Xalq teatrları festivalının növbəti mərhələsi İsmayıllıda keçirilib

 

 

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na uyğun olaraq III Respublika Xalq Teatrları Festivalı keçirilir.

Hazırda paytaxt Bakıda və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı fəaliyyət göstərir.

Festivalın regionlar üzrə növbəti seçim-baxış mərhələsi İsmayıllıda təşkil olunub. Bu mərhələdə İsmayıllı, Şəki və Ağdaş regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssislərin xalq teatrı kollektivləri iştirak edib.

Rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə ilk olaraq yerli Xalq teatrı rejissor Tofiq Babazadənin quruluşunda “Əsgər papağı” tamaşasını göstərib.

Ssenarinin mövzusu vətənpərvərlik hisləri, ermənilərin xalqımıza qarşı törətdiyi vandalizmin ictimaiyyətə bir daha xatırladılması, vətən torpağının işğaldan azad olunmasına köklənmiş qələbə ruhu idi. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov məlumat verib ki, Xalq teatrı mütəmadi olaraq kütləvi-mədəni tədbirlərdə, hərbi hissələrdə vətənpərvərlik mövzulu tamaşalarla çıxış edir.

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin Xalq teatrı tərəfindən təqdim olunan Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” tamaşasına (ixtisarla) rejissor Jalə Abdullayeva quruluş verib. Zaqatala rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı M.S.Ordubadi və S.Rüstəmovun “Beş manatlıq gəlin” tamaşasını (rejissor Bayram Qurbanov) nümayiş etdirib. Qax rayon Mədəniyyət Mərkəzinin Xalq teatrının “Saat hekayəsi” tamaşası müasir dramaturgiyanın məhsuludur.

Qəbələ rayon Mədəniyyət Mərkəzinin İ.Qutqaşınlı adına Xalq teatrı festivala “Göyçək Fatma” nağıl-tamaşası ilə qatılıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə festivalın seçim mərhələsində fərqlənən kollektivlərin Bakıda keçiriləcək final mərhələsinə dəvət edilməsi məqsədilə tamaşalar Şuşa Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimovun sədrliyi ilə münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Festivalın İsmayıllıda keçirilmiş seçim mərhələsində də tamaşalara baxışla yanaşı peşəkar rejissor, aktyorlar tərəfindən xalq teatrlarının üzvlərinə ustad dərsləri keçirilib, tövsiyələr verilib.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.5.