“Gəl
bu sirri gör ki...”
XV əsr Azərbaycan
xalqının ictimai-siyasi,
ədəbi-mədəni həyatında
yeni bir mərhələ hesab edilir. Ana dillində ədəbiyyat daha geniş vüsət alır, mədəniyyətin
inkişafına zəmin
yaranır. Bu dövrdə yazıb-yaradan
şairlərdən biri
də Qaraqoyunlu dövlətinin hökmdarı
Cahanşah Həqiqidir.
Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci
ildə Cənubi Azərbaycanın Xoy şəhəri yaxınlığında
kiçik bir kənddə anadan olub. Uşaqlıq və gəncliyi
çətin bir dövrə təsadüf
etsə də, mükəmməl mədrəsə
təhsili alıb.
O, həmçinin atası
– Qaraqoyunlu hökmdarı
Qara Yusifin hərbi yürüşlərində
və dövlət idarəçiliyində yaxından
iştirak edib.
Araşdırmalardan məlum olur ki, 1420-ci ildə Qara Yusif ölür. Hakimiyyət
uğrunda çəkişmələr
başlayır. Bundan istifadə
edən Əmir Teymurun oğlanları Şahrux və Baysunqur Azərbaycan üzərinə hücuma
keçirlər. Gərgin mübarizədən
sonra Qara Yusifin oğlu İsgəndər hakimiyyətə
gəlir. O, bir müddət sonra Şirvanşah I Xəlilullahla
savaşa girir. Bu mübarizədə Cahanşah öz qardaşına qarşı
çıxır. Bu güc qarşısında
İsgəndər Şirvandan
geri çəkilir.
1435-ci ildə hakimiyyətə
Cahanşah gəlir. Hökmranlığını bərpa etmək
istəyən İsgəndər
qardaşına savaş
açaraq Təbrizə
yürüş edir.
Bu dəfə də Cahanşahla Şirvan əmirlərinin
birləşmiş qoşunları
onu məğlubiyyətə
uğradır. Naxçıvandakı Əlincə qalasına sığınan İsgəndər
öz yaxın adamları tərəfindən
sui-qəsd nəticəsində
öldürülür. 1447-ci ildə Şahrux
Xorasanda dünyasını
dəyişir. Bu hakimiyyətsizlikdən
istifadə edən Cahanşah Sultaniyyə,
Qəzvin və Həmədanı Qaraqoyunlu
torpaqlarına qatır.
Ölkədə sabitlik yaranan kimi Cahanşah ticarət, sənətkarlıq,
elm və mədəniyyətin
inkişafı üçün
böyük səylər
göstərir. Onun hakimiyyəti illərində
Naxçıvan, Gəncə
və Təbriz kimi iri şəhərlər
inkişaf edir. Bu dövrdə Cahanşahın
göstərişi ilə
məşhur Müzəffəriyyə
memarlıq kompleksi
(1456) tikilib istifadəyə
verilir. Cümə məscidi, xanəgah,
kitabxana, mədrəsə,
türbə və digər tikililər bu kompleksdə birləşirdi. Hazırda bu
nəhəng kompleksdən
yalnız memarlıq tarixinə Göy məscid adı ilə daxil olan əzəmətli cümə məscidi qalıb.
Bədii yaradıcılıqla məşğul
olan Cahanşah əsərlərini “Həqiqi”
təxəllüsü ilə
qələmə alıb. Azərbaycan
və fars
dillərində qəzəl,
məsnəvi və rübailər yazan şair Şərq ədəbiyyatına dərindən
bələd olub. O, tanınmış fars şairi Əbdürrəhman Cami ilə dostluq münasibəti saxlayıb.
Cami onun şeirlərini yüksək qiymətləndirərək
bir şeirində Həqiqinin “Divan”ını
“xəzinə” adlandırıb.
Həqiqi “Divan”ının taleyi də maraqlı olub. Tədqiqatçılar uzun müddət
divanı itmiş zənn ediblər. Amma 1961-ci ildə “Divan”ın əlyazması İstanbulda,
türk sultanlarının
saray kitabxanasında saxlanılır. Osmanlı sultanı
Əbdülhəmidin dövründə
əlyazma kitabxanadan itir. Bir müddət sonra
isə Misirin İsgəndəriyyə kitabxanasında
tapılır. Sonra yenə
müəmmalı şəkildə
yoxa çıxır
və bu dəfə Londonda aşkara çıxarılır.
Tarixən mədəni mirasımıza göz dikən bədnam ermənilər sərdar şairin “Divan”ını da ələ keçirirlər. Nyu-Yorka erməni kolleksiyaçısı Arutyun Qazaryanın vəsiyyətinə əsasən, əlyazma İrəvan Dövlət Universitetinə gətirilir. Ədəbiyyatşünas Lətif Hüseynzadə “Divan”ı burada tapır və üzərində işləyərək dərc etdirir.
Həqiqinin yaradıcılığından məlum olur ki, Şərq fəlsəfəsi onu dərindən düşündürüb. Şah olsa da, böyük mütəfəkkir şair İmadəddin Nəsiminin təbliğ etdiyi hürufiliyə meyil edib. O, hərflərin insan sifətində əks olunduğuna inanıb.
Ümumiyyətlə, Cahanşah Həqiqinin poeziyası Orta əsr Azərbaycan ədəbiyyatında özünəməxsus mövqeyə malikdir. Şairin lirikasında həssas qəhrəman, zərif duyğular ustalıqla tərənnüm olunub. Səmimi hisslər, kövrək duyğular Həqiqinin yüksək poetik dillə verilib:
Eşqin əsrarını faş etmişəm aləmdə mən
Gəl bu sirri gör ki, ol əsrara müştaqam yenə...
Cahanşah hakimiyyətinin son illərində ona qarşı çıxanlara amansız olur. 1452-ci ildə ona tabe olmaq istəməyən feodalları öz ətrafında birləşdirir. Oğlu Pirbudağı İsfahan hakimi təyin edir. Hücum edərək Şiraz və Kirmanı tutur. 1453-cü ilin sonunda Təbrizə qayıdan Cahanşah görür ki, oğlu Həsənəli burada üsyançılara rəhbərlik edir. Dərhal sərt tədbirlər görür. Amma anasının təsiri ilə Həsənəlini edam etmir. Ölkədən sürgün edilən Həsənəli atasının düşməni Ağqoyunlu hökmdarı Uzun Həsənə sığınır. Sonra da qardaşı Pirbudağı tapır. Qardaşlar birləşərək Cahanşaha tabe olmadıqlarını bildirirlər. Bunu eşidən Cahanşah 1462-1463-cü illərdə Şirazı mühasirəyə alır və özünə təslim edir. Anaları bu dəfə də qardaşları xilas edir. Bundan sonra Cahanşah dövlət idarəçiliyini oğlanları arasında bölür. Pirbudağı Bağdada, Mirzə Yusifi Farsa, Qasımbəyi isə Kirmana göndərir. Amma Pirbudaq yenidən itaətsizlik edir. Sultanlıq həvəsi ilə atasına qarşı çıxır. Cahanşah 1466-cı ildə Bağdadı tutur və oğlunu edam etdirir.
Uzun Həsən 1467-ci ilin yazında Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına qarşı hücuma keçərək onu məğlub edir. Həmin ilin 4 oktyabrında Cahanşah Həqiqi qətlə yetirilir və Təbrizdəki Göy məsciddə dəfn olunur.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 2 avqust.- S.6.