“Bu
festival tariximizə, adət-ənənələrə
bağlılığın təcəssümüdür”
Gədəbəydə ilk dəfə
keçirilən Milli Yaylaq Festivalı müxtəlif ölkələrdən
gələn qonaqlarda da böyük maraq doğurub
Xəbər
verdiyimiz kimi, ölkəmizdə yaylaq və elat ənənələrinin
yaşadılması və təbliği məqsədilə
iyulun 26-dan 28-dək ilk dəfə olaraq Gədəbəy rayonunda
Milli Yaylaq Festivalı keçirilib.
Festival
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi
(TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı,
Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi, Azərbaycan
Atçılıq Federasiyası və Dünya Etnoidman
Konfederasiyasının dəstəyi ilə gerçəkləşib.
Gədəbəy
rayonundakı Düzyurd-Miskinli yaylağında təşkil
olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş
qurumların rəsmiləri, diplomatlar, 16 ölkədən
nümayəndələr, o cümlədən Dünya
Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə
də yerli və xarici turistlər qatılıb.
Açılış
mərasimində rayon İcra Hakimiyyətinin
başçısı İbrahim Mustafayev
iştirakçıları salamlayaraq, Milli Yaylaq
Festivalının təşkilində əsas məqsədin
Azərbaycan xalqının zəngin mədəni irsinin,
yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin,
unikal mədəniyyət nümunələrinin və tarixi
abidələrinin nümayiş etdirilməsi və ərazinin
turizm potensialının üzə
çıxarılmasından ibarət olduğunu diqqətə
çatdırıb.
Kənd
təsərrüfatı naziri İnam Kərimov
çıxışında festivalın önəmindən
danışıb. Qeyd edib ki, çoxsaylı qonaqların ilk
dəfə keçirilən Milli Yaylaq Festivalına
qatılması bu layihənin gələcəyindən xəbər
verir. Nazir Azərbaycanın multikultural ölkə olduğunu
vurğulayıb: “Milli Yaylaq Festivalının təşkil
olunması Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə
bağlılığının, dəyər verməsinin təcəssümüdür.
Festivala qonşu ölkələrdən qonaqlar təşrif
buyurublar. Bu tədbir təkcə Gədəbəyin deyil, Azərbaycanın
gözəlliklərini, onun diyarlarını, təbiətini
nümayiş etdirmək üçün bir fürsətdir.
Hesab edirəm ki, festival iştirakçıları Gədəbəyin
füsunkar təbiətinə heyran qalacaq və bu regionun daimi
qonaqları olacaqlar. Bu festival, həmçinin Azərbaycanın
dostluq və qardaşlıq diyarı olduğunu göstərir.
Bu tədbirdə ölkəmizlə yanaşı, Türkiyənin
aidiyyəti qurumları da təşkilatçıdır.
Milli Yaylaq Festivalı eyni zamanda Azərbaycan-Türkiyə
qardaşlığının təcəssümü və
nümayişidir”.
TİKA-nın
Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki
festivalın təşkilatçıları arasında
olmalarından məmnunluğunu ifadə edib, tədbirə
qatılan xarici ölkə nümayəndələrinin milli
adət-ənənələrlə yaxından tanış
olacağını vurğulayıb. Qeyd edib ki, ilk festivala
çoxsaylı iştirakçının, o cümlədən
yerli və xarici turistin qatılması bu layihənin
davamlı olacağından və öz məqsədinə
çatacağından xəbər verir.
Türkiyənin
Azərbaycandakı səfiri Erkan Özoral və “Cavadxan” Tarix
və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov
Milli Yaylaq Festivalının bölgədə turizmin
inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin
qorunub saxlanılmasında oynayacağı roldan
danışıblar.
Festival
iştirakçılarını Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman
Konfederasiyasının sədri Bilal Ərdoğan deyib: “Belə
bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin
inkişafına güclü dəstəyin olduğunu göstərir.
Mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik.
Buna görə də gənc nəsil arasında milli idman
oyunlarının təbliği aparılmalıdır ki, onlar
unudulmasın. Əgər öz mədəniyyətimizə
sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər
arzularına çatarlar. Hər bir xalq, millət öz milli
idman növlərini yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi
milli idman növləri dünyanın zənginliyidir. Biz
Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman
növləri sahəsində çalışan bütün
qurumlarla çox yaxından əməkdaşlıq etmək
istəyirik. Bugünkü gün bu baxımdan xoş bir
başlanğıc olsun”.
***
Açılış
mərasimindən sonra tədbir iştirakçıları
festivalda nümayiş olunan adət-ənənələrlə
tanış olub, milli idman növlərinə tamaşa ediblər.
Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu”
adlı etno-qəsəbədə alaçıqlarla
yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı)
bazarı, sənətkarlıq guşəsi, “Dədə
Qorqud ocağı” (tamaşaçılar üçün səhnə),
yaylaq yatağı (ev heyvanları üçün yerlər),
pəhləvan meydanı, “Aşıq Ələsgər
ocağı”, yaylaq süfrəsi və digər tematik sahələr
yaradılıb.
Növbəti
gün davam edən el şənliyində yaradılan mədəni-etnoqrafik,
milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri
qonaqların diqqətini çəkib.
Festival
iştirakçıları aşıqların deyişməsini,
milli rəqsləri (yallılar, cəngilər),
tamaşaları, qədim xalq oyunlarını izləyib, yaylaq
kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət
nümunələrinin satış-sərgisi də təşkil
olunub.
Meydana
daxil olan çaparların Qarabağ atları ilə şousu
alqışlarla qarşılanıb. Bir tərəfdə at
yarışları, atüstü milli oyunlar, milli güləş,
çoban güləşi, zorxana, oxatma yarışları
keçirilib, digər tərəfdə isə qonaqlar və
turistlər arasında kütləvi oyun-yarışlar təşkil
olunub.
Festivalın
eko-etnoturizm hissəsində turistlər üçün
köhnə ənənəvi üslubda düzəldilmiş
yurdlarda qalmaq və adi kənd həyatını yaşamaq –
mal-qara otarmaq, ot biçmək, taya düzəltmək, atlara
qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə
məşğul olmaq, milli xörəklər bişirmək
kimi imkanlar yaradılıb.
Həmçinin
bölgənin görməli yerlərinə – Koroğlu
qalası, Mahrasa məbədi, Qız qalası və digər
məkanlara turlar, at gəzintiləri ekskursiyalar təşkil
olunub.
Festivalın
üçüncü – sonuncu günü də maraqlı
anlarla yadda qalıb. Ölkəmizdə yaşayan müxtəlif
etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin
çıxışları festivalın bayram ovqatına əlavə
rəng qatıb.
Tədbir
çərçivəsində “Azərxalça”
Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunan
xalçalar da nümayiş etdirilib, xüsusi
ayrılmış guşədə hana qurulub, xalça
toxunub. Ayrı-ayrı milli xalça qruplarına aid olan
xalçalar festival iştirakçıları tərəfindən
maraqla qarşılanıb. Burada həmçinin
xalçaçılıq tariximizdən bəhs edən, “Azərxalça”nın
fəaliyyətini əks etdirən kitablar, kataloqlar,
broşürlər də sərgilənib.
Festivalın
sonunda iştirakçıların keçidi və
mükafatlandırma mərasimi olub. Milli Yaylaq Festivalına
konsert proqramı ilə yekun vurulub. Beləliklə, ilk dəfə
reallaşan layihə əsl bayram tədbirinə çevrilib
və minlərlə iştirakçı üçün ən
xoş anlarla yaddaşlara həkk olunub.
Mədəniyyət.- 2019.- 1 avqust. S. 1;4.