“Azərbaycan mədəniyyətlərin kəsişməsində”

 

 

Ölkəmiz Florensiyada əl işləri sərgisində təmsil olunur

 

Mədəniyyət Nazirliyinin “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na uyğun olaraq, mədəni irsimizin xarici ölkələrdə daha effektiv tanıdılması, mədəni sənayenin tərkib hissəsi olan məhsul və xidmətlərin ixrac potensialının araşdırılması və aidiyyəti layihələrin reallaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edilən fəaliyyət istiqamətinin təmin olunması, xalq dekorativ-tətbiqi və təsviri sənətinin inkişaf potensialından istifadə edilməsi, həmçinin mədəni irsimizin marketinqinin aparılması məqsədilə ölkəmiz İtaliyanın Florensiya şəhərində təşkil olunan 83-cü Beynəlxalq Əl İşləri Sərgisində iştirak edir.

Florensiya Beynəlxalq Əl İşləri Sərgisi 1931-ci ildən keçirilir. Leonardo da Vinçinin vəfatının 500-cü ilinə həsr edilən builki sərgidə 50-dən çox ölkə 600-dən artıq stendlə təmsil olunur.

Sərgidə ölkəmizi Mədəniyyət Nazirliyinin əməkdaşları – Xalq yaradıcılığı və mədəni marşrutların inkişaf şöbəsinin müdiri Günel Aslanova, şöbənin aparıcı məsləhətçiləri Elgün Əliyev və Eldəniz Ağayevxalq dekorativ-tətbiqi və təsviri sənət ustaları təmsil edirlər.

“Azərbaycan mədəniyyətlərin kəsişməsində” adlı milli stendimiz sərgi ziyarətçilərinin xüsusi diqqətini cəlb edir. Ölkəmizə səfər etmək istəklərini ifadə edən yerli sakinlərə və şəhərin əcnəbi qonaqlarına mədəniyyətimiz haqqında məlumat kitabçaları, xalq dekorativ-tətbiqi və təsviri sənətini əks etdirən broşürlər təqdim edilir. Bundan əlavə, stendin ziyarətçilərinə ölkəmizin mədəniyyəti, milli mətbəxi, uyğun infrastrukturu, hər il keçirilən beynəlxalq tədbirlər barədə məlumatlar verilir.

Sərgi 2 may tarixinədək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.1-2.