Vətəndaşların xahiş
və müraciətləri dinlənilib
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyulun 26-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Quba rayon Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz rayonundan, nazir müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul ediblər.
Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayev vətəndaşlarla görüşdən əvvəl Quba rayon Heydər Əliyev Mərkəzində rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkil olunmuş əl işləri və xalq sənətkarlıq nümunələrindən ibarət sərgi ilə tanış olub.
Qəbulda iştirak edən vətəndaşlar tərəfindən Quba rayonunun Gültəpə kəndində olan Baba Məhəmməd türbəsinin təmir olunması, I Nügədi kənd məscidinin bərpası, Qusar Dövlət Ləzgi Dram Teatrının bina şəraitinin yaxşılaşdırılması, Qusar rayon Həzrə kəndindəki Şeyx Cüneyd məqbərəsinin bərpası ilə bağlı müraciət ediblər. Həmçinin Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin Xalq teatrına çevrilməsi və kollektivə milli geyimlərin verilməsi, Qırmızı Qəsəbədə dağ yəhudilərinin muzeyi, habelə işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflər nazirə çatdırılıb.
***
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirdiyi qəbulda Xaçmaz Dövlət Rəsm Qalereyasının fondunda olan əsərlərin mübadiləsinə, rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiya işinin təşkilinə köməklik göstərilməsi xahiş olunub. Qəbulda həmçinin Xaçmaz Xalça Muzeyində “Milli geyim incilərimiz” adlı bölmənin yaradılması, Xalq teatrının maddi-texniki bazasının gücləndirilməsi, “Yallı” folklor kollektivi üçün milli geyimlərin və aksesuarların verilməsi, rayonda Sənətkarlar evinin yaradılması, kənd kitabxana filiallarının ali məktəb dərslikləri və uşaq ədəbiyyatları ilə təmin olunması ilə bağlı müraciətlər səsləndirilib.
***
Vətəndaşların nazir müavini Rafiq Bayramovla görüşündə Şabran tarixi qoruğunda arxeoloji qazıntı işlərinin davam etdirilməsi və qoruq üçün inzibati binanın tikilməsi, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Pirəbədil Tarix muzeyinin ekspozisiyasının yenidən qurulması, mərkəzi kitabxanalara yeni kitabların verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciətlər olub.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur
bölmələrinin nümayəndələrinin
iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar
diqqətlə dinlənilib, qaldırılan məsələlərin
böyük əksəriyyəti yerindəcə
həll edilib, bəzi müraciətlərin
operativ araşdırılması və
qanunvericiliyə uyğun həlli üçün müvafiq
tapşırıqlar verilib. Ümumilikdə
qəbullarda 50 nəfərə yaxın vətəndaş iştirak edib.
Mədəniyyət.- 2019.- 2 avqust.- S.4.