbiyyat
zirvəsinə necə qalxa, sənət-incəsənət
kamına necə yetə bilib?!.
Bu “dram”ı nəinki bu cılxa filoloji yazı müəllifi,
heç onun elmi-metodoloji araşdırıcıları da yetərincə
incələyə bilməmişlər. Çox çətinliklərlə
qazanılmış (əslində, bərpa edilmiş)
müstəqilliyimizin bəzi hazıranazir “ərən”lərisə,
devirici sovetlərin ədəbi-bədiinamələrinə on
dörd il imza atmağa məcbur olmuş bu qələm şəhidimizin
iyirmiüçaylıq devrilmişimizə can-baş xidmətləri
və sonralarkı həbsi, alçaq “dopros”-sorğulardan uca
başla çıxması, daimi-dramatik “göz”lər, eyhami
sözlər altında olması, mənəvi-fiziksəl
işgəncələr çəkməsi barədə, ya
“lirikal”casına susur, ya da bunların üstündən
unikalcasına yayınırlar.
Əfəndilər,
bu “talantlı” susurluq-yayıntıların gözünə,
tutalım, belə bir oluntu da qatmaq olmazmı ki, bu dərəcəli
istedad sahibi bəs bu gücü hara, nəyə sərf etməli
idi, canındakı bu ədəbi atomu öz içində
partlatmalıydımı?!.
Olayı
və dolayı cavablar
Özümü
böyük ədibin “sosialist şerifi” tipində
yaratdığı Şərifin dil-üslub “priyom”una (“Yoldaşlar,
söz verilir Almaza, hansı ki, danışacaq bəzi-bəzi
məsələlər haqda”) yuvarlanmaqdan güclə
saxlayıb, ərz edim ki, 1980-in sonlarınadək “formaca milli,
məzmunca sosialist” adlandırılan ədəbiyyatımızın
ələm-qələmli 50-55 ili boyunca (elə müəyyən
qədər də haqqüçünə) “Azərbaycan sovet
dramaturgiyasının banisi” kimi təqdim edilsə də,
hamı – az-para ayıq fəhlə-kəndlilərimizdən
tutmuş bütün milli aydınlarımızadək – bu
“Aydın” prototipli ədibi, əsasən, “Oqtay Eloğlu” kimi
xatırlayıb urvatladı. Bu xalq, qüdrətli qələmi
“Almaz”lığa alınıb, “Dönüş”lüyə
döndərilib, “1905-ci ildə”liyə
bulaşdırılmış bu universal ədəbi memar
oğlunun daim bu millətin “solğun çiçəklər”inə
yanımlı olduğunun, Səriyyələrinə vəfalı
qaldığının fərqinə vardı.
Təkrarçılıq
olmasın, indilər – “davadan sonra yava”laşan ağızlar və
bəzi həlləm-qələmçilər
tərəfindən çoxusu “sovetizmə yarı yarınma”
qrifi ilə “dəyər”ləndirilən o pyeslər bu
xalqın təkrarsız dialoqlar, heyrətamiz leksikon, ibrətamiz
əxlaq, ədəbi-xarakterial dür-düşüncələr
sənət-səltənəti nümunələri!...
Bir
olayı cavab da, bu ədibin ədəbi xadimlərindən
olduğu Cümhuriyyətin qurucusu M.Ə.Rəsulzadədən:
“Od gəlini”ni Cəfər “ÇeKa” həbsindən
çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər
məmləkətdə, istərsə də məmləkət
xaricində səs salmış bir hadisəyə görə
“müsavatçılar” qrupu ilə birlikdə həbs
edilmişdi. Bu əsərdə atəşpərəst
Azərbaycanın müsəlman-ərəb istilasına
qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər
məmləkətin bütün zənginliklərini
çapıb aparırlar...
Mənzərənin
rəmziliyi göz qabağındadır və
tamaşaçılar üçün “ərəb”, “islam”
sözləri yerinə “rus”, “kommunizm” sözlərini qoymaq mənanı
aktuallaşdırmaq üçün kifayətdir...
Cabbarlının dramaturqluğu Azərbaycan
dramaturgiyasında mühüm bir mərhələdir”.
“Dolayı cavablar” seriyasını “Marya Tumannifeyna” obraz-olayı
ilə davam etdirim.
Bəli,
bu xalqın mədəni-mənəvi sərvətlərə
yiyələnibən yaşaması üçün milli mədəni
intibahdan başqa yol olmadığını hələ
yeniyetməykən dərk edən ədib böyük Azərbaycan
ehtivalı Səhnəyə Oqtay Eloğlu donunda da
çıxır və cari səhnə içərisindəki
“səhnə”də “oynamaqacaqam” deyə naz eləyən Mariya
Timofeyevnanın üstünə “Necə yəni oynamayacaqsan,
pul verib, bilet almışıq, yoldaş Marya Tumannifeyna!”
jarqonuyla çığıran tamaşaçılara
zavallı Eloğlu diliylə: “Səfil xalq, nə
bağırırsan?! Səndə sənətkar bir qadın
yox! Varsansa yarat, yaratmırsansa, sus, uzan öl!...”
- deyir...
“Dolayısı”lardan
sonuncular:
Fikir-zikr
baxımından mədəniyyətimizin hər sahəsində,
konkret reallıqca isə uzun müddət Azərbaycan Dövlət
Dram Teatrında ədəbi hissə müdiri işləyən,
o çağlar yenicə inkişafa başlayan kino sənətilə
də çox ciddi maraqlanan, tarixə ilk milli kinossenarist kimi
düşən bu professional səhnə-sənət
mücahidi Azərbaycan qadınının fəal ictimai-mədəni
həyata cəlbi məqsədilə “Sevil” filmindəki Sevil
roluna azərbaycanlı qız axtarışı
üçün Bakı küçələrini, idarələri,
ali məktəbləri qapı-qapı gəzir və nəhayət,
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi
İzzət Orucovanı tapır...
Bir
xonçalıq da bu əbədi ədibin xanımı - bədii
“Səriyyə”sindən də vəfalı Sona xanım
Cabbarlıdan: “...Ümumiyyətlə, bu illərdə Cəfər
səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin
işləyirdi. Ömründə bircə dəfə
də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta bağa, yaylağa da gəlməyə vaxt
tapmır, gələndə də ancaq işləmək
üçün, yazmaq üçün gəlirdi”.
“Yaylaq”,
“kurort” terminləri ardınca bu... həm də
bənzərsiz Ata və Ərin
bağda ikən “ekspromt” söyləməsi:
Ay
Sonası, çaay gətir mənimçün,
Qələndərəm - paay gətir mənimçün,
Kənd yeridir, qəndi çox işlətmərəm,
İstəyirsən, saay gətir mənimçün...
Nəhayət, öz olayı cavabından (SSRİ Yazıçılar İttifaqına yazdığı məktubdan): “...Əgər haqqımda yazılanlar doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram! Mən başqa müəssisələrə - 14 ildən bəri kimsənin heç nə yazmadığı, mənimsə iki libretto yazmalı olduğum operaya, repertuarını mənim pyeslərim təşkil edən rus işçi teatrına, 14 ildən bəri kimsənin heç nə etmədiyi, lakin mənim özümü borclu saydığım Azərkinoya, habelə pyeslərimin əksəriyyətinin oynanıldığı özbək, türkmən, tacik, tatar teatrlarına... tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar…”
Və...
“elegiyavarilik”lə başladığım bu yazımı Müşfiq qələmi elegiyasından seçmələrlə bitirirəm:
Öldü!
Xəbər verin aşnaya, dosta,
Ruhlar
mühəndisi – o böyük usta!..
Dan yeri
ağarsın, şəfəq sökülsün,
Ulduzlar
göz yaşı kimi tökülsün!
Öldü
– Balaşları öldürən əsgər,
Öldü
– Gülüşləri güldürən əsgər!
Çaxışda
görk idi ildırımlara,
Dağlara,
daşlara, sıldırımlara!
Böyük
Füzuliyə ruh verən ellər,
Özünü
tarixə göstərən ellər,
Hər
işi vaxtında bitirəcəkdir,
Cəfəri
hər zaman yetirəcəkdir!..
Nakam və
fitri Müşfiq dilindən qopmuş son misra da reallaşar,
inşallah…
Tahir ABBASLI
Mədəniyyət.- 2019.- 19
aprel.- S.6.