İlin ən isti
festivalı bu dəfə də yaddaşlarda iz qoydu
Bakı sakinləri və şəhərimizin qonaqları üçün ənənəvi musiqi bayramına çevrilən “JARA” Beynəlxalq Musiqi Festivalı bu dəfə də Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində hər kəsə sevgi dolu anlar yaşatdı. Müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun təsisçisi Sergey Kojevnikovun birgə təsis etdiyi festivalın dördüncüsü 25-28 iyul tarixində rəngarəng proqramlarla gerçəkləşdi.
Musiqi bayramında dörd gün ərzində səhnəyə 200-dən artıq ifaçı çıxdı.
İlk gün və bol musiqi
Festivalın möhtəşəm açılış konsertində fəxri qonaqlar sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da var idi. Jurnalistlərin festivalla bağlı suallarını cavablandıran Leyla Əliyeva bildirdi ki, festivalın əhvalı və yüksək səviyyədə təşkili burada çalışan və tamaşaçı qismində qatılan insanlardan asılıdır: “Festivalın gözəl keçməsi sizin enerjinizdə, sizin sevginizdədir. Sizin düşüncələrinizdə və Azərbaycandadır”.
Tanınmış rusiyalı aparıcı Yana Çurikovanın təqdimatında baş tutan konsert proqramında Filipp Kirkorov, Vera Brejneva, Bosson, Rita Dakota, Dmitri Matatov, Nikolay Baskov, Kristina Orbakayte, Emin Ağalarov, Qriqori Leps, Ani Lorak, Lolita, Sergey Lazarev, Albina Canabayeva, Maks Barskix, Artik & Asti dueti, Olqa Buzova, Alessandro Safina, Çingiz Mustafayev, Monatik, Zülfiyə Xanbabayeva, “Vremya & Steklo”, “A-studio” qrupları və başqaları çıxış etdilər. Repertuarlarından hit mahnılarını səsləndirən ifaçılar eyni zamanda festivalla bağlı təəssüratlarını bölüşdülər.
Gündən-günə daha da isti...
İkinci gün – iyulun 26-da çox sevilən “Lyube” musiqi qrupunun
30 illik yubiley gecəsi keçirildi. Həmin
gün səhnədə
“İvanuşki İnternational”,
“Fabrika”, “Qorod
312”, Alyona Apina, Nataşa Korolyova, “Otpetnıye moşenniki” və “Na-Na” qrupu çıxış
etdi. Həmçinin Qriqori Leps və Stas Mixaylovun
yaradıcılıq gecələri
də təşkil edildi.
Özünəməxsus “battl” janrında təşkil edilən gecədə sonda qalib gələn yenə də musiqi oldu. Həmin gecə
tamaşaçıların çoxdan gözlədiyi
duet – Azərbaycanın Xalq
artisti Aygün Kazımova və Rusiyanın Xalq artisti Filipp Kirkorovun birgə çıxışı da
böyük coşqu yaratdı.
Film kimi festival
Festivalın 3-cü günündə də maraqlı anlar yaşandı.
Azərbaycanın və
Rusiyanın tanınmış
simalarının iştirakı
ilə “Cinemaplus” kinoteatrında “JARA 2018” komediya filminin təqdimat mərasimi keçirildi. İstənilən musiqi festivalı
irimiqyaslı hadisədir.
Bu hadisənin səhnəarxası
əhvalatları isə
bəlkə də səhnədəkindən az maraq kəsb etmir. Təqdim edilən film də festivalın səhnəarxasından
bəhs edir. Filmin çəkilişləri “JARA” festivalı çərçivəsində
ötən ilin iyul ayında Bakıda gerçəkləşib.
Ekran əsərinin süjeti Rusiya estradasının ulduzları ilə dolu təyyarədə başlayır. Onlar Bakıya
uçurlar. Onların arasında
Daşa Steklova adlı qız da var. Filmin qəhrəmanını aktrisa
Diana Pojarskaya oynayır.
Bədii
romantik komediya janrında çəkilən
film sentyabrın 5-dən kinoteatrlarda
nümayiş olunacaq.
Filmin ideya müəllifi və prodüseri Timur Cəfərovdur.
Həmin gün axşam isə 90-cı illərin ən populyar ifaçıları öz
repertuarlarını təqdim
etdilər. Nəsillərin görüşü də adlandırıla bilən bol musiqi, disko ruhlu
gecədə nostalji anlar yaşandı. Səhnədə zamanların
sevilən musiqi qrupları “Ruki verx”, “Na-Na”, ifaçılar
Vladimir Kuzmin, Aleksandr Buynov, Nataşa Koroleva, İqor Nikolayev, Valeriya, Alyona Apina, Emin Ağalarov,
Dilarə Kazımova, Xalq artisti Briliant
Dadaşova və başqaları festivalın
gündəliyini öz
repertuarları, ötən
illərin alovlu notlarının sədaları
ilə bəzədilər.
“Z nəsil” musiqisinin tüğyanı
Musiqi bayramının
son günündə “Z nəsil”
(ötən əsrin
90-cı illərinin sonu
– 2000-ci illər nəsli)
nümayəndələri üçün
düzlənmiş proqram
da maraqla qarşılandı. Rusiyanın
hip-hop ifaçısı Timatinin
solo konserti və Loboda, HammAli və Navai, Nyuşa, Lyubov Uspenskaya, Babək Məmmədrzayev, Samra, Slava, Yuliya Kovalçuk,
Andro, Gemini, Alessandra, Anna Sedokova,
Timur Rodriqez, Serebro bir-birindən maraqlı ifalarla çıxış etdilər.
Həmin
gün festival çərçivəsində
Heydər Əliyev Mərkəzinin parkında Rusiyanın
“MUZ TV” telekanalının təşkil
etdiyi diskotekada da estrada ulduzları
çıxış etdilər.
Musiqi davam edir...
Festival iyulun 28-də sənətçilərin
səhnədə birgə
ifası və atəşfəşanlıq ilə
yekunlaşdı. Sənətçilər Bakı tamaşaçısı
ilə vidalaşaraq növbəti ildə mütləq görüşə
gələcəklərini vəd
etdilər. Vurğulandı ki, bizləri musiqi birləşdirir və bu festival xalqlarımız arasında
körpü rolunu oynayır.
Bu dəfə də
“JARA 2019” yüksək səviyyədə
təşkilatçılığı ilə yadda qaldı. Ənənəsinə sadiq qalaraq həm musiqiçilər,
həm də dinləyicilər arasında
istilik, doğmalıq
yarada bildi. Qeyd edək ki, ildən-ilə coğrafiyası
genişlənə festivalın
növbəti ildə
Dubayda ikinci dəfə, eləcə də Almaniya, ABŞ və Belarusda keçirilməsi nəzərdə
tutulur. Gələn
il festivalın
5 yaşı tamam olacaq. Bu dəfə
rusiyalı müğənnilərlə
yanaşı, Türkiyə,
ABŞ və digər
ölkələri təmsil
edən musiqiçilərin
iştirakı ilə
də konsert nəzərdə tutulur.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 2 avqust.- S.8.