Əsərləri və şəxsiyyəti
ilə əbədiyaşar ədib
İsmayıl Şıxlının 100 illiyi ilə bağlı biblioqrafik
nəşr və elektron toplunun
təqdimatı
İstedadlı
nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və
ictimai xadim, Xalq yazıçısı İsmayıl
Şıxlı (1919-1995) ictimai-bədii fikir tariximizdə
özünəməxsus mövqeyi, orijinal dəst-xətti
olan ziyalı ədib kimi yaddaşlarda yaşayır.
Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəsillərə çatdırılmasında ədibin bədii yaradıcılığı böyük əhəmiyyət kəsb edir. İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazları ilə XX əsr Azərbaycan bədii nəsrini daha da zənginləşdirib.
Dövlət başçısının sərəncamı ilə görkəmli ədibin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “İsmayıl Şıxlı. Biblioqrafiya” da yubiley ilinə dəyərli töhfə oldu.
Aprelin 19-da Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə yeni nəşrin və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının təqdimatı keçirildi.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ədibin həyat və yaradıcılığı haqqında geniş söhbət açdı. Bildirdi ki, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi İsmayıl Şıxlı qələminə xas cəhətlərdəndir. Yeni nəşr barədə danışan direktor ədəbiyyatşünaslar, gənc tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan biblioqrafiyada ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər – kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, xarici dillərdə çap olunmuş əsərlərinin göstəricilərinin yer aldığını dedi. Yazıçının Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Fondunda mühafizə olunan arxiv materiallarının da bu nəşrdə əhatə olunduğu vurğulandı.
Kərim Tahirov yazıçının ədəbi irsi ilə maraqlananlar üçün “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının hazırlandığını və Milli Kitabxananın saytında yerləşdirildiyini də diqqətə çatdırdı.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirdi ki, Xalq yazıçısının yaradıcılığına ən böyük qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ulu öndər vaxtilə demişdir: “İsmayıl Şıxlının yaratdığı ən mükəmməl əsər bəlkə də elə yazıçının öz şəxsiyyətidir”. Doğrudan da, İsmayıl Şıxlı yazıçı olaraq öz şəxsiyyətini bir bədii əsər kimi yaratdı və onu əbədiyaşar etdi.
Xalq şairi Nəriman Həsənzadə yazıçının zəngin ədəbi-ictimai fəaliyyətindən geniş söhbət açdı. Vurğuladı ki, İsmayıl Şıxlı yaratdığı bütün obrazlarda sanki öz şəklini çəkib, müxtəlif insani keyfiyyətlərini göstərib.
Milli Məclisin deputatı Tahir Rzayev İsmayıl Şıxlı haqqında belə fundamental biblioqrafiyanı ərsəyə gətirdiklərinə görə Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirdi. Ədibin əsərləri haqqında fikirlərini bölüşən millət vəkili “Dəli Kür” romanının geniş şöhrət qazanmasını orada ayrı-ayrı obrazlar deyil, müəyyən bir tarixi dövrün öz əksini tapması ilə əsaslandırdı.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Buludxan Xəlilov qeyd etdi ki, ədəbiyyata “Quşlar” şeiri ilə gələn İsmayıl Şıxlı sonradan nəsrə keçərək bir-birindən maraqlı əsərlər qələmə alıb. O, eyni zamanda mahir pedaqoq kimi tanınıb.
Daha sonra professor Qəzənfər Paşayev, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, professor Əlizadə Əsgərli, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və digərləri böyük yazıçı haqqında fikirlərini, xoş xatirələrini bölüşdülər. İsmayıl Şıxlının Azərbaycan xalqının həyat və məişətinə, milli adət-ənənələrinə, milli ruh və psixologiyasına, onun varlığını təşkil edən milli-mənəvi dəyərlərinə dərindən bələd olduğu vurğulandı. Çıxışlarda həmçinin yeni işıq üzü görən biblioqrafiyanın əhəmiyyəti də qeyd edildi.
Ədibin ailəsi adından oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxış edərək İsmayıl Şıxlı yaradıcılığına verdiyi dəyərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. O, nəşrin ərsəyə gəlməsinə görə Milli Kitabxananın kollektivinə, eləcə də tədbir iştirakçılarına öz təşəkkürünü ifadə etdi.
Sonda Milli Kitabxananın əməkdaşı tərəfindən “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının təqdimatı oldu.
Lalə AZƏR
Mədəniyyət.- 2019.- 24
aprel.-S.1;4.