Sirk
sənətimizin yubilyar veteranı
Milli
sirk sənəti mədəniyyətimizin qədim
çağlarından qaynaqlansa da, ölkəmizdə peşəkar
sirk sənəti nisbətən yaxın dövrdə təşəkkül
tapıb.
Dahi
bəstəkar və ictimai xadim Üzeyir Hacıbəylinin təşəbbüsü
ilə yaradılan ilk peşəkar sirk kollektivinin
premyerası 1946-cı il iyunun 12-də keçirilib. “Azərbaycan
toyu” adlı bədii-etnoqrafik tamaşada Azərbaycanın ən
istedadlı sirk artistləri – pəhləvan Sali Süleyman,
akrobatlar Fuad Nəzirov, Viktor Xelaya, kəndirbaz Rza Əlixan,
atlet Qasım Abdullayev, sim üzərində rəqs edən
Şəfiqə Baxşəliyeva, təlimçilər
İsmayıl Mirzəyev, Maral Şirinova və
başqaları çıxış edib. Bakı sirkindəki
uğurlu premyeradan sonra məşhurlaşan kollektiv uzun illər
Sovet İttifaqının müxtəlif şəhərlərinə
qastrol səfərlərinə çıxaraq milli mədəniyyətimizi
şərəflə təmsil edib.
Həyatını
sirk sənətinə həsr edən, uzun illər Azərbaycan
milli sirk kollektivinin aparıcı artistlərindən olmuş
Ağasala Ağəli oğlu Rəsulov bu il 85 illik yubileyini
qeyd edir. Azərbaycan sirkində akrobatika janrının
inkişafında böyük xidmətlər göstərmiş
Ağasala Rəsulov çox zəngin və maraqlı həyat
yolu keçib. O, 1934-cü il avqustun 2-də Bakıda,
İçərişəhərdə anadan olub. Atası
Böyük Vətən müharibəsində həlak
olduğundan ailələri çətin şəraitdə
yaşayıb. 1941-ci ildə məktəbə qədəm
qoyan kiçik Ağasalanın istedadı rəqs müəlliminin
nəzərindən qaçmayıb və onu Xoreoqrafiya məktəbinə
göndəriblər. Dərslərini səylə oxuyan
Ağasala, eyni zamanda idmana da böyük həvəs göstərib.
1945-ci ildə “Burevestnik” idman cəmiyyətinə gələrək
akrobatika ustası Qafar Səfərovun yanında məşğul
olmağa başlayıb və öz fiziki
hazırlığı, bədən plastikası,
çalışqanlığı ilə müəlliminin
sevimli şagirdlərindən birinə çevrilib.
Həmin
il milli sirk proqramının yaradılması istiqamətində
işlər başladığından, sirk kadrlarının
hazırlanması üçün Bakıda ilk dəfə
Sirk studiyası açılmışdı. Qafar müəllimin
məsləhəti ilə oraya gedən Ağasala çox gərgin
bir müsabiqədə qalib gələrək, Bakı Dövlət
Sirkinin köhnə binasında fəaliyyət göstərən
studiyaya qəbul olunur. Burada təcrübəli sirk
ustalarının rəhbərliyi altında bu ecazkar sənətin
sirlərinə yiyələnən Ağasala sevimli məşqçisini
unutmur, “Burevestnik” cəmiyyətindəki məşqlərə
də getməyə vaxt tapırdı. 1946-cı ildə “Bədən
tərbiyəsi günü” münasibətilə Qızıl
meydanda çıxış etmək üçün Moskva
şəhərinə göndərilən idmançılar
sırasında Ağasala Rəsulov da vardı. Gənc
idmançılar ölkə rəhbərliyinin
dayandığı tribuna qarşısından keçərək
öz istedadlarını nümayiş etdirirlər.
İdmançılarımız 1947-ci ildə də Moskvaya dəvət
alır və “Dinamo” stadionunda keçirilən möhtəşəm
tədbirdə Azərbaycanı uğurla təmsil edirlər.
Sirk
studiyasında Ağasala Rəsulovla birgə gələcək
sənət dostları Abdulla Babayev, Malik Əhmədov da təhsil
alırdı. Onlara akrobatika janrının incəliklərindən
başqa rəqs, plastika, musiqi dərsləri keçilir,
ekvilibr, gimnastika, jonqlyorluq və digər sirk janrlarının
əsasları öyrədilirdi. Studiyanı bitirən 13
yaşlı Ağasala 1947-ci ildə Sirk Birliyinə işə
qəbul olunaraq Xarkov şəhərinə göndərilir.
Xarkov sirkində Nikolay Kobılovun rəhbərlik etdiyi
nömrədə çıxış edən Ağasala
mürəkkəb tryuklar ifa edirdi. N.Kobılov arxası
üstə uzanaraq, uzun bir nərdivanı ayaqları üzərində
saxlayırdı. Ağasala bu nərdivanın lap
yuxarısına qalxaraq əlləri üstə dayanır,
müxtəlif akrobatik hərəkətlər icra edirdi.
Ağasalanın bacarığına heyran qalan Nikolay
Kobılov nömrəni getdikcə mürəkkəbləşdirir,
yeni hərəkətlər əlavə edirdi, gənc artist isə
bütün bunların öhdəsindən layiqincə gəlirdi.
Tezliklə
A.Rəsulov Dmitri Starodubtsevin rəhbərliyi ilə “İkari
oyunları” nömrəsinə göndərilir. Daha mürəkkəb
olan bu nömrədə üç qüvvətli akrobat
arxası üstə uzanaraq yüngülçəkili digər
akrobatları ayaqları ilə bir-birinə tərəf
atır, onlar isə bu zaman havada mürəkkəb akrobatik hərəkətlər
icra edirdilər. Ağasala Rəsulov bu hərəkətləri
böyük bacarıqla ifa edir, sirk studiyasında mənimsədiyi
voltij, ekvilibr elementlərinin öhdəsindən asanlıqla gəlirdi.
O, azyaşlı olduğu üçün məktəbə də
gedir, sənəti ilə qazandığı pulların bir
hissəsini isə anasına göndərərək ailəsinə
yardım edirdi.
1951-ci
ildə A.Rəsulov Azərbaycan milli sirk kollektivlərinə dəvət
alır və Fuad Nəzirovun rəhbərlik etdiyi,
üç nəfərdən ibarət “Templi akrobatlar”
nömrəsində çalışmağa başlayır.
F.Nəzirov tərəf-müqabilləri Viktor Xelaya və
Ağasala Rəsulovun geniş yaradıcılıq
imkanlarından bəhrələnərək nömrəyə
yeni mürəkkəb sıçrayışlar, kaskadlar əlavə
etmişdi. Həmin illərdə Azərbaycan kollektivində
çalışan sənətçilərin peşəkarlığı,
özünəməxsus ifa tərzi onları qısa zamanda məşhurlaşdırmış,
tamaşaçıların sevimlisinə çevirmişdi.
1954-cü
ildə görkəmli rejissor Georgi Venetsianovun Leninqrad sirkində
azərbaycanlı artistlərin iştirakı ilə
hazırladığı, su üzərində ifa olunan
“Mağarada atəş səsi” adlı süjetli pantomima
kollektivin yaradıcılığında böyük hadisəyə
çevrildi. Sovet sirkinin ən böyük layihələrindən
olan bu tamaşa çox mürəkkəb süjetli sirk
pantomiması janrında hazırlanmış, tamaşaya 200-ə
yaxın iştirakçı cəlb olunmuşdu. Proqrama Azərbaycan
sirk kollektivinin bütün heyətinin cəlb edilməsi,
doqquz əsas roldan altısını azərbaycanlı artistlərin
ifa etməsi, artistlərimizin aktyor sənəti
baxımından da yetkinliyinə dəlalət edirdi. Ucqar sərhəd
kəndində sərhədçilərin
qarşılaşdığı mürəkkəb vəziyyətdən
bəhs edən tamaşanın süjeti döyüş səhnələri,
atlıların bir-birini təqib etməsi və başqa bu
kimi hadisələrlə zəngin olan sirk detektivi janrında
qurulmuşdu. Körpünün partladılması, leysan
yağış, manejin su ilə dolaraq, gölə
çevrilməsi, kəndirin üzərində sərhədçinin
diversiyaçı ilə əlbəyaxa olması, “Şərq
bazarı” səhnəsində İsmayıl Mirzəyevin təlim
verdiyi camışların, ulaqların, ceyranların
görünməsi, eləcə də artistlərimizin ifa
etdiyi bir sıra komik səhnələr tamaşaya
böyük uğur qazandırmışdı. Tənqidçilər
artistlərimizin bazar səhnəsində ifa etdikləri bədii
tapıntıları xüsusi vurğulayır, Əsəd Rzayevin,
İsmayıl Mirzəyevin, Mansur Şirvaninin, Şəfiqə
Baxşəliyevanın, Qasım Məlikovun, Ağasala Rəsulovun
adlarını ayrıca qeyd edirdilər.
1955-ci
ildə ordu sıralarına çağırılan
Ağasala Rəsulov hərbi xidmətə tank
qoşunlarında sürücü-mexanik kimi başlasa da,
tezliklə onun istedadından xəbər tutan rəhbərlik
tərəfindən idman rotasına göndərilir. Burada da
Ağasala yüksək nəticələr göstərərək
Silahlı Qüvvələrin çempionatında
gümüş medallara sahib olur.
A.Rəsulov
1958-ci ildə hərbi xidmətini başa vuraraq doğma kollektivə
qayıdır. Azərbaycan milli sirk kollektivi öz uğurlu
çıxışları ilə daim respublika rəhbərliyinin
etimadını doğrultduğundan 1959-cu ildə Moskvada
keçiriləcək II Azərbaycan ədəbiyyatı və
incəsənəti dekadasında çıxış etmək
üçün Bakı sirkində “Biz Bakıdanıq”
adlı yeni proqramın hazırlanması barədə göstəriş
verilir. Tamaşanın rejissorları Rudolf Qrinye və Soltan
Dadaşov idi. Onlar Ağasala Rəsulova Malik Ağayev və
Xanlar Rəsulovla birlikdə “Akrobat-ekssentriklər” adlı sirk
nömrəsi hazırlamağı tapşırır. Dörd
ay davam edən gərgin məşq prosesindən sonra
üçlüyün ifa etdiyi akrobatik nömrə mütəxəssislərin
yüksək qiymətini qazanır.
1966-cı
ildə Azərbaycan sirk kollektivinin heyəti əhəmiyyətli
dərəcədə dəyişilmişdi. Həmin ilin 15
aprel tarixində kollektivin ifasında Azərbaycan
xalqının inqilabi mübarizəsinə həsr olunmuş
“Qaya üzərində işarə” adlı süjetli
tamaşa göstərilir. Tamaşada kəndirbaz Cəmaləddin
Zalov, Yuri Merdenovun rəhbərliyi ilə atlı akrobat qrupu,
Viktor Xelayanın rəhbərliyi ilə akrobatlar qrupu, Xoca Nəsrəddin
obrazında M.Pozdnyakov, Şulı və Qulı obrazlarında
musiqili ekssentriklər Qasım Abdullayev və Qəzənfər
Məlikov iştirak edirdi. Bitkin dramaturji konstruksiyaya,
maraqlı süjetə malik olan tamaşada əsas rolları
artistlərdən Ağasala Rəsulov (Aslan), Şəfiqə
Baxşəliyeva (Güli), Əli Əsgərov (Səfər
bəy) ifa edirdilər. Ağasala Rəsulov bu tamaşada
özünün “Templi akrobatlar” qrupu (tərəf-müqabilləri
Malik Əhmədov və Stas Lyovkin) ilə
çıxış etməklə yanaşı, yüksək
aktyorluq istedadı ilə də tamaşaçıların rəğbətini
qazana bilmişdi.
***
Bütün
ömrünü sirk sənətinə həsr etmiş veteran
sənətçimiz 1987-ci ildə Azərbaycanda yeni milli sirk
proqramı yaradılarkən də kənarda qalmamış, həmkarı
Viktor Xelaya ilə birlikdə kollektivin məşqlərində
yaxından iştirak etmiş, gənclərdən öz məsləhətlərini
əsirgəməmişlər.
Ağasala
Rəsulovun oğlu, Rusiya Federasiyasının Əməkdar
artisti Rauf Rəsulov (1965) da atasının keçdiyi şərəfli
yolun layiqli davamçısı olmuş, uzun illər ekvilibr
ustası, akrobat, heyvan təlimçisi kimi dünyanın
müxtəlif ölkələrində uğurla
çıxış etmişdir. 85 yaşını qeyd edən
Ağasala Rəsulov bu gün də şux qaməti, nurlu
siması ilə gənclərə nümunədir. O, sirk aləmində
baş verən yenilikləri diqqətlə izləyir,
televiziyada sirk tamaşası nümayiş olunarkən qəlbi
sevinclə döyünür, özünü yenidən manejin
mərkəzində, gur işıq selinin altında hiss edir.
Veteranın ən böyük arzusu isə nə vaxtsa
Bakıda Sirk məktəbinin açılmasıdır.
Rəcəb MƏMMƏDOV
AMEA Memarlıq və İncəsənət
İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.-
2019.- 2 avqust. S. 1;5.