“Xatırlayaq Abşeronu

 

 

Rənglər dünyasının sehrində

 

İçərişəhərdəki Müasir İncəsənət Mərkəzinin qarşısında bir canlanma vardı həmin gün. Avqust ayı olsa da, havada payız ovqatı varbu, insanların əhvalına da fərqli təsir edə bilər. Mərkəzə daxil olanda isə burada hər kəsin yüksək sənət əhvalının şahidi oluruq. Havanın qaralıb-bozarmasına baxmayaraq...

Əməkdar rəssam Rafael Muradovun “Xatırlayaq Abşeronu” adlı sərgisi ziyarətçilər tərəfindən maraqla qarşılanmışdı. Yoldan ötən turistlər də, paytaxt sakinləri də bu rəngli dünyaya qonaq idilər.

Sərginin açılışından əvvəl Rafael müəllimin sənət yoldaşları – əməkdar rəssamlar Aydın Rəcəbov, Həmzə Abdullayev, rəssam Xanlar Məmmədov onun rənglər dünyası ilə bağlı düşüncələrini bölüşdülər. Bu düşüncələr fonunda xatirələr də dilə gəldi. Unudulmaz fırça ustası Səttar Bəhlulzadə və dünyadan köçən sənətkarlar da yad edildi.

Daha sonra sərginin açılışı oldu. Qədim Abşeron, yaddaşlara hopan adət və ənənələr, milli irs, kolorittarix. Bütün bu məqamlar bir sərgidə öz əksini tapıb. Rafael müəllim deyir ki, sərgini “Xatırlayaq Abşeronu” adlandırmağı da səbəbsiz deyil. Çünki Abşeron, demək olar ki, bu gün özündə ötənlərdən çox az hissəni qoruyub saxlaya bilib. Arxitektura və ənənə baxımından Abşeron da öz görkəmini dəyişərək tarixə qovuşur. Avropaya meyillilik qədim evləri, mühitə uyğun tikililəri, dəniz qırağının özünəməxsus relyefini də dəyişir. evlər, damlar... Artıq bunlar az gözə dəyir. Həyat dəyişir, inkişaf edir. Bu gün Abşeron Səttarın lövhələrindəki Abşeron deyil, ondan sonrakı mənim fırçaya köçürdüyüm Abşerondan isə az nişanə qalıb. Bunlar da yaddaşa çevrilir. Qara daşlar əhəng daşları ilə, qır damları rəngli şiferlərlə əvəzlənir. Abşeron adət-ənənələri də tədricən dəyişməyə başlayır.

Sərgidə rəssamın 21 qrafika və 24 rəngkarlıq əsəri nümayiş olunur. Burada həm ötən əsrdə, həm də son illərdə yaranmış əsərlər sərgilənir. Qoca dərviş”, “Buzovna”, “Külək” və s. əsərlərdə bir milli özünəməxsusluğun, rənglərin dili ilə tarixə sadiqliyin şahidi oluruq. Əsərlər rəssamın yaradıcılığının müxtəlif dövrlərini əhatə etsə də, biz onlarda rəssamın səmimiyyəti və fərdi baxışlarını hiss edirik. Müəllif bu rəsmlərə Abşeron mühitini daha yaxşı dərketmə mövqeyindən yanaşıb. Qarışıq rənglərdə əsəri izləyən hər bir tamaşaçı fəlsəfi-psixoloji suallar qarşısında qalır. Abşeron təbiətinin dəyişən mənzərəsi, təbiət gözəlliyi və qeyri-adiliyi bu əsərlərdə tarixə dönüb. Bu tarixin dərinliyində gizlənən sirr isə bəlkə də yalnız rəssamın özünə bəllidir. Sərgilənən qrafika əsərlərində isə tamam başqa bir ovqat var. Bu əsərlər dərin hissemosiyalar yaratmaqla bərabər, rəssamlıq sənətinin zənginliyini və sonsuzluğunu ehtiva edir.

Yay aylarında sərgilərin, tədbirlərin az olduğu bir vaxtda belə bir xoş ovqatlı sərginin təşkili üçün Rafael Muradova təşəkkür edib, məkandan ayrılırıq. Biz salondan çıxanda isə içəriyə yeni ziyarətçilər daxil olur...

Sərgi avqustun 12-dək davam edəcək. Yay istirahətinizə rəng qatmaq üçün yolunuzu mütləq İçərişəhərdəki Müasir İncəsənət Mərkəzindən salın və Abşerona bir də rənglər dünyasından səyahət edin.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.8.