“Günəşim” kukla teatrının təqdimatı

 

 

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə “Günəşim” kukla teatrının təqdimat mərasimi keçirilib.

Mərasimdə 4 saylı Diyarşünaslıq klubu rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

“Günəş” mahnı qrupunun (bədii rəhbər İradə Aslanova) ifasında mahnılar, uşaqlardan ibarət “Buratino” rəqs qrupunun (bədii rəhbər Kamran İsmayılov və Nişanə İsmayılova) şən rəqsləri və klounların çıxışları balacalara unudulmaz anlar yaşadıb.

Sonra “Günəşim” kukla teatrının Abdulla Şaiqin nağılı əsasında səhnələşdirdiyi “Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.

Qeyd edək ki, “Günəşim” kukla teatrı Sumqayıt şəhərinin 70 illiyi çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 4 saylı Diyarşünaslıq klubunun nəzdində yaradılıb.

Teatrın bədii rəhbəri  Ramilə Sadıqova, səs rejissoru Emil Murad, rəssamı Günel Hüseynovadır.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.7.