Almanlar babalarının 200 il əvvəl saldıqları şəhərdə
Aprelin 22-də almanların Azərbaycanda məskunlaşmasının 200 illik yubileyi və “Helenendorf şəhər bayramı”nın qeyd olunması münasibətilə Qafqaz almanlarının nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrup Göygöl şəhərinə gəlib. Səfər Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” sərəncamına uyğun olaraq təşkil edilib.
Göygöl Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən tədbirdə qonaqlara Azərbaycanda alman tarixi irsinin qorunub saxlanmasından bəhs olunub, bunun ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin nümunəsi olması, bu irsin gələcəkdə xüsusi turizm məhsulu kimi istifadə imkanları haqqında danışılıb.
1819-cu ildə indiki Göygöl şəhəri ərazisində Azərbaycanda ilk alman məskəni – Helenendorf qəsəbəsi salınıb. Bu yubiley münasibətilə keçirilən tədbirdə Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası və “EuroKaukAsia” Elmi və Mədəni Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak edib.
İştirakçılar həmçinin
vaxtilə almanların Annenfeld qəsəbəsini
saldıqları Şəmkir rayonuna da gedərək “Şərq ulduzu”
şərab zavodunda regionun
şərabçılıq ənənələri ilə
tanış olublar.
Mədəniyyət.- 2019.- 24
aprel.-S.8.