Mədəni dəyərləri silahlı
münaqişələr zamanı necə mühafizə etməli?
Cenevrədə Haaqa
Konvensiyasının İkinci Protokolunun ildönümünə həsr olunmuş beynəlxalq konfrans
keçirilir
25-26
aprel tarixində İsveçrənin Cenevrə şəhərində
“Silahlı münaqişə zamanı mədəni dəyərlərin
qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının
1999-cu ildə qəbul olunmuş İkinci Protokolunun 20-ci
ildönümünə həsr olunmuş beynəlxalq konfrans
keçirilir.
Mədəniyyət
naziri Əbülfəs Qarayev beynəlxalq konfransda iştirak
etmək məqsədilə Cenevrə şəhərinə səfər
edib. UNESCO və İsveçrə Hökumətinin təşkilatçılığı
ilə keçirilən tədbirdə iştirak edən Azərbaycan
nümayəndə heyətinin tərkibinə Azərbaycan
Respublikasının UNESCO yanında daimi nümayəndəsi,
səfir Anar Kərimov, ölkəmizin Cenevrədəki BMT
Bölməsi və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov və
Azərbaycanın İsveçrə Konfederasiyasındakı
səfiri Xanım İbrahimova daxildir.
Əbülfəs Qarayev konfransın Nazirlər panelində çıxışı zamanı 1954-cü il Haaqa Konvensiyasının əhəmiyyətindən danışaraq onun Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq sənədlərdən olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi Konvensiyanı və ona dair Birinci Protokolu 1993-cü ildə, İkinci Protokolu 2000-ci ildə ratifikasiya edib.
Nazir Qobustan qayaüstü təsvirləri və İçərişəhərə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna əsasən hərbi münaqişələr zamanı “gücləndirilmiş mühafizə” statusu verildiyini və Azərbaycan tərəfindən bu abidələrin mühafizəsi ilə əlaqədar və qeyd olunan sənədlərin icrası məqsədilə UNESCO ilə birgə fəaliyyət aparıldığını, müvafiq ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qeyd edib ki, UNESCO ilə əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük rolu var.
Nazir, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunması, həmin ərazilərdə etnik təmizləmə siyasətinin aparılması və 1954-cü il Haaqa Konvensiyasının müddəalarına zidd olaraq işğal olunmuş ərazilərdəki mədəni irs nümunələrinin Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılması barədə konfrans iştirakçılarına məlumat verib.
Əbülfəs Qarayev daha sonra konfrans iştirakçıları tərəfindən verilən sualları cavablandırıb.
Tədbirdən sonra nazir konfransda iştirak edən bir neçə ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Xatırladaq ki, Azərbaycan 2011-2015-ci illərdə UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin üzvü olub və 2015-ci ildə növbəti dörd il müddətinə (2015-2019) bu komitəyə üzv seçilib.
On iki üzvdən ibarət komitənin əsas fəaliyyəti “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun həyata keçirilməsinə nəzarət edilməsi, eləcə də mədəni irs obyektlərinə gücləndirilmiş mühafizə statusunun verilməsidir. Azərbaycanın komitəyə üzvlüyü işğal edilmiş ərazilərdəki mədəni irsimizin Ermənistan tərəfindən dağıdılması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması baxımından əlavə imkan deməkdir.
“Silahlı münaqişə zamanı mədəni
dəyərlərin qorunması haqqında” Konvensiya
14 may 1954-cü ildə Niderland
Krallığının Haaqa şəhərində
keçirilən beynəlxalq konfransda qəbul
olunub. II Dünya
müharibəsinin mədəni irsdə də ağır iz qoyan kütləvi
dağıntılarından sonra ölkələri
bir araya gətirən
konvensiya silahlı münaqişələr
zamanı mədəni sərvətlərin qorunması barədə
öhdəlikləri əks etdirən ilk
beynəlxalq sənəddir. Haaqa
Konvensiyasının Birinci Protokolu
14 may 1954-cü ildə qəbul olunub və indiyədək 130-dan çox ölkə tərəfindən təsdiqlənib.
İkinci Protokol 26 mart 1999-cu ildə imzaya
açılıb və 82 ölkə tərəfindən ratifikasiya olunub.
Mədəniyyət.- 2019.- 26
aprel.- S.1-2.