Azərbaycanlı tarzənin ifası
Rumıniyada rəğbətlə qarşılanıb
Əməkdar artist, tarzən Sahib Paşazadə Qazaxıstanın Karaqanda şəhərinin Tattimbet adına Xalq çalğı alətləri orkestri ilə birlikdə Rumıniyanın Buxarest və Konstantsa şəhərlərində qastrolda olub.
Qazaxıstan mədəniyyətinin xaricdə tanıdılması üzrə “Ruhani Janğıru” milli proqramı çərçivəsində keçirilən qastrollar Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Qazaxıstanın Rumıniyadakı səfirliyinin dəstəyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Yunus Əmrə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Konsertlərdə dirijor Dusen Ukibayın rəhbərlik etdiyi orkestrin ifasında türk dünyasının klassik müəlliflərinin və görkəmli bəstəkarlarının əsərləri səsləndirilib. Müğənnilər Talqat İdrisov, Gülmira Tapay və Daurenbek Arkenov türk mədəniyyəti nümunələrini təqdim ediblər. Qazaxıstan və Türkiyədən olan artistlər orkestrin müşayiəti ilə çıxış ediblər.
İstedadlı tarzən Sahib
Paşazadənin məharətlə ifa etdiyi “Çahargah
rapsodiyası” rumın musiqisevərlərin qəlbini fəth edib.
Mədəniyyət.- 2019.- 7 avqust.- S.4.