Bu günlərdə siz Azərbaycanın tarixi-mədəni dəyərləri ilə də tanış olmaq imkanı əldə edəcəksiniz”

 

 

 

Azərbaycan paytaxtı növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. Avqustun 5-də Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (“IOI 2019”) açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın olimpiada iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda qeyd olunur ki, belə bir mötəbər bilik yarışmasının Azərbaycanda təşkili təsadüfi deyildir. İnformasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə məktəblilər arasında olimpiada hərəkatı ildən-ilə geniş vüsət almaqdadır. Məktəblilərimiz son illər ərzində beynəlxalq olimpiadalarda uğurla iştirak edərək ümumilikdə yüz altmış medal qazanıblar.

Bu olimpiada günlərində siz, eyni zamanda, Azərbaycanın keçmişi, bu günü və zəngin tarixi-mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni-yeni dostlar tapmaq imkanı əldə edəcəksiniz. Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm”, - deyə məktubda bildirilir.

Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov mərasimdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Azərbaycan müxtəlif beynəlxalq və regional tədbirlərə ev sahibliyi edir. İki həftə əvvəl Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilib. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və bir çox digər tədbirlər Bakıda uğurla gerçəkləşib.

Vurğulanıb ki, beynəlxalq bilik olimpiadaları elmin populyarlaşdırılması vasitəsi olmaqla yanaşı, həm də təhsilin vacib bir vasitəsidir. “IOI” iştirakçılarının bir çoxu hazırda startapinnovasiya ilə məşğul olan aparıcı mütəxəssislərdir.

Diqqətə çatdırılıb ki, 1965-ci ildə Berklidə, Kaliforniya Universitetinin professoru, görkəmli Azərbaycan alimi Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə inqilab etdi. O zaman yəqin ki, qeyri-səlis məntiqin gündəlik həyatımıza avtomobil, elektronika, tibb, nəqliyyat, telekommunikasiya və digər sahələrdəki texnologiyalar vasitəsilə daxil olacağını təsəvvürə gətirmək çətin idi. Lütfi Zadə bugünkü gənclər üçün elm və bəşəriyyətin gələcəyinə sadiqliyin bir rəmzidir.

Mərasimdə çıxış edən ADA Universitetinin rektoru, səfir, “IOI 2019”un fəxri sədri Hafiz Paşayev bildirib ki, olimpiadanın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır:Bu gün auditoriyada əyləşənlər növbəti 10-15 ildə texnoloji inkişafın meyillərini və gündəmini formalaşdıracaqlar. Buna görə də bizim bu tədbirə ev sahibliyi etməyimiz Azərbaycanın həm təhsil, həm də İT sektoruna dərin marağı, qayğısı və dəstəyini nümayiş etdirir”, - deyə rektor Hafiz Paşayev bildirib. “Niyyətimiz bölgədə elmi araşdırmalar və innovasiya üzrə mükəmməllik mərkəzinə çevrilməkdir”, - deyən Hafiz Paşayev bu məqsədlə ADA Universiteti yanında gələcəkdə “Elm kəndi”nin qurulmasının nəzərdə tutulduğunu deyib.

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti, professor Qreq Li “IOI 2019”un açılış bəyannaməsini diqqətə çatdırıb, yarışmanın dəyəri barədə söz açıb.

Daha sonra “IOI 2019”un 88 ölkə və regiondan nümayəndə heyətləri təqdim edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadası avqustun 11-dək davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən bu yarışmada 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət nümayəndə heyətləri iştirak edir.

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.2.