O “Avtobus”la “Çarəsiz sərnişinlər” gələcək...
“- A bala, ay oğul,
ay camaat, bir deyən yoxdu bu avtobus kəndə
gedir, ya yox?
- Ehh, əl çək
də.
- Ay sizin lap elə...
- Nəəə?”
Oturacaqlardan şığıyan adamlardan qorxan karıxmış sərnişin
də hamımızın
etdiyini edir – cumur sürücünün
üstünə:
“- Adə, elə
bil canınızı
azar alır kəndə sür deyəndə. Sür e, sür cəhənnəm
olaq. Yox e, yoruldum, daha
düşməyəcəm. Nə bilmək olar, bəlkə marşrutunu dəyişib
kəndə sürəcək...”.
Yeni tamaşa
gəlir. Həm də tam başqa
bir estetika və yozumda. Yuxarıdakı hissə də
o tamaşadan, daha doğrusu, izlədiyim məşq prosesindəndir.
Dilxor sərnişinlərin gözümçıxdıya
saldığı Kəndçinin
(Əməkdar artist Əzizağa
Əzizov) sözü
olmasın, siz də ona baxanda
“Deyəsən, mən
bu avtobusda olmuşam axı” deyəcəksiniz. Çünki
oradakı mətləblər
sizin, mənim, hamımızın görüb
deyə bilmədiklərimizdəndir...
Akademik Musiqili Teatr tamaşaçılarına
yeni səhnə əsəri tədarükündədir. Maraqlı, zamanla
səsləşən, çağdaş
teatr-tamaşaçı dialoquna
hesablanan əsər bolqar yazıçısı
Stanislav Stratiyevin məşhur “Avtobus”udur.
O əsər ki, müxtəlif teatr cərəyanlarını təbliğ
edən, fərqli poetikalarda olan bir neçə teatrda uğurlu səhnə həyatı yaşayıb. Musiqili teatrda pyesə
Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə quruluş
verir. Rejissor əsərin tamaşa
həllini “Çarəsiz
sərnişinlər” adlandırıb.
Onu da deyim ki,
bu əsər “Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili teatrda ikinci işidir. Janr etibarilə alleqorik, ekssentrik və ya təxəyyül komediyasının xüsusiyyətlərini
daşıyan tamaşanın
qeyri-adi süjet xətti var. “Yolçuluq”,
“Sərxoş gecə”,
“Çıxış yolu”
adlı 3 hissəyə
bölünəcək tamaşada
hadisələr avtobusun
içərisində cərəyan
edir. Məcburiyyət qarşısında bir araya toplaşan
sərnişinlər qəfildən
duyuq düşürlər
ki, sərxoş bir sürücünün
iradəsindən asılı
vəziyyətdə qalıblar.
Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleni yaşamağa
məhkum olan sərnişinlər çarəsiz
halda həyatın bu sürprizinə “sağ qalmaq” naminə sonadək müqavimət göstərirlər.
Bu müqavimətdə birlikdə
yol gedənlər Xalq artisti Pərviz
Məmmədrzayev (Virtuoz),
əməkdar artistlər
Əzizağa Əzizov
(Kəndçi), Ələkbər
Əliyev (Ağılsız),
Şövqi Hüseynov
(Ağıllı), Əkbər
Əlizadə (Məsuliyyətsiz),
aktyorlar Əliməmməd
Novruzov (Ər), Ülviyyə Əliyeva (Arvad), Aydan Həsənova
(Qız), Nicat Həbibov (Oğlan) ifa edəcəklər. Tamaşanın musiqi tərtibatçısı
və quruluşçu
dirijoru Orxan Həşimov, quruluşçu
rəssamı Əməkdar
mədəniyyət işçisi
İlham Əsgərov,
xormeysteri Əməkdar
artist Vaqif Məstanovdur.
Əsərin adı ilə yanaşı, janrına, üslubuna da əl gəzdirən rejissor onu musiqili
tragikomediya kimi təqdim edəcək.
Əslində, yenə də insan faktoru, onun azadlıq, həyat, münasibətlərlə
bağlı təyinləri
önə çəkilib. Yəni hər
hansı formasiya, hər hansı ideoloji təsisat yox, insanın fərd olaraq cəmiyyətə, bəşəriyyətə
münasibəti önə
çəkilib. Rejissor bir
növ hər kəsə özünə
yenidən baxış
istəyən bu tamaşaya immersiv (çoxistiqamətli) bir
forma seçib. Bunu
fasilə zamanı izah verən rejissor deyir: “Tamaşanı bütövlükdə
tragifars formata gətirib çıxarmaq
fikrindəyəm. Üstəgəl, musiqili tragifars. Səhnə işi insanlara ayılın, özünüzə
baxın və bu yer üzü
hamımıza yaşamağa
bəs edəcək deyəcək”.
Rejissordan bu ağır mövzunu Musiqili teatr estetikasında hansı rəngarənglikdə
işləyəcəyini də
soruşdum. Ən əsası isə aktyorların oyun üslubu, yeni formaya uyğunlaşma mexanizmləri maraqlı idi: “Dünənin Musiqili Komediya Teatrı əgər bu gün Akademik
Musiqili Teatr olubsa, əgər burada absurd, mistik tamaşalar belə musiqi həlli ilə birləşib yeni “izm”lərə qol qoyursa, bu,
teatrın inkişaf mərhələsinə keçməsi
deməkdir. Teatr rəhbərliyi ənənəvi
repertuarla yanaşı
bu janrlara, eləcə də yeni üslublara müraciətin tərəfdarıdır
və biz də çalışacağıq ki,
onun bu teatra
uyğun səhnə həllinə gətirilməsinə
nail olaq. Çünki teatrlar çərçivədən
çıxmalı, fərqli
islahatlar tətbiq olunmalıdır. Qeyd edim
ki, tamaşada məşğul olan bütün heyət yeni baxışlara, üslublara açıqdır
və biz məmnuniyyətlə
bu işi görürük”.
Mehriban xanım onu da deyir ki,
bu teatrda müzikldən tutmuş tragifarslara qədər gedib çıxmaq olar: “Çünki teatr təsisatı çərçivəni qəbul
etmir. Təbii ki, teatrın
öz strategiyasında
tamaşaçıya hesablanan
nümunələr də
olmalıdır və
bu teatrın repertuarında onlar yetəri qədərdir”.
Rejissor aktyor seçimi, rol bölgüsündən
də danışdı:
“Burada iki dəvətli aktyorumuz var – Şövqi Hüseynov və Pərviz Məmmədrzayev.
Qalanları teatrın öz
aktyorlarıdır və
yetərincə işlək,
məsuliyyətli və
istedadlı ifaçılardır.
Çox düşündükdən
sonra seçim etmişəm və onlarla iş məni qane edir”.
Hadisələr avtobusda cərəyan etdiyindən rejissorun aktyorları yüksək dinamikaya kökləməsi
vacibdir. O da bu məqam üzərində
xüsusi dayanıb. İzlədiyim 2-3 parçanın hər birində daim hərəkət vardı. Bədən və mimikalar
işlək, temp yüksəkdir.
Təbii
ki, əksi mümkün də deyil. Çünki mətndəki ağırlıq
və məkandakı
məhdudluq buna adekvat hərəkətlilik
tələb edir.
Rejissor deyir: “Heç də statik məkan olmayacaq. Sağa, sola istiqamətini tez-tez dəyişən avtobusumuz olacaq. Bütün imkanlardan istifadə edərək dekorasiyanın
özünü işlək
edəcək, temporitmə
uyğunlaşdıracağıq. O ki qaldı aktyor
plastikasına, təbii
ki, hərəkətsizlik
mümkünsüzdür. Daxili dinamika
çox güclüdür
və bu olmasa, tamaşa alınmayacaq”.
Canlı musiqi olaraq orkestrin
ifasından istifadə
olunacaq. Rejissorun dediyinə görə, ikinci hissəyə keçiddə orkestr önə keçəcək
və tamaşaçılar
aktyorlar səhnədə
olmadan, musiqinin sədaları altında həmin doqquz dəqiqəlik fasiləni
keçəcəklər: “Sonra aktyorlar gələcək və beləcə, süjet xəttimiz parçalanmadan
davam edəcək. Virtuozun (P.Məmmədrzayev) solo ifası,
Qızın (A.Həsənova)
vokal performansları maraqlı olacaq. Yəni musiqi tamaşada bir obraz kimi
çıxış edəcək
– musiqili tamaşalarda,
müzikllərdə olduğu
kimi”.
Fərqli
münasibətlərin musiqili
həllini tapdığı
tamaşanın nə
zaman hazır olacağına gəlincə,
rejissor prosesin uzun çəkməyəcəyini
dedi.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2019.- 26
aprel.- S.5.