Moskvada azərbaycanlı rəssam Müseyib Əmirovun sərgisi
Rusiya paytaxtında Azərbaycan rəssamı Müseyib Əmirovun sərgisi açılıb. Rəssamın “Günəşli küləyin blüzü” adlı sərgisi Moskvadakı Zurab Sereteli İncəsənət Qalereyasında təşkil edilib.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ölkəmizin Rusiyadakı səfirliyi və Rusiya Rəssamlıq Akademiyasının birgə təşkil etdiyi sərginin ekspozisiyasına rəssamın 2015-ci ildən indiyədək çəkdiyi 100-ə yaxın əsəri daxildir. Rəsmlərin bir çoxu tamaşaçılara ilk dəfə təqdim olunur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sərginin açılış mərasimində çıxış edərək ekspozisiyanın təşkil olunmasına görə Heydər Əliyev Fonduna, Zurab Sereteli İncəsənət Qalereyasına təşəkkürünü bildirib. Azərbaycan rəssamlarının əsərlərinin dünyanın məşhur muzeylərində sərgiləndiyini vurğulayan səfir M.Əmirovun özünəməxsus dəst-xəttindən, əsərlərinin parlaqlığı, rəng çalarlarının müxtəlifliyindən danışıb. O qeyd edib ki, bu rəsmlərin timsalında Azərbaycan incəsənətinin dünya miqyasında uğurla təmsil olunduğunu demək olar.
Polad Bülbüloğlu həmçinin xatırladıb ki, bu ilin may ayında Bakıda, Heydər Əliyev Mərkəzində Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin əsərlərinin sərgisi keçiriləcək. Səfir məşhur rəssamın əsərlərinin Bakıda sərgilənməsini Azərbaycanın mədəni həyatında mühüm hadisə adlandırıb.
Sərginin kuratoru Mariya Filatova rəssam Müseyib Əmirov ilə artıq çoxdan tanış olmasından, onun özünəməxsus
yaradıcılıq üslubundan
danışıb. M.Filatova qeyd edib ki,
M.Əmirovun rəsmləri avropasayağı dəqiqlik, azərbaycansayağı
emosionallığı ilə fərqlənir.
Mədəniyyət.- 2019.- 26
aprel.- S.8.