Bu məkan nağıllar aləminə bənzəyir...

   

 

Yaz fəslinin ikinci ayı, gözəllik ilahəsi olan Afroditanın şərəfinə adlandırılmış aprel. Bu ay təqvimdə müxtəlif əlamətdar tarixlərlə zəngindir. Onlardan biri də 18 aprelin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunmasıdır. Məqsəd insanları tarixi-mədəni məkanlara daha çox cəlb etmək, diqqəti onların qorunmasına yönəltməkdir. Əfsus ki, şıltaq təbiət bu tarixdə bizi ilıq yaz  havası deyil, qış sazağı ilə “mükafatlandırmışdı”. Amma hava soyuq olsa da, paytaxtdakı tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” gününün elan edilməsi fürsətini əldən vermək olmazdı. Biz də yollandıq Bakının ən sevilən məkanlarından olan Xalça Muzeyinə.

Yəqin ki, çoxlarınız unudulmaz rejissor Arif Babayevin “Gün keçdi” filmindən əntiq əşyaları satılan dükandakı kadrları xatırlayırsınız. Bələdçi xanım əcnəbi qonaqlara bu əşyalar haqqında danışır, əcnəbi qonaqlar da onlara maraqla tamaşa edirlər. Niyə xatırlatdım bu kadrları? Çünki elə muzeyə ayaq basar-basmaz fransız, rus, ingilis, ərəb dillərində danışan turistlərin səsi mənə filmdəki həmin kadrları xatırladırdı.

 

Buna bax, aləmdir ki...

 

Giriş. 6-7 rusdilli turistlə bərabər muzeyə daxil oluram. Bizdən irəlidə isə 15-20 nəfərlik bir qrup var. Onlar bilet kassasına yaxınlaşırlar. Nəzarətçi bu gün “açıq qapı” günü olduğunu bildirir Xalça Muzeyinin foyesini sevinc şaqraq gülüşlərlə bir “Bravo!” sədaları bürüyür. Amma turist ziyarətçilər biletsiz giriş əldə etsələr , bələdçi üçün pul ödəməyə xəsislik etmirlər.

Birinci mərtəbədə yerləşən əntiq mallar mağazasına maraq böyükdür. Burada milli suvenirlər, milli ornamentli qızıl-zinət əşyaları, kəlağayılar, kiçikölçülü xalçaların gözəlliyi göz qamaşdırır. Bu təəssüratdan ayrılıb ikinci mərtəbəyə qalxan eskalatordan bir neçə metr aralı oturub xalça toxuyan muzeyin əməkdaşına yaxınlaşıram. Onun ətrafında isə çoxlu əcnəbi ziyarətçi toplanıb. Ailəliklə bu möcüzəni seyr edən qonaqlara yaxınlaşıb, söhbət edirəm. Dağıstandan gələn qayınana Leyla xanım, oğlu, gəlini nəvəsi. Onlar butalı xalçanın toxunmasına heyran olduqlarını bildirirlər. Rənglərin, ilmələrin dəqiqliyi, simmetriya, ölçülərin bir-birini izləməsi onlar üçün əsl sehr nağıl dünyasıdır. Leyla xanım bildirir ki, Dağıstanda da xalçaçılıq sənəti var, amma Azərbaycandakı kimi möhtəşəm deyil. Deyir ki, bizdə naxışlar sadə azdır, sizdə isə çoxçeşidli naxışlar insanı düşünməyə vadar edir, eyni zamanda ruha bir rahatlıq gətirir.

İkinci mərtəbəyə qalxırıq. Burada ziyarətçilərin sayı daha çoxdur. “Açıq qapı” günü münasibətilə paytaxt məktəbliləri, Almaniyadan, Rusiyadan, Kanadadan olan turistləri görürəm. Belarusdan olan Olqa Svetlana isə təəssüratlarını mənimlə bölüşür. Muzeyin binasının arxitekturası onların çox xoşuna gəlib. Bakıya gəldikləri ilk gündə muzeyi ziyarət etməkdən məmnundurlar.  Deyirlər ki, bura lap “Min bir gecə” nağıllarını xatırladır. Bu gün həm milli mətbəx nümunələrimizin dadına baxmaq arzusundadırlar. Mərakeş, Rusiya, Əlcəzairdən olan turistləri xalçalarımız öz sehrinə salıb. Qonaqlar bir xalçaya dəfələrlə baxır, rəsmlərə diqqət edir, rənglərin bir-birini əvəzləməsinin texnologiyasını anlamaq üçün aralarında fikir mübadiləsi aparırlar.

 

Bələdçi olmaq həm məsuliyyətdir

 

Turistlərdən bəzilərinin öz aralarında müzakirələri zamanı bir sıra təsvirləri düzgün təhlil etmədiklərini görüb onlara bildiklərimi izah etməyə çalışıram. Elə həmin gün hiss elədim ki, məndən heç pis bələdçi çıxmaz. Hərçənd bu, çox məsuliyyətli peşədir. Məsələn, Moskvadan gələn xanımlara Eldar Mikayılzadənin “Səttarın arzusu” xalçasını izah edirəm. Əvvəl Səttar Bəhlulzadə haqqında, sonra xalçaçılıq sənəti, daha sonra Eldar Mikayılzadə xalçanın yaranması. Təbii ki, bu izahda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin ötən il qəzetimizdə dərc olunan “Səttarın arzusu” necə yarandıməqaləsi köməyimə çatır. Milli ornamentlərimiz, simvollarımız haqqında da bildiyim qədər, həmsöhbətlərimə məlumat verməyə çalışıram.

Daha sonra qədim xalçaların sərgiləndiyi guşədə maraqlı fikir mübadiləsi aparıldığını görüb ora yaxınlaşıram. Elmi katib Püstə Ağayeva ziyarətçilərə Azərbaycanın tarixi haqqında danışır. İncəsənət elə bir sahədir ki, burada öz ölkənin tarixini mütləq bilməlisən, sənət tarixinə yaxından bələd olmalısan. Xalça Muzeyinin əməkdaşları bələdçilər isə bütün incəlikləri ilə turistlərin suallarını cavablandırır, tariximiz barədə müfəssəl məlumat verirdilər. Turistləri qədim xalçalar üzərində niyə ərəb hərfləri yazıldığı, digər xalçalarda kiril, xalçalar haqqında məlumatların isə latın qrafikası ilə olduğu maraqlandırırdı. Əlcəzairdən olan Nasira xanım deyir ki, bu muzeyə gəlməklə Azərbaycanın qədim tarixə malik olduğunu bir daha öz gözümüzlə şahidi olduq. Burada sərgilənən milli geyimlər, mis qablar, qədim silah növləri tikmələr millətin zəngin mədəni irsə malik olduğunu göstərir. Qonaq deyir ki, artıq bir neçə gündür Bakıdayıq buradakı tarixi məkanlar, muzey eyni zamanda müasir tikililəri görüb böyük zövq almışıq. İstirahət üçün buranı seçməyimizə heç peşman deyilik.

Muzeydən xoş ovqatla ayrılıram. Bayırda narın yağış yağır, qulaqlarımda valideynlərin müəllimlərin şagirdlərə dedikləri sözlər  – “xalçaya toxunmaq olmaz!... Ay uşaq, diqqətli ol, burada əcnəbi qonaqlar var!” – səslənir əvvəldə xatırladığım filmdən həmin kadrlara bu dəfə Xalça Muzeyinin mərtəbələrində rastlaşdığım mənzərələr qarışıb. Reallıq retro duyğulu ağ-qara rəngli bir kadr yazılır bu dəfə yaddaşıma...

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.8.