“Bölgələrdən bölgələrə” festivalı cəbhə zonasında

 

 

Mədəniyyət Nazirliyinin təşəbbüsü və nazirliyin regional mədəniyyət idarələrinin iştirakı ilə reallaşan “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri aprelin 18-də cəbhə bölgəsində - Tərtər şəhərində keçirilib.

Heydər Əliyev parkında təşkil olunan tədbirdə Tərtər sakinləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional idarələrin rəisləri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları və qonaqlar əvvəlcə regional mədəniyyət idarələrinin çadır-guşələri ilə tanış olublar.

İsmayıllı ustalarının misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt Regional Mədəniyyət İdarəsinin guşəsindəki bədii tikmələr, çay daşları və ağacdan hazırlanan bəzək əşyaları, Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma nümunələri, eləcə də digər bölgələrin çadır-guşələrində nümayiş olunan rəsmlər, milli və müxtəlif xalqların incəsənət növlərinin sintezi ilə hazırlanmış əl işləri maraqla qarşılanıb.

Sərgidə QarabağQazax xalçaları da nümayiş olunub. Həmçinin 2019-cu ilin “Nəsimi ilielan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi təşkil olunub. Hərbçilərin göstərdikləri xüsusi nömrələr alqışlara səbəb olub. Tədbirin yaddaqalan anlarından biriel havasının sədaları altında meydana Qarabağ atlarının gəlişi olub. Qarabağ atları parkın ətrafında bir neçə dəfə dövrə vurublar.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, festival Azərbaycan regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə zəmin yaradır.

Tədbirdə mədəniyyət işçilərinin təqdimatında Azərbaycan mədəniyyətinin inkişaf tarixi mövzusunda ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Oğuz elinin ağsaqqalı Dədə Qorqud obrazının da yer aldığı kompozisiya maraq doğurub.

Yaradıcılıq festivalında regional idarələr üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tərtər sakinləri, müxtəlif şəhər və rayonlardan gəlmiş iştirakçılar - sənətkarlar, rəngarəng əl işlərini nümayiş etdirən ustalar festivalın təşkilindən razılıqlarını ifadə edib, bölgələrdə bu cür tədbirlərin keçirilməsinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Kürdəmir Regional Mədəniyyət İdarəsini təmsil edən İxtiyar Məhəmmədli deyib: “Festivalın keçirilməsi imkan yaradır ki, bölgəyə məxsus mədəniyyət nümunələrini, əl işlərini nümayiş etdirək. Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanır”.

Şəmkir Regional Mədəniyyət İdarəsini təmsil edən Əfsanə Məmmədzadə: “Festivalda əsasən əl işləri və müxtəlif toxuculuq məhsullarını sərgiləyirik. Festivalın ən yaxşı cəhətlərindən biri odur ki, müxtəlif regionlardan gəlmiş insanlar arasında dostluq, əməkdaşlıq münasibətləri yaranır”.

Tərtər sakini Adikə Zeynalova: “Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi bizi çox sevindirir. Sərgilərə tamaşa etdik. Xüsusən Şəkidən gətirilmiş şəbəkə, toxumalar, ustaların əl işləri daha çox xoşuma gəldi. Tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, 28-29 martda Gəncə və Ağstafadan başlanan festival növbə ilə Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edəcək. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti tədbirləri 25 apreldə Xaçmazda, 26 apreldə Xırdalan şəhərində (Abşeron rayonu) keçirilməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.5.