125 yaşlı ilk
kitabxana-qiraətxanamız
Ən böyük zövqü oxumaq, ən yaxın dostu kitablar olan insandan elə ən çox ətrafı bəhrələnər. Çünki biliyə, oxuyub öyrənməyə həvəsli insanın əlindən gələn iş də elə yaxşılıq olar.
Bəşəriyyətin ən böyük icadlarından olan kitabın tarixi və bu günü göstərir ki, o ən etibarlı dost kimi hər zaman yanımızda olacaq. Forma və hazırlanma texnologiyaları təkmilləşsə də...
Azərbaycan kitabı kimi kitabxanalarının da tarixi zəngindir. İlk dəfə daha çox məhdud dairədə və şəxsi kitabxana kimi fəaliyyət göstərən belə mədəniyyət ocaqlarının kütləvi forması XIX əsrin sonlarında ortaya çıxdı. Bu ideyanı həyata keçirən isə görkəmli yazıçı-dramaturq, ictimai və dövlət xadimi Nəriman Nərimanov oldu. O, 1894-cü ildə Bakıda ilk ümumi açıq milli kitabxana-qiraətxananın əsasını qoydu. Bu, Azərbaycan xalqının ictimai-mədəni həyatında əhəmiyyətli hadisələrdən idi.
1894-cü ilin 1 avqustu
Kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Abuzər Xələfov “Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)” kitabında bu məsələyə geniş yer verir: “Hələ 1891-ci ildə Bakıya gəlib müəllimlik edən Nəriman Nərimanov xalqın zülm və əsarət altında yaşamasını və onu bu zülmdən xilas etmək yolunu maarifdə görürdü. Milli xalq kitabxana-qiraətxanası yaratmaq fikrinə düşən N.Nərimanov görkəmli ziyalıların yaxından köməyi ilə Xaqaninin, Nizaminin, Füzulinin, Sədinin, Hafizin, Firdovsinin, Bakıxanovun, M.F.Axundovun, M.P.Vaqifin, Q.Zakirin, S.Ə.Şirvaninin və b. əsərlərini, həmçinin jurnal və qəzet komplektlərini toplamağa başladı.
Kitabxana-qiraətxananı açmaq üçün müəyyən hazırlıq işi görüldükdən sonra N.Nərimanov Bakı qubernatoruna icazə üçün müraciət etdi. Müəyyən çətinlikdən sonra qubernator 1894-cü il avqustun 1-də kitabxana-qiraətxananın açılmasına icazə verdi. Məhz 1894-cü ilin 1 avqustunda kitabxana-qiraətxana fəaliyyətə başladı. Bu kitabxana-qiraətxana Nərimanovun və onun silahdaşlarının mədəni-maarifçilik fəaliyyəti sayəsində qısa bir müddət içərisində milli demokratik ideyaların təbliğat mərkəzlərindən birinə çevrildi”.
Şübhəsiz ki, həmin dövrdə kitabxana-qiraətxananı lazımi ədəbiyyatla təmin etmək də çətin idi. Bir tərəfdən Bakıda qəzet və kitab nəşrinin az olması və mütərəqqi qəzet və kitabların yoxluğu, digər tərəfdən də ehtiyac duyulan maddi vəsaitin olmamağı kitabxananın təkmilləşməsi işini çətinləşdirirdi. Kitabxananı təkmilləşdirmək, onu qəzet, jurnal, kitablarla təmin etmək üçün N.Nərimanov və başqaları çox zəhmət çəkməli olurlar. Nərimanov qısa zamanda Misir, Bolqarıstan, Türkiyə, İran və başqa ölkələrin nəşriyyatları, Rusiyanın bir çox şəhərləri ilə əlaqə yaratmağa müvəffəq olur. Müxtəlif dillərdə qəzet, məcmuə, risalə və kitablar ala bilir. Bir çox nəşrlər isə Nərimanov və başqa ziyalıların xahişi ilə milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə əldə edilmişdi. Bəzi qəzet və jurnallar isə Nərimanova pulsuz göndərilirdi.
Xurafatın xofu
Oxucuları cəlb etmək və daha çox kasıb kütlənin mütaliəsinə dəstək olmaq üçün qiraətxanaya giriş haqqı iki qəpik idi. Oxucuların suallarına tez və vaxtında cavab vermək, fondda mövcud kitabları, qəzet və jurnalları onların nəzərinə çarpdırmaq üçün kataloq da düzəldilmişdi. Kitabxanaçı vəzifəsində Nərimanovun yaxın silahdaşlarından olan, öz işini sevən və bu işə yüksək qiymət verən Əlisgəndər Cəfərzadə işləyirdi.
Qiraətxananın fondunda bir çox dillərdə qəzet, jurnal və kitabların mövcudluğu bütün millətlərdən olan oxucuların yararlanmasına imkan yaradırdı. Oxucuların əksəriyyətini fəhlələr təşkil edirdi. Mədəniyyət ocağı getdikcə inqilabi-demokratik və beynəlmiləlçi ideyaları təbliğ edən bir mərkəzə çevrilirdi.
Bu xeyirxah və mütərəqqi iş heç də hamı tərəfindən rəğbətlə qarşılanmır, köhnəfikirli adamlar, xüsusən də ruhanilər və çar məmurları qiraətxananın əleyhinə çıxış etməyə başlayırlar.
Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, bu sahədə araşdırmaların müəllifi Knyaz Aslan deyir ki, o dövrdə ruhanilər qiraətxanaya getməyi müsəlmanlar üçün günah hesab edir, qəzet oxuyanları kafir adlandırırdılar: “Cəhalət düşkünləri ilə yanaşı, çar hökuməti də bu kütləvi müəssisəyə şübhə ilə yanaşır, onun işinin genişlənməsinə hər cür vasitələrlə mane olmağa çalışırdı. Buna görə də geniş xalq kütlələrini qiraətxanaya cəlb etmək böyük çətinlik törədirdi. Bütün bu çətinliklərə baxmayaraq, tədricən kitabxananın əhəmiyyəti dərk edilir, oxucuların sayı çoxalırdı. Maraqlı burasıdır ki, kitabxananı görmək istəməyən ruhanilər belə get-gedə onun fəaliyyəti ilə maraqlanır, açıq gələ bilmədiklərindən qəzet və jurnalları evlərinə gətirdib oxuyurdular”.
Qiraətxana səhnəsində
Onu da qeyd edək ki, kitabxana təkcə qəzet, jurnal, kitab verməklə kifayətlənmir, həm də geniş kütləvi iş aparırdı. Kitabxananın nəzdində ədəbiyyat və aktyorluq dərnəkləri də təşkil edilmişdi. Təbii ki, bu da Nərimanovun elm, bilik ocağını çar Rusiyasının qəzəbindən qorumaq məqsədindən qaynaqlanırdı. Bu həm də onun teatr vasitəsilə kitabxanaya daha çox oxucu cəlb etmək missiyası da sayıla bilər.
Azərbaycanın teatr mədəniyyəti tarixində xüsusi rol oynamış bu dərnəkdə dövrün müəlliflərinin bir neçə əsəri tamaşaya qoyulmuşdu. Tamaşaların nümayişindən əldə edilən vəsait qiraətxananın ehtiyacları üçün xərclənmişdi.
Cəmi dörd il...
Kitabxana-qiraətxananın fəaliyyəti, xalq arasında böyük nüfuz qazanması N.Nərimanovu çox sevindirirdi. O bu işi daha da genişləndirməyi zəruri sayırdı. Bu məqsədlə Bakı qubernatoruna müraciət edən görkəmli maarif xadimi 1897-ci ildə müvafiq icazəni ala bilir. Təbii ki, bu, çox böyük nailiyyət idi. Hadisə Azərbaycan ziyalıları və demokratik ictimaiyyəti arasında ruh yüksəkliyinə səbəb olmuş, kitabxanaya qayğı və diqqət xeyli artmışdı. Ancaq böyük mədəni-maarif fəaliyyəti uzun sürmür. Kitabxananın bu geniş təbliğatçılıq işi ictimaiyyətdə bir sıra qüvvələrin və hakim dairələrin diqqətini cəlb etməyə başlayır. Nəticə olaraq kitabxana 1898-ci ildə çar hökuməti tərəfindən bağlanılır.
Ağır şəraitdə dörd il fəaliyyət göstərən bu maarif mənbəyi, şübhəsiz ki, ölkənin mədəni inkişafında, xalqın milli şüurunun yüksəlməsində mühüm rol oynayıb.
HƏMİDƏ
Mədəniyyət.- 2019.- 2 avqust.- S.1;6.