“Hüsnü-cəmal, əqli kamal”
İmadəddin Nəsiminin 650 illiyinə həsr
olunmuş bədii qiraət müsabiqəsinə
yekun vurulub
Beynəlxalq
Muğam Mərkəzində böyük Azərbaycan şairi
və mütəfəkkiri İmadəddin Nəsiminin 650
illiyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli
kamal” adlı ali məktəblərarası bədii qiraət
müsabiqəsi qaliblərinin mükafatlandırılması
və yekun konserti keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək Nəsiminin Azərbaycan ədəbiyyatı tarixində yerindən, şairin fəlsəfi poeziyasından söhbət açıblar.
Bildirilib ki, şairin 650 illiyinə həsr olunmuş silsilə tədbirlərdə ali məktəb tələbələri də yaxından iştirak edir, təhsil ocaqlarında Nəsimi yaradıcılığı ilə bağlı müxtəlif layihələr reallaşır. Müsabiqənin məqsəd və əhəmiyyəti haqqında danışan rektorlar tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra “Hüsnü-cəmal, əqli kamal” bədii qiraət müsabiqəsində I, II və III yerləri tutan tələbələrə diplomlar və pul mükafatları təqdim edilib.
Mükafatlandırma mərasimindən sonra təqdim olunan ədəbi-musiqili proqramda xalq artistləri Gülyanaq Məmmədova və Teyyub Aslanovun ifasında İmadəddin Nəsiminin qəzəllərindən ibarət muğam parçaları, eləcə də müsabiqə qalibləri və laureatları olan tələbələrin ifasında dahi şairin şeirləri səslənib.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 26
aprel.- S.4.