Elə bir ömür ki...

 

 

Kubra Əliyeva: “Mədəniyyətin yaşaması və özünün xüsusiyyətlərini qoruması üçün vacib faktorlar dil və sənətkarlıqdır”

 

Ona min illərin sirli həyat və sənət izlərini köçürə bilib. İlləri, onillikləri yola saldıqca, dünya, kainat, realirreal həyat təsəvvürləri ən dərin qatlara getdikcə öz saflığını, sevgisini, ən əsası da ruhundakı təbii azadlığını itirməyib.

Bu gün ömrün 75-ci dayanacağında heç də hər adam haqqında belə sözləri rahatlıqla deyə bilmirsən. Səbəb isə çox sadədir: başqalarının hisslərindən çox yaşadıqlarına, zahirinə varırıq. O isə nə özündə, nə başqalarında heç vaxt təsvirçi olmayıb. Yəqin elə buna görə də hər şeydə bir paklıq, gözəllik axtarıb. Elə bizonunla söhbətimizdə bir alim, tədqiqatçı, sənətşünas ömrünə nəzər salmağa, dünyasına varmağa, onu hələ də pərvaz etdiyi uşaqlığına, ayrıla bilmədiyi gənclik dünyasına aparmağa çalışdıq. Təbii ki, ömrünün 50 ildən çoxunu sərf etdiyi sənətşünaslıq elmimizə verdiyi əvəzsiz töhfələrinə ehtiramla.

Gəlin bu unikal biliyə, istedad, bacarıq və düşüncəyə sahib qadını – AMEA Memarlıq və İncəsənət İnstitutunun Qafqaz Albaniyasının Memarlıq və incəsənəti şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kubra Əliyevanı daha yaxından tanıyaq.

 

- Kubra xanım, sizi belə gülərüz, işıqlı görmək bizim də əhvalımıza xoş təsir etdi. Məncə, bu, təkcə rəngarəng geyiminizin, eləcə də yaşınızdan da gənc görünüşünüzün doğurduğu təəssürat deyil...

- İltifat etdiniz, deməli, sizə təşəkkür etməliyəm. Amma yox, həm də məsləhət verməliyəm. Dünya o qədər gözəl, təbiət o qədər füsunkar, insan beyni, onun yaratmaq qabiliyyəti o qədər parlaqdır ki, məncə, bu işıq hamımızda var və olmalıdır. İndi kimsə özünü qaranlığa tərk edibsə, bu başqa məsələ. Amma işıq, parlaqlıq hamımızın beynində və qəlbində mövcuddur. Yetər ki, özümüzə baxa bilək. Daha doğrusu, özümüzdən baxa bilək.

 

- Maraqlıdır, həm də mübahisəli. Adətən həyat və yaradıcılığın insan xarakterinə təsirinin yüksək olmasından danışırlar. Yəqin sizin də sənət və həyat xronikanızda bu fakt əsas yerdədir.

- Yəqin elə belə də olmalıdır. Yaranışımdan bu belə idi. Ağlım kəsəndən fərqli olduğumu anladım. Təsadüf nəticəsində də akademiyaya gəlib düşdüm. Atam şuşalıdır. Unudulmaz alimimiz, dünya şöhrətli xalçaçı-rəssam Lətif Kərimovla qonşu məhəllələrdə olublar. İllər sonra doğma Şuşada ailəvi istirahət edərkən yenidən rastlaşdılar. Beləcə, mənim bu sənət yolum başladı. O, atamdan təhsilim barədə soruşdu. İncəsənət İnstitutundan mədəniyyətşünaslıq üzrə məzun olduğumu eşidəndə “Onda göndər yanıma gəlsin, mənimlə işləsin” dedi. O vaxtdan Lətif müəllimin yanında kiçik laborant kimi işə başladım.

 

- Bayaq söhbət əsnasında bir babanızın boyaqçı, digərinin isə naşir olduğunu dediniz. Sənətə, kitaba, ümumilikdə elm və yaradıcılığa marağın mayasında da bu fakt var yəqin...

- Tanınmış naşir Abuzər Orucovun nəvəsi olmağımla daim qürurlanmışam. Şuşada hamının tanıyıb hörmət etdiyi boyaqçı babamı, onun şəhərin ən gözəl məhəlləsindəki unikal memarlığa malik evini isə unuda bilmirəm. Bu gün də gözlərimi yumanda xəyalən məhz Şuşaya, o həyətə, tut ağacının kölgəsinə, daş döşəməli məhəlləyə gedirəm. İndi yəqin ki, o yerlər də bizsiz qəribsəyib. Şuşa möhtəşəm idiora mənim üçün dünyanın mərkəzidir.

 

- Şuşa koloriti, incəsənəti sizin yolunuzu unikal bir şəxsiyyətlə - Lətif Kərimovla bağladı. Xatirələrinizdə Lətif müəllim necə qalıb?

- İlahi, sarı simə toxunmaq həm də budur yəqin. Yaddaşımda, xatirələrimdə, yazı-pozumda, ümumən hər anımda o var. Həyat elə adamları təsadüfən yetişdirir. Onun haqqında bütün deyəcəklərimi bir kitab halında ərsəyə gətirmişəm. İstər Şuşa, istər sənət, istərsə də Lətif müəllim həyatımın başban-başa hər yerini, yaxşı mənada, zəbt edib.

 

- Deyəsən, bir xeyli də tələbkar adam olub. Həm özünə, həm də ətrafındakılara qarşı...

- Hədsiz dərəcədə. Təsəvvür edin ki, ilk günümdə mənə ömrüm boyu unutmayacağım tövsiyəsini verdi: Əgər sənəti sevsən qal, sevməsən get. O, təbii ki, fars dilini çox gözəl bilirdi və mənə ilk vaxtlardan fars dilini öyrətməyə başladı. Sonradan bütün kitablarındakı mənbələri səhifəsinədək məndən soruşar, hər bir elmi bilgini müzakirə edərdi. 1967-ci il sentyabrın ayının 7-dən başlanan yol bu gündavam edir. Lətif müəllimi daim böyük sevgi ilə xatırlayıram. Hisslərimi ona həsr etdiyim yazılarımda da usanmadan ifadə edirəm. Ruhu daim şad olsun. Onun ən yaxşı tələbəsi, əməkdaşı olmağımla daim qürurlanmışam.

 

- 52 ildir bu məkanda, kitab dolu rəflər, qalaqlanmış kağızlarla örtülü masa ətrafında oturmaq, araşdırmaq, el-el, oba-oba axtarmaq, tapmaq, analiz etmək o qədər də asan deyil. Heç usandığınız vaxt olubmu?

- Qətiyyən. Baxın, indibir neçə məqalə, kitab üzərində işləyirəm. Hərçənd mən yaşda adamlar əsasən işləmir, dincəlirlər. Görünür, gendən gələn əməksevərlik, oxumağa, öyrənməyə meyil də məni bura bağladı. Gözümü açandan evimizdə zəngin kitabxana olub. Təbii ki, kitabçı babanın nəvəsi elə kitabsevər olmalı idi. Uşaq vaxtından həm o kitabları oxuyur, həm də rəfiqələrimə oxumağa verirdim. İstəyirdim ki, onlar da zövq alsınlar, öyrənsinlər. Düzdür, kitab səxavətimə görə cəzalar da alırdım. Valideynlərim bu nadir nüsxələri sevərək qoruyurdular. Bütün bunlar mənim oxumaq istəyimi artırdı. İnadkarlığım və azad düşüncəm həm də anamdan qaynaqlanır. Kapitalist qızı, məşhur Məlikaslanovların oğluna nişanlı gənc kimi onun haqqında verilən bu ailə qərarına inad sevdiyi oğlanaatama qoşulub qaçıb. Atamın gözəl görünüşü, ziyası 14 yaşlı qızı ovsunlamaya bilməzdi. Təbii ki, evləndikdən sonra atam anamın təhsilinə mane olmadı, əksinə, ona kömək etdi, daha yaxşı təhsilə yönəltdi. Birlikdə Ağdamda, Güllücə kəndində müəllim kimi işləyirlər. Çox çətin, maddi məhrumiyyətli həyat yaşayıblar. 17 yaşında ilk övladını dünyaya gətirən anam Şekspir vurğunluğuna görə oğluna Hamlet, qızına isə Ofeliya adını verir.

 

- Yəqin sizKubra olmamısınız?

- Mənim qəhrəmanım daha mürəkkəbdir (gülür). Valideynlərimin sonbeşikləriyəm. Adımı da ispan romanından bir qəhrəmanın adı ilə Tanaelda qoyurlar. Uzun illər sonra anasını yuxuda görən anam adımı dəyişib Kubra qoyur. Bilirsiniz, adların insan taleyindəki rolunu, təsirini mən bacı-qardaşımın həyatlarında da hiss etdim. Ona görə övladlarına ad seçən valideynlər gərək düşünüb-daşınsınlar, xoşbəxt, uğurlu insanların adlarını götürsünlər.

 

- Sizin təhsil aldığınız dövrün gəncliyinin maraqlı idealları, populyar ixtisasları var idi. Sənətşünaslıq seçiminiz də belə fərqlənməyə hesablanmışdı?

- Yox, ruhuma hopmuşdu. Hərçənd anam israrla müəllim olmağımı istəyirdi. Qəbul imtahanlarını vermişdim də. Amma öz-özümə “müəllim olmayacağamdeyirdim. Olmadım da. Təsadüf nəticəsində İncəsənət İnstitutunda oxuyan bir qızla tanış oldum və elə gedib o instituta da qəbul oldum. Bunu anama demək çox çətin idi. Çünki anam çox zabitəli qadın idi. Amma başqa əlacım da yox idi. Hər şeyi dedimxeyli danlandım. Amma yolumdan dönmədim və sevdiyim sənətə yönəldim.

 

- Uzun pedaqoji yol da keçmisiniz. Təxminən 40 il dərs demisiniz...

- Bəli, çünki bu işi mükəmməl öyrənmişdim. Bir var gedib 4-5 il təhsil alıb hansısa ixtisasa yiyələnəsən, bir var 26 il bir rəssamın, sənətşünasın yanında olasan, onun şaxələnmiş sənət vərdişlərinə tam yiyələnəsən. Lətif müəllim biliyinin 90 faizini mənə verdi. 1979-cu ildən başlayaraq mən ondan öyrəndiklərimi öyrətməyə başladım. Bədii metaldan keramikaya, xalçadan keçəçiliyə, hətta həsir, çətən, yəni xalq sənətinin bütün növlərini, həm də texnologiyası ilə öyrətdim. Sənəti öyrətdiyim bütün tələbələrim ən yüksək nailiyyətləri qazanıblar. Ən azından o sənət, əl qabiliyyətləri onları ac qoymur, əksinə, hörmətli, təminatlı edir.

 

- Sizi ənənə, folklorla çağdaş, professional incəsənəti sintezdə təqdim və təlqin edən sənətşünas-pedaqoq kimi də xarakterizə edirlər...

- Mənim əsas elmi istiqamətim Azərbaycanın xovsuz xalçalarıdır. Mövzunu mənə Lətif müəllim verdi və mən də niyə məhz xovsuz xalçalar, axı mən bununla bağlı heç nə bilmirəm kimi narahatlıqlarımı dilə gətirdim. O isə əminliklə “Sən öhdəsindən gələcəksən” dedi. Ondan sonra səyyahlığım başladı. Beləcə, anamla bütün ölkəni gəzdim, bölgə-bölgə məişətə, adət-ənənələrə, yaradıcılıq növlərinə bələd oldum. Etnoqrafiya, dil, din, yəni inanclarından mətbəxlərinədək hamısını mənimsədim.

 

- Mədəniyyəti zəngin xalqdan bəhrələnmə, mənimsəmə meyilləri hər zaman var. Bu kontekstdə özünəməxsusluğu qorumaq asandır?

- Unutmayın ki, güclü xalqlar, mədəni baxımdan zəngin millətlər daim hücumlara məruz qalıblar. Təsəvvür edin ki, bir ölkəni istila edərkən onun memarlarını, xəttatlarını, yəni yaradıcılıqla, incəsənətlə məşğul olan insanlarını ələ keçirib özlərinin mədəniyyət nümunələrini yaratmalarını istəyiblər. Biz unikal, yaradıcı xalqıq. Yaratmışıq və bəhrələniblər. Bəhrələnsinlər, oğurladıqlarını zənn etsinlər. Amma kök bizdədir və istəsələr belə onu mənimsəyə bilməzlər. Biz yaratmağa, onu yüksək səviyyədə təqdim etməyə malik xalqıq. Yaratmaqyaşatmaq bizim əsas vərdişimizdir.

 

- Bir mədəniyyətin yaşaması və özünün xüsusiyyətlərini qoruması üçün vacib faktor hansıdır?

- Dil və sənətkarlıq. Hər millətin öz mədəniyyətinin siması var. Dilimiz  kənar dillərin təsirinə düşsə də, mədəniyyətimiz öz azadəliyini qoruya bilib. Ədəbiyyatımız, memarlığımız, tətbiqi sənətimiz, yəni bütün yaradıcılıq sahələrimiz birdir, canlı orqanizm kimi vəhdətdədir.

 

- İnsanların və xalqların hər birinin öz rəngi var deyirsiniz. Xalq olaraq bizim rəngimiz yaratdığımız incəsənət nümunələrindədirsə, onun əsas çaları hansıdır?

- Yeddi ulduzun rəngi nədirsə onun bütün çalarları bizim, yəni xalq olaraq hamımızın rəngidir. Amma, təəssüf ki, bu rəng sənətdən həyatımıza hopa, köçə bilmir. Bu gün paytaxtı gəzirəm, küçə və meydanlar gözəl geyinmiş insanlarla doludur. Amma çöhrələrdə bu gözəlliyi tam görmək olmur. Axı biz bənzərsiz incəsənət nümunələri yaratmış xalqıq. Musiqimiz özü bir sevgi çələngidir...

 

- Deməli, siz də “Dünyanı gözəllik xilas edəcək” fikrinə inananlardansınız...

- Əlbəttə! Gözəl insan, bizim gözəllik və sevgidən başqa heç bir keyfiyyətimiz bizi xilas etməyəcək. Baxın, 75 yaşım var, dünyanı gəzmişəm, sənətin bir çox sahələrində araşdırmalar aparmışam və bu qənaətə gəlmişəm: yaradıcı xalqlar daim nümunədir, örnəkdir və ən əsası da hədəfdir. Ona görə də vətənimi, dövlətimi daha çox sevirəm. Bu gün mədəniyyətimiz dövlət rəhbərliyi səviyyəsində də daim sevgi ilə təbliğ olunur. Ölkədə bir-birindən maraqlı konfranslar keçirilir. Bütün bunlar dünya mədəni sferasında özünütəsdiqə hesablanmış uğurlu addımlardır.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.5.