UNESCO-dan
və Dünya İrs Mərkəzindən Azərbaycana təşəkkür
məktubları
UNESCO-nun
Baş direktoru xanım Odre Azule Azərbaycan Respublikası
Hökumətinə Dünya İrs Komitəsinin 43-cü
sessiyasının keçirilməsi ilə bağlı təşəkkür
məktubu göndərib.
Məktubda
ölkəmizin UNESCO-nun bu nüfuzlu tədbirinə yüksək
səviyyədə ev sahibliyi etdiyi bildirilir və Dünya
İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq
prosesi, sessiyanın təşkili, iclasların effektiv idarə
edilməsinə görə minnətdarlıq ifadə olunur.
Baş
direktor Bakıya səfəri zamanı Qobustan qoruğunu ziyarət
etməkdən zövq aldığını da xüsusi qeyd
edir: “Mən şəxsən Qobustanın timsalında Azərbaycanın
zəngin mədəni irsini kəşf etməkdən, Azərbaycan
Hökumətinin və Mədəniyyət Nazirliyinin bu məkanın
qorunub saxlanılmasında, təbliğində nümayiş
etdirdiyi səylərə şahidlik etməkdən xüsusilə
məmnun oldum”.
Məktubda
həmçinin Azərbaycan Respublikasının Mədəniyyət
naziri 19 noyabr 2019-cu il tarixində UNESCO Baş
Konfransının 40-cı sessiyası öncəsi keçiriləcək Mədəniyyət
Nazirləri Forumunda iştiraka dəvət olunub.
Baş
direktorun məktubu bu fikirlərlə bitir: “Mən
Bakını UNESCO və Azərbaycan arasında dinamik
inkişaf edən münasibətlər fonunda tərk etdim və
bu, məni çox məmnun etdi. Bir daha əmin oldum ki, Sizin dəstəyinizə
daim etimad edə bilərəm”.
***
UNESCO-nun
Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler də
Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə
bağlı Azərbaycan Hökumətinə təşəkkür
məktubu göndərib. Məktubda ölkəmizin bu mötəbər
tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi
təqdir olunur. Qeyd edilir ki, Bakı sessiyasında gündəlikdə
duran bir çox məsələlər zamanında və
müvəffəqiyyətlə həllini tapıb. Xanım
Rossler Dünya İrs Mərkəzindəki həmkarları
adından iclasların yüksək səviyyəli təşkilinə
görə Azərbaycan Hökumətinə, o cümlədən
gündəlik planlaşdırmalara birbaşa cəlb olunan,
UNESCO katibliyinə hər cür lazımi köməklik
göstərən komandaya xüsusi minnətdarlığını
ifadə edib: “Biz iclasların keçirildiyi möhtəşəm
məkanı, göstərilən peşəkarlığı,
heyətin alicənablığını, yüksək səviyyədə
təşkil olunan xidməti, iclasların
koordinasiyasını həyata keçirən şəxslərin
isti münasibətini xüsusi qiymətləndiririk”.
Dünya
İrs Mərkəzinin direktoru məktubunda həmçinin Azərbaycanın
Mədəniyyət naziri 27-28 noyabr tarixində UNESCO-nun Parisdəki
mənzil-qərargahında keçiriləcək dünya irsi
üzrə Konvensiyanın iştirakçısı olan
dövlətlərin 22-ci ümumi iclasına dəvət
edilib. Bildirilir ki, iclasda Dünya İrs Komitəsi 43-cü
sessiyasının sədrinin komitənin fəaliyyəti ilə
bağlı hesabatının dinlənilməsi nəzərdə
tutulur.
Mextild
Rossler məktubun sonunda bir daha davamlı əməkdaşlığa,
dünya irsi üzrə Konvensiyanın həyata keçirilməsində
göstərilən dəstəyə görə Azərbaycan
Respublikası Hökumətinə minnətdarlığını
bildirir.
Xatırladaq
ki, 30 iyun – 10 iyul 2019-cu il tarixlərində Bakıda UNESCO-nun
Dünya İrs Komitəsinin 43-cü sessiyası
keçirilib. Azərbaycan 2015-ci ildən Dünya İrs Komitəsinin
üzvüdür və 2019-cu ildə komitəyə sədrliyi
həyata keçirir. 43-cü sessiyanın iclaslarına Azərbaycan
Respublikasının Mədəniyyət naziri sədrlik edib.
Sessiyada 180-dən çox ölkədən 2500-dən
çox nümayəndə, o cümlədən nazirlər,
yüksək səviyyəli rəsmilər, eləcə də
beynəlxalq təşkilatların rəhbər və məsul
şəxsləri iştirak edib.
Mədəniyyət.-
2019.- 2 avqust. S. 1;3.